Ermənistan “Düz yola gəlin” mesajına əməl etməməklə nəticəsi...
Prezident İlham Əliyev: “Ermənistan bununla hesablaşmalıdır və istəsə də, istəməsə də yeni reallıqları qəbul etməlidir. Heç vaxt unutmamalıdır ki, dəmir yumruq yerindədir”
Prezident İlham Əliyev çıxışlarında dəfələrlə bildirib ki, Azərbaycan özünə, millətinə, azərbaycançılığa həmişə hörmətlə yanaşıb: “Amma mən demişdim ki, biz özümüzü onlar kimi apara bilmərik, biz azərbaycanlıyıq, biz özümüzə hörmət edən xalqıq. Biz döyüş meydanında düşməni çökdürdük. Döyüş meydanında düşmənə elə dərs verdik ki, onlar bu günə qədər bu dərsdən özlərinə gələ bilmirlər...Biz bütün dünyaya gücümüzü göstərdik. Göstərdik ki, heç kim bizim iradəmizin qabağında dura bilməz. Eyni zamanda, məsuliyyət göstərdik, ədalət göstərdik, Ermənistan ərazisinə girmədik. Baxmayaraq ki, Ermənistan ərazisindən bizə qarşı namərd atəşlə törədilən hərbi cinayət nəticəsində onlarla mülki şəxs həlak oldu, şəhərlərimiz bombalandı. Biz Ermənistan ərazisinə keçmədik”.
Qeyd edək ki, ermənilərin özləri də bunu gözəl bilir ki, vaxtı ilə Azərbaycan Prezidentinin “düz yola gəlin” mesajına əməl etməməyin acısı belə olmalı idi – məğlubiyyət!
“Bu gün Ermənistanın siyasi gündəliyini müəyyən dərəcədə biz formalaşdırırıq və bu, həqiqətdir”
Prezident İlham Əliyev iyulun 22-də Qərb bölgələrinə səfər edərək, bir sıra sosial obyektlərin açılışını etdikdən sonra Azərbaycan Televiziyasına müsahibəsində səfərlə bağlı təəssüratlarının çox müsbət olduğunu və rayonda böyük işlərin həyata keçirildiyini bildirməklə yanaşı, erməni faşizminin ən eybəcər, ən qəddar faşizm olduğunu, mina xəritələrini verməməklə növbəti hərbi cinayət etdiklərini və digər sualları cavablandırıb. “Avropa İttifaqı, Amerika Birləşmiş Ştatları, qonşu ölkələr - Türkiyə, İran, Gürcüstan, müsəlman aləmi, Qoşulmama Hərəkatı ilə təmaslarımız müsbət məcrada inkişaf edir. Bu gün Ermənistanın siyasi gündəliyini müəyyən dərəcədə biz formalaşdırırıq və bu, həqiqətdir. Ermənistan bizim gündəliyimizin 0,1 faizini də formalaşdıra bilməz, amma biz Ermənistanın müəyyən siyasi gündəliyini formalaşdırırıq və getdikcə bizim imkanlarımız daha da genişlənəcək”,-deyən dövlət başçısı bildirib ki, biz yeni reallıq yaratmışıq, təkcə Qarabağ zonasında yox: “Biz siyasi leksikona “Zəngəzur dəhlizi” sözünü daxil etmişik. Nəinki regionun, dünyanın aparıcı kütləvi informasiya vasitələri Zəngəzur dəhlizi haqqında danışırlar, yazırlar. Nə üçün? Biz bunu daxil etmişik, müntəzəm səylərlə, artıq bu reallıqdır. Biz Ermənistana gündəlik göndərmişik - sülh müqaviləsi. Qoy desin ki, istəmir, qoy desin ki, imtina edir. Mən bunu dəfələrlə demişəm, deyirəm: Biz hazırıq, danışıqlara başlayaq. Müharibə qurtarıb? Qurtarıb. Sülh istəyirsən, Ermənistan? İstəyirsən elə bil ki. Onda nə üçün sülh müqaviləsi imzalanmasın? Tanı bizim ərazi bütövlüyümüzü, sülh müqaviləsi imzalansın, sərhədlərin delimitasiyası həll olunsun. Bu məsələ ilə bağlı, baxın, bizim gündəliyimiz Avropa İttifaqının gündəliyi ilə, Türkiyənin, Rusiyanın gündəliyi ilə vəhdət təşkil edir. Onlar da deyirlər ki, delimitasiya üzrə iş aparılmalıdır, biz də deyirik. Ermənistan nə deyir? Deyir ki, yox, qoy, Azərbaycan bizim torpaqlarımızdan çıxsın. Biz öz torpağımızdayıq. Biz yeni reallıq yaratmışıq, təkcə Qarabağ zonasında yox. Yeni gündəliyi formalaşdıraraq artıq status məsələsi də qaldı kənarda, Dağlıq Qarabağ sözü də işlədilmir. Buna nail olmaq lazım idi”.
Azərbaycan Prezidenti qeyd edib ki, bu, cəsarət, qətiyyət, düzgün addımlar, hücum siyasətimiz nəticəsində mümkün olub. Ermənistan bununla hesablaşmalıdır və istəsə də, istəməsə də yeni reallıqları qəbul etməlidir. Heç vaxt unutmamalıdır ki, dəmir yumruq yerindədir.
“Müharibədən ən çox əziyyət çəkən ölkə Azərbaycandır, amma pulu Ermənistana verirlər”
Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində Avropa İttifaqının Ermənistana 2,6 milyard avro, Gürcüstana 2,3 milyard avro vəsait ayırmasına, Azərbaycana isə heç bir vəsait ayrılmamasına münasibət bildirib. Dövlət başçısı bu mövqeyi ədalətsiz adlandıraraq deyib: “Azərbaycana gəldikdə, 150 milyon avro rəqəmi səsləndirildi, amma konkret bizə deyilmədi bu, nə rəqəmdir və nə vaxt veriləcək, verilməyəcək, bunun şərtləri nədir? Əlbəttə, mən hesab edirəm ki, bu, ədalətsiz mövqedir. Çünki Azərbaycan Cənubi Qafqazın ən böyük ölkəsidir həm ərazisi, həm əhalisi, həm də potensialı baxımından. Bu günə qədər Cənubi Qafqaz ölkələrinə belə böyük məbləğdə vəsait verilmirdi. Yəni bu, onu göstərir ki, bu vəsait məhz müharibədən sonra verilir. Yəni, bu vəsaitin verilməsinin səbəbi müharibədir. Əks təqdirdə, 30 il bundan əvvəl verəydilər, niyə məhz indi verirlər? Əgər belədirsə, onda müharibədən ən çox əziyyət çəkən ölkə Azərbaycandır. Azərbaycana bu vəsait verilməlidir”.
Azərbaycan Prezidenti qeyd edib ki, 10 min kvadratkilometr ərazi tamamilə dağıdılıb, erməni vandalları tərəfindən məhv edilib. 100 minlərlə mina döşənilib və bütün binalar, tarixi binalar, bütün infrastruktur məhv edilib: «Amma pulu verirlər Ermənistana. Ermənistanda bir dağıntı var? Yoxdur. Mina döşəmişik orada? Yox. Bu qədər işğaldan əziyyət çəkən ölkə olub? Yox. Əlbəttə bu, ədalətsizdir. Bu məsələ ilə də bağlı əlbəttə, fikir mübadiləsi oldu. Cavab elə oldu ki, Azərbaycana elə bil ki, vəsait lazım deyil. Birincisi, bizə heç kim təklif etməyib, bizə təklif edin, mən deyərəm, bizə lazımdır, yoxsa yox. Amma bizə heç kim təklif etmədiyi halda deyirlər ki, Azərbaycana vəsait lazım deyil. Bəs azad edilmiş torpaqları biz bərpa edəsi deyilik? Milyardlarla dollar vəsait lazımdır, o, göydən düşür? Azərbaycan şəffaf bir ölkədir. Maliyyə resursları da bəllidir. Bəli, biz özümüzü təmin edən ölkəyik. Amma əgər bizə də Ermənistan kimi qrant olaraq vəsait verilsə, biz heç vaxt imtina etmərik”.
“Biz həm müharibə dövründə, həm postmüharibə dövründə istədiyimizə nail olmuşuq və nail oluruq”
“Biz həm müharibə dövründə, həm postmüharibə dövründə istədiyimizə nail olmuşuq və nail oluruq. Mənim həm müharibədən əvvəl, həm müharibə zamanı, həm müharibədən sonra gələcək addımlarla bağlı çox dəqiq təsəvvürüm var və bilirəm nə etməliyik, nə vaxt etməliyik, necə etməliyik. Bütün sahələrdə olduğu kimi, bu sahədə də konseptual yanaşma ortadadır. Qısamüddətli, ortamüddətli, uzunmüddətli hədəflər müəyyən olunub»,-deyən Aəzərbaycan Prezidenti söyləyib ki, biz bilirik, biz nə istəyirik, indi nə istəyirik, nəyə nail ola bilərik və buna biz necə nail ola bilərik: «Əlbəttə ki, bütün bu hədəflər bəyan edilməyib, çünki bu, hələ tezdir. Ancaq biz bilirik, biz nə istəyirik, indi nə istəyirik, nəyə nail ola bilərik və buna biz necə nail ola bilərik. Bütün addımlarımızı buna uyğun şəkildə atırıq və deyə bilərəm ki, bu 8 ay bizim ssenari əsasında keçir. Çünki postmüharibə dövrü müharibə dövrü qədər çətin olmasa da, çox qeyri-müəyyən bir dövr idi, çünki kim bilə bilərdi ki, proseslər necə inkişaf edəcək. Çünki müharibə dövründə bəzi ölkələr bizə qarşı açıq-aydın hərəkətə keçmişdilər, bizi əsassız ittiham edirdilər, bizi hədələyirdilər, sanksiyalarla hədələyirdilər, bu məsələni BMT Təhlükəsizlik Şurasına çıxarmağa çalışırdılar. Bütün bunlar anti-Azərbaycan ssenarisinin tərkib hissəsidir və biz bunu da unutmamışıq”.
Azərbaycan Prezident vurğulayıb ki, postmüharibə dövründə biz cəld tərpəndik, fəallıq göstərdik, öz gündəliyimizi qəbul etdirdik və indi bu gündəlik əsasında işlər gedir. Həm Rusiya sülhməramlı qüvvələrinin nəzarəti altında olan ərazilərdə, həm onun ətrafında, həm siyasi müstəvidə, həm Ermənistan-Azərbaycan sərhədində biz öz gündəliyimizi qəbul etdirdik və heç bir addım təsadüfi olmayıb.
Hər bir addımın düşünülmüş proqram üzərində olduğunu bildirən Prezident İlham Əliyev deyib: “Postmüharibə dövrü haqqında, bizim atacağımız addımlar haqqında mən müharibə zamanı fikirləşirdim. Mən tam əmin idim ki, biz qələbə çalacağıq. Tam əmin idim və deyirdim ki, heç kim bizi dayandıra bilməz, heç bir qüvvə bizi dayandıra bilməz. Öldü var, döndü yoxdur. Ancaq postmüharibə dövrü də çox böyük çağırışlarla doludur və biz bunu məharətlə keçirik. Deyə bilərəm ki, postmüharibə dövrünün gündəliyini böyük dərəcədə biz tərtib edirik”.
“Mənim cənab Putinlə çox yaxın əlaqələrim var, biz bir-birinə inanan siyasətçilərik»
“Rusiya Prezidentinin dəvəti ilə mən növbəti dəfə Rusiyaya səfər etmişəm və səfər zamanı çox geniş fikir mübadiləsi aparıldı - ilk növbədə, ikitərəfli məsələlərlə bağlı və əlbəttə, postmünaqişə vəziyyəti ilə bağlı”. Bu barədə Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində bildirib.
Dövlətimizin başçısı deyib: “İkitərəfli münasibətlərə gəldikdə, bildiyiniz kimi, Rusiya və Azərbaycan strateji tərəfdaşlardır və bu, sadəcə olaraq, söz deyil. Real həyatda da biz strateji tərəfdaşıq, çünki uzunmüddətli strateji əməkdaşlıq perspektivləri ilə bağlı fikir ayrılığı yoxdur. Bizim aramızda çox möhkəm dostluq əlaqələri var və şəxsən mənim cənab Putinlə çox yaxın əlaqələrim var, biz bir-birinə inanan siyasətçilərik. Bu, çox önəmlidir və bu səfər zamanı ikitərəfli məsələlərin gündəliyi müzakirə olundu”.
“Zəngəzur dəhlizini və postmünaqişə dövrünü müzakirə etdik. Bizim yanaşmamızda fikir ayrılığı yoxdur”
Azərbaycan Prezidenti qeyd edib ki, hazırda yeddi yol xəritəsi üzərində işləyirik. Hər bir yol xəritəsi konkret sahəyə aiddir. Hər bir sahə üzrə də yaxşı nəticələr var. Bu dəfə daha çox ticarət, iqtisadi, nəqliyyat, humanitar məsələləri müzakirə etdik. “Nəqliyyat məsələlərinə gəldikdə, əlbəttə ki, həm əvvəlki dövrdə razılaşdırılmış məsələləri, “Şimal-Cənub” nəqliyyat dəhlizini, perspektivlərini, eyni zamanda, müharibədən sonra yaranmış vəziyyəti, o cümlədən Zəngəzur dəhlizini və postmünaqişə dövrünü müzakirə etdik. Bizim yanaşmamızda fikir ayrılığı yoxdur. Biz - Rusiya və Azərbaycan hesab edirik ki, müharibə başa çatıb, münaqişə başa çatıb. Ermənistanda heç bir revanşist meyillərə yol verilməməlidir və bundan sonra bölgədə sülh olmalıdır. Müharibə riskləri minimuma endirilməlidir və aradan qaldırılmalıdır. Burada bizim aramızda heç bir fikir ayrılığı yoxdur, biz də eyni fikirdəyik. Zəngəzur dəhlizinə gəldikdə, mən cənab Putinə bildirdim ki, bizdə olan məlumata görə, Ermənistan bu məsələ ilə bağlı yenə də özünü səmimi aparmır. Fikir vermisinizsə, mən cənab Şarl Mişellə mətbuat konfransında dedim ki, bütün yollar paralel şəkildə açılmalıdır və selektiv yanaşma olmamalıdır, yəni ayrı-seçkilik olmamalıdır. Amma biz görürük ki, Ermənistan burada da növbəti dəfə hansısa oyun oynamaq istəyir”.
“Bizim Zəfərimiz Ermənistanın bütün ideoloji sütunlarını darmadağın edib”
Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində bildirib ki, Ermənistanın məyusluğu davam edəcək: «Çünki görünür ki, onlar hələ də müharibədən tam nəticə çıxarmayıblar. Çünki onların bəzi yersiz bəyanatları, addımları onu göstərir ki, onlar hələ nəticə çıxarmalıdırlar. İkinci Qarabağ müharibəsini unutmamalıdırlar. Şarl Mişel İrəvanda olarkən sərhəd ərazilərini mübahisəli ərazilər adlandırdı. Sözün düzü, mən də bu ifadə ilə razı deyiləm. Çünki biz hesab edirik ki, bu, bizim ərazilərdir. Mən hesab edirəm ki, bu, Zəngəzur ərazisidir. Zəngəzur isə bizim dədə-baba torpağımızdır və biz öz ərazimizdəyik».
Bu məsələnin Şarl Mişelin Azərbaycana səfəri zamanı müzakirə olunduğunu diqqətə çatdıran dövlətimizin başçısı deyib: «Mən izah etməyə çalışdım ki, biz öz sərhədimizə çıxmışıq. Nə üçün may ayında çıxmışıq? Çünki qar əridi. Qar idi, iki-üç metrlik qar idi. Ora çıxmaq mümkün deyildi. Qar əriyəndən sonra biz çıxdıq, lazım bildiyimiz nöqtələri götürdük və orada yerləşdik, orada möhkəmlənirik və möhkəmlənəcəyik. Ona görə Ermənistanın, əlbəttə, məyus olması ondan irəli gəlir ki, onlar yenə də xülyalarla yaşayırlar. Onlar postmüharibə reallıqları ilə barışa bilmirlər. Hesab edirəm ki, burada psixoloji amil da öz rolunu oynayır. Yəqin onlara vaxt lazımdır ki, psixoloji nöqteyi-nəzərdən yeni reallığa öyrəşsinlər. Çünki bizim Zəfərimiz onların bütün ideoloji sütunlarını darmadağın edib».
Azərbaycan Prezidenti deyib ki, ermənilər 30 il ərzində özləri haqqında olmazın yalanlarını uydururdular. Dünyaya qəbul etdirməyə çalışırdılar ki, guya onların müzəffər ordusu var, yenilməz ordusu var, erməni xalqı döyüşkən xalqdır, erməni ordusu ən güclü ordudur: «Bəs nə oldu? Məhv etdik, darmadağın etdik, 44 gün ərzində yox etdik. Göstərdik ki, Azərbaycan xalqı müzəffər xalqdır. Göstərdik ki, onların bütün təbliğatı mifdir, mifologiyadır. Göstərdik ki, Birinci Qarabağ müharibəsində onlar xarici dəstək hesabına üstünlük qazanmışlar. Bu, heç kimə sirr deyil. Əlbəttə, mən başa düşürəm ki, bunu dərk etmək, bu reallıqla yaşamaq, buna öyrəşmək asan məsələ deyil. Ona görə biz bu psixoloji durumu nəzərə almalıyıq. Ancaq bununla bərabər deməliyəm ki, Ermənistan əvvəlki səhvləri buraxmamalıdır. Çünki onların yersiz və qəbuledilməz addımları, bəyanatları onlara çox baha başa gəldi. İkinci Qarabağ müharibəsi onu göstərdi. Ona görə boş-boşuna havanı silkələmək lazım deyil.
“Ermənistan bununla hesablaşmalıdır və istəsə də, istəməsə də yeni reallıqları qəbul etməlidir”
Azərbaycan Prezidenti bildirib ki, biz Ermənistana gündəlik göndərmişik - sülh müqaviləsi: “Qoy desin ki, istəmir, qoy desin ki, imtina edir. Mən bunu dəfələrlə demişəm, deyirəm: Biz hazırıq, danışıqlara başlayaq. Müharibə qurtarıb? Qurtarıb. Sülh istəyirsən, Ermənistan? İstəyirsən elə bil ki. Onda nə üçün sülh müqaviləsi imzalanmasın? Tanı bizim ərazi bütövlüyümüzü, sülh müqaviləsi imzalansın, sərhədlərin delimitasiyası həll olunsun. Bu məsələ ilə bağlı, baxın, bizim gündəliyimiz Avropa İttifaqının gündəliyi ilə, Türkiyənin, Rusiyanın gündəliyi ilə vəhdət təşkil edir. Onlar da deyirlər ki, delimitasiya üzrə iş aparılmalıdır, biz də deyirik. Ermənistan nə deyir? Deyir ki, yox, qoy, Azərbaycan bizim torpaqlarımızdan çıxsın. Biz öz torpağımızdayıq. Biz yeni reallıq yaratmışıq, təkcə Qarabağ zonasında yox. Yeni gündəliyi formalaşdıraraq artıq status məsələsi də qaldı kənarda, Dağlıq Qarabağ sözü də işlədilmir. Buna nail olmaq lazım idi”. Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində postmünaqişə dövrünün hədəfləri barədə danışarkən söyləyib ki, əlbəttə ki, bütün bu hədəflər bəyan edilməyib, çünki bu, hələ tezdir: «Ancaq biz bilirik, biz nə istəyirik, indi nə istəyirik, nəyə nail ola bilərik və buna biz necə nail ola bilərik. Bütün addımlarımızı buna uyğun şəkildə atırıq və deyə bilərəm ki, bu 8 ay bizim ssenari əsasında keçir. Çünki postmüharibə dövrü müharibə dövrü qədər çətin olmasa da, çox qeyri-müəyyən bir dövr idi, çünki kim bilə bilərdi ki, proseslər necə inkişaf edəcək. Çünki müharibə dövründə bəzi ölkələr bizə qarşı açıq-aydın hərəkətə keçmişdilər, bizi əsassız ittiham edirdilər, bizi hədələyirdilər, sanksiyalarla hədələyirdilər, bu məsələni BMT Təhlükəsizlik Şurasına çıxarmağa çalışırdılar. Bütün bunlar anti-Azərbaycan ssenarisinin tərkib hissəsidir və biz bunu da unutmamışıq».
Azərbaycan Prezidenti vurğulayıb ki, postmüharibə dövründə biz cəld tərpəndik, fəallıq göstərdik, öz gündəliyimizi qəbul etdirdik və indi bu gündəlik əsasında işlər gedir. Həm Rusiya sülhməramlı qüvvələrinin nəzarəti altında olan ərazilərdə, həm onun ətrafında, həm siyasi müstəvidə, həm Ermənistan-Azərbaycan sərhədində biz öz gündəliyimizi qəbul etdirdik və heç bir addım təsadüfi olmayıb.
Hər bir addımın düşünülmüş proqram üzərində olduğunu bildirən Prezident İlham Əliyev deyib: “Postmüharibə dövrü haqqında, bizim atacağımız addımlar haqqında mən müharibə zamanı fikirləşirdim. Mən tam əmin idim ki, biz qələbə çalacağıq. Tam əmin idim və deyirdim ki, heç kim bizi dayandıra bilməz, heç bir qüvvə bizi dayandıra bilməz. Öldü var, döndü yoxdur. Ancaq postmüharibə dövrü də çox böyük çağırışlarla doludur və biz bunu məharətlə keçirik. Deyə bilərəm ki, postmüharibə dövrünün gündəliyini böyük dərəcədə biz tərtib edirik».
“25 min insan üçün status yaratmaq hansı məntiqə sığır?”
Azərbayan Prezidenti Ermənistan və onun havadarlarının status məsələsinə aydınlıq gətirərək bildirib ki, «25 min insan üçün status yaratmaq hansı məntiqə sığır?: «Bu, süni şəkildə Azərbaycanın içində daim bir münaqişə ocağı yaratmaq üçün sovet hökuməti tərəfindən ortalığa atılmış təxribat idi. Bizim tarixi torpağımızda Dağlıq Qarabağ Muxtar Vilayətini yaratmaq, bir kəndi - Xankəndini, hansı ki, kənd idi, onu oranın mərkəzi etmək və cəllad Şaumyanın adını vermək Azərbaycan xalqına qarşı çox mənfi bir addım idi. Bizim üçün təhqir idi».
Dövlətimizin başçısı qeyd edib ki, tarix hər şeyi yerinə qoyub: «Ancaq statusa gəldikdə, bu gün orada 25 min adam yaşayır. Orada gedən proseslərlə bağlı bizim məlumatımız kifayət qədər böyükdür, çoxşaxəlidir. Biz əvvəllər də, müharibədən əvvəl də bilirdik orada nələr baş verir. Əlbəttə, indi də bilirik, çünki onlar bizim ayağımızın altındadır. Orada yaşayanların real sayı 25 mindir. Başqa rəqəmlər də səsləndirilib ki, müharibədən sonra oraya 50 mindən çox adam qayıdıb, ola bilər, ancaq qayıdan o demək deyil ki, orada qalır. Qayıdıb, sonra çıxıb gedib, geri dönüb. İkincisi, bizim müxtəlif texniki vasitələrimiz, peykimiz var. Biz oradakı maşınların sayını bilirik. Biz insanların hərəkətini görürük. Necə deyərlər, digər obyektiv vasitələr var ki, onları əsas götürüb, dəqiq bilirik orada nə qədər adam yaşayır - 25 min maksimum. Biz gündəlik monitorinq aparırıq, neçə maşın girib Laçın dəhlizinə, neçə maşın çıxıb. Eyni zamanda, biz xaricdən gələn maşınları da görürük və demişik ki, buna son qoyulmalıdır, bu, yaxşı deyil, bu, bizim ərazimizdir. Bizim icazəmiz olmadan xarici maşın necə girə bilər ora. Bir də əgər kimsə hesab edir ki, biz bunu görmürük, səhv edir. Bəzi hallarda o maşınlara erməni nömrələri yapışdırılır. Ancaq biz oradayıq, biz dəhlizdəyik. Biz hər şeyi görürük, Xankəndini də, dəhlizi də. Ona görə buna da son qoyulmalıdır. Oradan gündəlik çıxan maşınların sayı girən maşınlardan xeyli çoxdur. 25 min insan üçün status yaratmaq hansı məntiqə sığır?”.
“Şarl Mişelin status, Dağlıq Qarabağ sözlərini işlətməməsi çox müdrik bir addım idi”
“Şarl Mişelin status, Dağlıq Qarabağ sözlərini işlətməməsi, əlbəttə, çox müdrik bir addım idi. Bu, dövlət xadiminin addımı idi. Biz bunu qiymətləndiririk və Ermənistan da bundan nəticə çıxarmalıdır. Nə status var, nə Dağlıq Qarabağ”.
Bu fikirləri Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində bildirib. Dövlətimizin başçısı qeyd edib ki, Dağlıq Qarabağ Muxtar Vilayəti 1923-cü il iyulun 7-də süni qurum kimi yaradılmışdı. Sadəcə olaraq, o vaxt sovet hökumətində təmsil olunan ermənilər demək olar ki, bu qanunsuz və heç bir əsası olmayan qərarı qəbul etdilər və əlbəttə, Sovet Azərbaycanı o vaxt məcbur olub bununla razılaşıb, barışıb. Heç bizi soruşan da yox idi. Azərbaycan parlamenti müstəqillik bərpa olunandan bir ay sonra - 1991-ci ilin noyabrında Dağlıq Qarabağ Muxtar Vilayətini ləğv edib. Bu hamısı sənədlərdir, özü də qanuni şəkildə ləğv edib.
Bundan sonra nə üçün Dağlıq Qarabağ sözündən istifadə olunduğunu izah edən Prezident İlham Əliyev deyib: «Münaqişəyə görə. Beynəlxalq sənədlərdə də, ondan sonra danışıqlar masasında da, mən şəxsən özüm dəfələrlə Dağlıq Qarabağ sözünü işlətmişəm münaqişə ilə bağlı, ərazi ilə bağlı yox. Onu da bildirməliyəm ki, hər dəfə münaqişə ilə bağlı mən hansısa məsələyə toxunanda həmişə deyirdim Ermənistan-Azərbaycan Dağlıq Qarabağ. Heç vaxt Ermənistan-Azərbaycan demədən Dağlıq Qarabağ münaqişəsi sözünü işlətməmişəm. Bunun da səbəbi var, elə-belə deyil. Müharibə başa çatandan, münaqişə öz həllini tapandan sonra, əlbəttə, Dağlıq Qarabağdan danışmaq yersizdir. Ona görə mən demişəm ki, Azərbaycanda belə bir ərazi vahidi yoxdur. Əgər bu söz kiminsə xoşuna gəlirsə, mən etiraz etmirəm, getsinlər öz ölkələrində Dağlıq Qarabağ adlı bir vilayət yaratsınlar, yaxud da ki, bir rayon adlandırsınlar, ya cümhuriyyət yaratsınlar, onların işidir. Yəni, Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı inzibati ərazi yoxdur və Şarl Mişelin bu sözləri işlətməməsi, əlbəttə ki, bizim mövqeyimizə göstərdiyi hörmətin əlaməti kimi qəbul edilməlidir. Status məsələsi də, həmçinin. Mən müharibə başa çatandan sonra noyabrın 10-da statusun yerini göstərmişdim. O, hələ oradadır və orada qalacaq yana-yana, əbədi. Ona görə bu məsələ ilə də bağlı başqa fikir ola bilməz».
Göründüyü kimi, Azərbaycan sübut edir ki, o, təkcə haqlı deyil, həm də güclüdür. Azərbaycanın İkinci Qarabağ müharibəsindən sonra kapitulyasiyaya məcbur etdiyi Ermənistanla yanaşı, onun havadarlarına qarşı da gərgin siyasi və diplomatik mübarizəsi davam edir. Azərbaycanın regionda müharibədən sonrakı dövr üçün müəyyənləşdirdiyi yeni geosiyasi reallığın şərtləri bölgə və qonşu ölkələrlə yanaşı, əksər aparıcı dünya dövlətləri tərəfindən də qəbul edilir və dəstəklənir. Yalnız Ermənistan regionda sülh, təhlükəsizlik və sabitlik şəraitində geniş iqtisadi inkişaf prosesini təmin edəcək yeni şərtləri qəbul etməyərək kortəbii israr göstərir. Və bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin səsləndirdiyi açıq mətnli mesajlardan Ermənistan çox yaxşı anlayır ki, bu, 44 günlük Vətən müharibəsindən sonra “dəmir yumruğ”un onlara verdiyi son və həlledici şansdır. Həm siyasi, həm də həqiqi mənada qaynar qazanı xatırladan Ermənistandan fərqli olaraq, qalib Azərbaycanda işğaldan azad edilmiş ərazilər də daxil olmaqla, quruculuq və inkişaf prosesi davam etməkdədir.
Və sonda dövlət başçımızın sonda Azərbaycan Televiziyasına müsahibəsində dediyi fikirləri bir daha vermək istərdim: «Biz yeni reallıq yaratmışıq, təkcə Qarabağ zonasında yox. Yeni gündəliyi formalaşdıraraq artıq status məsələsi də qaldı kənarda, Dağlıq Qarabağ sözü də işlədilmir. Buna nail olmaq lazım idi. Özü-özünə yaranan məsələlər deyil, göydəndüşmə deyil. Nəyə görə? Cəsarət, qətiyyət, düzgün addımlar, hücum siyasətimiz. Əvvəllər mən deyirdim hücum diplomatiyası, o yerindədir, amma indi bütünlükdə hücum siyasətimiz. Budur və Ermənistan bununla hesablaşmalıdır, yeni reallıqları qəbul etməlidir - istəsə də, istəməsə də. Heç vaxt unutmamalıdır ki, dəmir yumruq yerindədir».
Bir sözlə, bu gün artıq Azərbaycan yeni reallıq yaratdı, Ermənistanın kapitulyasiyası oldu. Bəli, sentyabrın 27-də Ermənistanın törətdiyi təxribata atekvat cavabı olaraq Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan Ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi, Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Sübut edildi ki, Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!
RƏFİQƏ KAMALQIZI