Azərbaycanla Türkiyə arasında hərbi sahədə əməkdaşlığın yeni mərhələsi inkişaf edir. Dünyada baş verən proseslər fonunda hərbi əməkdaşlığın daha intensiv şəkil alması həm də Cənubi Qafqaz regionu üçün mühüm əhəmiyyət kəsb edir.
Bu barədə “Kaspi” qazetində məqalə dərc olunub.
Xüsusilə, Vətən müharibəsindən sonra bölgədəki sabitliyi təmin etmək üçün Azərbaycan həm ikitərəfli, həm də çoxtərəfli siyasi, iqtisadi, o cümlədən hərbi cəhətdən münasibətlərin inkişafında maraqlıdır. Bu məsələdə ölkə rəhbərliyinin də iradəsi özünü göstərir. Belə ki, Ali Baş Komandan İlham Əliyevin müvafiq tapşırığına əsasən, Müdafiə Nazirliyi Türkiyənin Milli Müdafiə Nazirliyi ilə qurduğu əməkdaşlıq çərçivəsində ilboyu birgə hərbi təlimlər keçirilir. Məqsəd isə Azərbaycan ordusunun döyüş qabiliyyətini artırmağa, yeni təcrübənin tətbiqinə və döyüş uzlaşmasının təkmilləşdirilməsinə, o cümlədən komandirlərin hərbi qərar qəbuletmə və bölmələri idarəetmə bacarıqlarının inkişaf etdirilməsinə yönəldilib.