“Ümumiyyətlə, piylənməyə səbəb olan qidalar və piylənməyə səbəb olan amillərdən danışarkən əsas odur ki, qəbul etdiyimiz qidaları düzgün şəkildə enerjiyə çevirmədikdə bu piylənmə ilə nəticələnir. Ümumiyyətlə, qadınlar daha çox piylənməyə meyllidir və burada yaş faktoru da özünü göstərir ki, 25 yaşdan sonra qadınlar artıq daha çox piylənməyə məruz qalır”. Bu sözləri Diasor info-ya açıqlamasında sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyib.
Onun sözlərinə görə, bu məsələyə diqqətlə yanaşmaq lazımdır: “Mütləq şəkildə bəzi qidalar var ki, qidaları və düzgün miqdarlarda qəbul etməliyik. Əgər həmin gün az fiziki hərəkətli olacağıqsa, və yaxud da ki, idman etməyəcəyiksə, həmin qəbul etdiyimiz enerjini çevirməyəcəyiksə, bu mütləq şəkildə yağa çevriləcək. Eyni zamanda da kolori miqdarına da diqqət etməliyik və daha sonra yağlanmaya səbəb az hərəkətlilikdir, ondan başqa da bəzən hormonal pozulmalar da piylənməyə səbəb olur. Mütləq buna da diqqət etmək lazımdır”.
Məhsəti Hüseynova sözlərinə belə davam edib: “Bəzən də endokrinoloji problemlər olur. Dediyimiz kimi, bu hormonal, insulin dirənci ola bilər ki, bu halda da piylənməyə səbəb olur. Bir çox hallarda psixoloji vəziyyəti düzgün olmayanda həddindən artıq dayanmadan rejimsiz balanslaşdırılmamış qida qəbulu olur ki, bu da piylənməyə səbəb olur. Bəzən olur ki, qadınlarda, xüsusilə hamiləlikdə və yaxud laktasiya dövründə bir çox hallarda yenə də qida rejimi yaddan çıxır və fərqli inanclara görə tutaq ki, “laktasiya dövründə süd gətirəcək filan qidanı qəbul elə, hamiləlikdə 2 nəfərin yerinə yeyək” kimi inanclarla daha çox qida qəbulu da piylənməyə səbəb olur”.
“Başqa bir səbəb isə stress faktoru, yuxusuzluq və yorğunluqdur. Bu hallarda da yenə düzgün şəkildə qidalanma olmadıqda piylənməyə gətirib çıxarır. Piylənmədən qorunmaq üçün nə etmək lazımdır? Mütləq şəkildə birinci yuxumuzu, fiziki aktivliyimizi və qidalanmamızı balanslı şəkildə həyata keçirməliyik. “Fast-food” qidalardan uzaq durmalı, un və un məmulatlarında miqdarı keçməməliyik. Yaxşı olar ki, buna şirniyyatlar da daxil olaraq tortlar və yaxud paketlənmiş şirniyyat məhsulları, şokolad, peçenyelər və s. daxildir ki, bu məhsullardan uzaq durmaq lazımdır. Qazlı, rəngli içkiləri rasiondan çıxarmaq daha faydalı olar”.
“Eyni zamanda, axşam saatlarında yeməyimizə diqqət etməliyik. Bəzən olur ki, gün ərzində az qidalanırlar və yaxud səhər heç qidalanmır, günorta yüngül atışdırmalıq və axşam birdən-birə çox qida qəbulu da piylənməyə səbəb olur. Bu ən təhlükəlisidir. Çünki bu artıq bəzən gözlə görünməyən piylənmə də ola bilər. Bu daxili orqanların piylənməsidir ki, sonradan xəstəliklərə səbəb olur. Mütləq bu hallara da diqqət etmək lazımdır. Daxili orqanların piylənməsi artıq həyati təhlükələrə gətirib çıxarır. Biz mütləq şəkildə piylənməni, ümumiyyətlə, bədənimizin normal çəkisini saxlamaq üçün ideal çəkimizin nə olmağını təxmin etməliyik. Təbii ki, burda biz artıq sümük çəkisini də hesablaya bilərik”.
“Daha sonra əsas piylənmə qarında yığılan qarın ətrafı, bel ətrafı yığılan piylənmədir ki, bu da artıq təhlükədən xəbər verir. Mütləq şəkildə biz bilməliyik ki, təxmini burda da bel ətrafı hesablamalarla bilirik ki əgər normadan artıqdırsa, o zaman da yenə bədəndə artıq piylənmənin getdiyinin şahidi oluruq. Bu hallara da diqqət etməliyik. Yəni gözlə görünən amillər də var və daxili orqanlarda təbii ki, bu dediyimiz qidalanma rejimi pozulanda artıq xəstəliklərə səbəb olur. Xəstəliklər də saymaqla bitməz. Buna bütün orqanların funksiyasının azalması, şəkərli diabet, insult, infarkt, ürək - damar xəstəliklərini saysaq, onurğa sütununda problemlər, mərkəzi beyin sisteminin problemləri, yəni piylənmə bir çox xəstəliklərə səbəb olur”.
Ayşən Vəli