AZƏRBAYCANDA PEŞƏ MƏKTƏBLƏRİNƏ LAQEYDLİK HARADAN YARANIB?
Sonda Araşdırmaçı jurnalist kimi çox hörmətli Təhsil Naziri Emin Əmrullayev - Sizdən bir
xüsusi xahişim də, var: Bakıda yerləşən Peşə məktəbləri ilə kəndlərdə
yerləşən peşə məktəbləri arasında fərq qoymağı unutmayın. Kəndli üçün 200-300 azn
təhsil haqqı ödəmək böyük bir problemdir. Siz Prezident İlham Əliyevin apardığı
islahatlara diqqətlə nəzər yetirin. Kənd təsərrüfatına edilən güzəştlərə fikir verin.
Kəndliyə peşə ixtisasını da, yaşadığı bölgəyə uyğun seçin ki, sonra bu şagird özünə iş də tapa bilsin.
Əlmaniz Ələkbərli
Baş Redaktor
Peşə məktəbi dedikdə ilk ağıla gələn budur ki, əgər yaxşı oxuyan şagird olsaydı Ali təhsil ocaqlarına qəbul olardı. Demək ki, Peşə məktəbində yalnız Universitet və kolleclərə qəbul olunmayanlar təhsil alır? Bu barədə jurnalist kimi xeyli araşdırma apardım, şagird, müəllim, valideyn və sadə vətəndaşlarla xeyli söhbət etdim. Qərara gəldim ki, bu əsla belə deyildir. Peşə məktəblərində cəmiyyətimiz üçün çox faydalı ola biləcək övladlarımız təhsil alır.
Peşə məktəbində elə şagirdlər vardır ki, sadəcə onların fitri istedadı uşaq vaxtından aşkarlayan olmayıb. Sovetlər birliyi dövründə belə bir qurum olub və fitri istedadı olan uşaqlarla daha ciddi maraqlanıblar, onların cəmiyyətimiz üçün nə qədər xeyir verəcəklərini hələ uşaq olmalarına baxmayaraq o vaxtdan dəyərləndiriblər. Bu gün bu üsul var, məsələn Milli Muğamımız üçün yaxşı səsi olan uşaqlara xüsusi diqqət yetirilir.
Bu gün Peşə məktəbləri “Təhsil Nazirliyi Yanında Peşə Təhsili Üzrə Dövlət Agentliyinə “ tabedir. Bu agentlik və onun nəzdində olan peşə məktəbləri hansı yeniliklərə imza atıblar.
Mən əsas işimi sadə kəndlilər, onların peşə məktəbində təhsil alan imkansız övladları və bir çox ziyalılarla söhbət aparmaqla qurmağa çalışdım. Kəndlilər deyir ki, çox qəribədir, bizim övladlarımız hər hansı bir peşəyə meyillidirsə, onun peşə məktəbində təhsi alması maddi vəsait hesabına başa gəlir. Və bu bizim büdcəmizə uyğun gəlmir.
Onlar çox düzgün qeyd edirlər ki, kəndlinin illik təhsil haqqı ödəməyə imkan yoxdur, odur ki, övladını hər hansı bir usta yanına şagirdliyə verir və bir müddətdən sonra onun bəhrəsini görür. Çox düzgün və ciddi iraddır. Bu gün Şimal-Qərb bölgəsində Kombayn təmirçisi demək olar ki, yoxdur. Ancaq peşə məktəblərində heç kimə lazım olmayan, sovetlər birliyi dövründən qalma ixtisaslar hələ də qalıb. Tutaq ki, şərabçılıqla bağlı texnoloq və s. Ancaq Elektrik, rabitə montiyoru, traktorçu, bərbər, qadın saç ustası, aşpaz, ofisiant, və s. bu kimi vacib peşələrə çox böyük ehtiyac var. Nədənsə bu sahədə çalışanlar bu problemləri, çatışmazlıqları görmür vəyaxud görmək istəmirlər.
Azərbaycan Respublikası Təhsil Naziri Emin Əmrullayev cənablarına və Təhsil Nazirliyi yanında Peşə Təhsili Üzrə Dövlət Agentliyinin direktoru Pərviz Yusifova açıq suallarım var: Qax rayonunda yerləşən möhtəşəm binaya sahib olan Peşə məktəbinə niyə direktor təyin edilmir? Şəki Peşə məktəbinin direktoru həm Şəkiyə, həm də, Qax Peşə məktəbinə rəhbərlik edir. Məgər Qax peşə məktəbində direktor müavini yoxdur? Yoxdursa niyə təyin etmirsiniz? Səbəb nədir?, kadr yoxdur? Kürdəmir rayon peşə məktəbinin direktor vəzifəsini isə Beyləqan Peşə məktəbinin direktoru müvəqqəti yerinə yetirir. Səbəb?, müavinlərə nə olub? Azərbaycanda yüzlərlə gənc müəllim, Ali təhsilli gənclərimiz iş axtardığı bir vaxtda, eyni anda iki rayonda yerləşən peşə məktəbinə necə nəzarət etmək olar? Deməli burada keyfiyyətdən söhbət gedə bilməz.
Direktor müavinləri üçün imtahanlar oldu, bəs təyinat niyə yoxdur? Daha nə lazımdır ki, onlar müavin olsunlar? Elə peşə məktəbləri vardır ki, uzun illərdir müavin direktor vəzifəsini müvəqqəti icra edir, ancaq həmin məktəbə nə direktor təyin olunur, nə də ki, müavinin özünü direktor təyin edirlər. Səbəbini heç kim izah etmir. Bu gün Peşə məktəblərində direktor müavini vəzifəsi ilə yanaşı Psixoloq, Fiziki tərbiyə müəllimi və s. vəzifələri də, boşdur.
Cənab Nazir!
Bəlkə bu düyünlənmiş peşə fırıldaqlarına Siz izahat verəsiniz. Səbəb nədir ki, ölkədə bu qədər Ali təhsilli işsizin olduğu bir zamanda peşə məktəblərində vakant yerlərin sayı hədsizdir.
Cənab Nazir əgər Pərviz Yusifov bu günə qədər peşə sahəsində islahatlar aparmayıbsa, yeni ixtisaslar kənd məktəblərində tələbata uyğun gətirə bilməyibsə deməli ümid sizədir. Sizdən rayon və kəndlərdə yaşayan sadə vətəndaşların müraciətini çatdırıram. Rayonlarda Tütün əkilir, Barama yetişdirilir, mal-qaraya baxılır, bu sahələrə mütəxəssislər lazımdır.
Bəlkə Pərviz müəllimin əvəzinə Siz rayonlara mütəxəssislər göndərəsiniz və kəndlilərin də fikirlərini öyrənəsiniz. Axı bu ümumilikdə Peşə sahəsinə marağı biraz da, artıra bilər. Kənddə bütün günü bekar qalan gənc, yeniyetmə oğlan uşaqları pis vərdişlərdənsə, gedib sizin təklif etdiyiniz peşələrə yiyələnərlər. Bununla da, həm cinayətkarlıq azalar, həm də, yeni iş yerləri açılar.
Sonda Araşdırmaçı jurnalist kimi Sizdən bir xüsusi xahişim də, var: Bakıda yerləşən Peşə məktəbləri ilə kəndlərdə yerləşən peşə məktəbləri arasında fərq qoymağı unutmayın. Kəndli üçün 200-300 azn təhsil haqqı ödəmək böyük bir problemdir. Siz Prezident İlham Əliyevin apardığı islahatlara diqqətlə nəzər yetirin. Kənd təsərrüfatına edilən güzəştlərə fikir verin. Kəndliyə peşə ixtisasını da, yaşadığı bölgəyə uyğun seçin ki, sonra bu şagird özünə iş də tapa bilsin.
ƏLMANİZ ƏLƏKBƏRLİ
AZƏRBAYCAN JURNALİSTLƏR VƏ
YAZIÇILAR BİRLİYİNİN ÜZVÜ.