Azər Süleymanov: "Üç qardaş - 2021" beynəlxalq təlimləri mövcud dostluğun daha bir ifadəsidir"
"Müasir dünyada üçtərəfli Azərbaycan-Türkiyə-Pakistan arası əməkdaşlıq platforması ölkələr arasında münasibətlərin daha da dərinləşməsinə və inkişafına töhfədir. Hər üç ölkə rəhbərliyi tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq mövcud münasibətlər keyfiyyətcə yeni müstəviyə keçib. Qarşılıqlı etimad, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan Türkiyə və Pakistan əlaqələri müasir dövrümüzdə daha da möhkəmlənir. Hər üç dövlət qardaş və müttəfiq ölkələrdir və dövlətlərarası münasibətlərdə xüsusi rol oynayan dostluq, qardaşlıq münasibətləri strateji tərəfdaşlıq əlaqələrinin gücləndirilməsinə müsbət təsirini göstərir. Bakıda Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin nümayəndələrinin iştirakı ilə keçirilən "Üç qardaş-2021" beynəlxalq təlimi ölkələrin hər bir sahədə əməkdaşlığının davamlı olduğunu və dostluğa və qardaşlığa söykəndiyini göstərmiş oldu".
Bu sözləri Diaspor info-ya açıqlamasında Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov bildirib. Onun sözlərinə görə, dövlətlərarası münasibətlər 44 günlük Vətən müharibəsi dövründə özünü bir daha büruzə vermiş oldu: "Türkiyə və Pakistan Azərbaycanın yanında olaraq, Azərbaycanın haqq işinə öz dəstəklərini ifadə etdilər. Dövlətlərin ölkəmizə həm siyasi, həm də mənəvi dəstəkləri yaxın dost və qardaş ölkələr kimi tarixə düşdü və Azərbaycan dostu ilə düşmənini bir daha siyasi proseslərdə görmüş oldu. "Biz Azərbaycanın yanındayıq. Hadisələrə müdaxilə edənlər öndə bizi görəcəklər!", - söyləyən Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan əsl qardaşlıq nümunəsi göstərdi. Azərbaycanın suverenliyini ilk tanıyan ölkələrdən biri kimi Pakistan Ermənistanın Azərbaycana qarşı təcavüzünə, terrorçuluğuna, mülki insanlara qarşı hücümlarına laqeyd olmadı. Vətən müharibəsində Pakistan Senatı və Milli Assambleyası tərəfindən qətnamələr qəbul edildi. Təbii ki, bu münasibət dövlətlərimiz arasında əlaqələrin inkişafından və səmimi qardaşlıq münasibətlərindən qaynaqlanır".
Rayon təşkilatının sədri bildirdi ki, Azərbaycana dəstək vermək və həmrəylik nümayiş etdirməklə Pakistan Ermənistanla diplomatik əlaqələr qurmayıb, onu bir dövlət kimi tanımayıb: "44 günlük Vətən müharibəsində qardaş Türkiyə ilə birlikdə Pakistanın Azərbaycanın yanında olması Azərbaycan-Türkiyə-Pakistan qardaşlığınının sarsılmazlığının göstəricisidir. Bu gün işğaldan azad olunan ərazilərdə bütün şəhər və ölkə boyu Azərbaycanla yanaşı, Türkiyə və Pakistan bayraqlarının dalğalanması möhkəm birliyi özündə ehtiva edir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın Zəfər qazandıqdan sonra da daim yanında olması və Möhtəşəm Zəfər paradında iştirakı hər şeyi demiş oldu. Bu, dünyaya bir mesaj idi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 76-cı sessiyasında çıxışı zamanı da Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsinə toxunub. O, bildirib ki, Azərbaycan qanuni müdafiə hüququndan istifadə edərək və BMT Təhlükəsizlik Şurasının icra edilməmiş qətnamələrini həyata keçirərək, öz torpaqlarının işğalına son qoyub. Bu, Azərbaycanın haqq işinə verilən dəstəkdir.
Azərbaycanın Qarabağ uğrunda ağır müharibə şəraitində yaşadığı dövrlərdə beynəlxalq münasibətlərdə Pakistan rəsmilərinin dünya dövlətlərini BMT, İKT kimi nüfuzlu təşkilatlarda Ermənistanı təcavüzkar ölkə kimi tanınmasına çağırmasını da xüsusi olaraq qeyd etmək yerinə düşər. 2020-ci ilin sentyabrın 27-də Azərbaycana qarşı işğalçı Ermənistanın həyata keçirdiyi hərbi təxribata Pakistanın qardaş Türkiyə ilə birlikdə Azərbaycanın yanında olduğunu bəyan etməsi bu ölkələrin qardaşlığını bütün dünyaya nümayiş etdirdi. Bu müharibə günləri bir daha göstərdi ki, dövlətlərarası münasibətlər həqiqətən də dostluğa, qardaşlığa söykənir. Ağrı-acını bizimlə birgə yaşadılar və zəfərimizi də öz Zəfərləri tək qəbul etdilər".
Bakı Bəyannaməsinin əhəmiyyətinə nəzər salan rayon təşkilat sədri bu Bəyannamənin dövlətlərarası qarşılıqlı hörmət və etimad əsasında mövcud əlaqələrin inkişafında xüsusi rola malik olduğunu söylədi: "Əlbəttə ki, Bəyannamədə əks olunan bəndlər Azərbaycan-Türkiyə-Pakistan münasibətlərinin inkişafına, regional və beynəlxalq təhlükəsizliyə, əməkdaşlığa böyük töhfədir. Bu birlik daha böyük və geniş layihələrin reallaşmasına əsas olacaq, dövlətlərarası sahələrdə müxtəlif sahələri əhatə edən işbirliyinin uğurla davam etdirilməsində müstəsnadır. Bəyannamədə bu gün dünya üçün önəmli olan məsələlər diqqətdən kənarda qalmayıb. Xaricdən dəstəklənən terror hücumlarının təhdidi, kiber hücumlar, hibrit müharibələri, hədəfli dezinformasiya kampaniyaları və bir çox ölkədə müsəlman cəmiyyətlərinin sülh içində bir yerdə yaşamasına təsir göstərən məqamlar diqqətdən kənarda qalmayıb. Hər üç dövlət regional və beynəlxalq parlamentar platformlarda islamofobiya və müsəlman azlıqlara yönələn təzyiqlərə qarşı mübarizə məsələsində birgə fəaliyyət göstərəcəklər. Bəyannamədə hər üç dövlətin qarşılıqlı maraq kəsb edən regional və qlobal mövzularda yaxından fəaliyyət göstərməyə hazır olduqları öz əksini tapıb. Bu sənəd ölkələr arasında strateji əlaqələrin möhkəmlənməsinə öz töhfəsini verəcək".
Təbii ki, bu və ya digər əlaqələr dövlətlərin əməkdaşlığında daha yeni üfüqlər açır. "Üç qardaş - 2021" beynəlxalq təlimlərinin keçirilməsi mövcud dostluğun daha bir ifadəsidir, - deyən A.Süleymanov bildirib ki, həyata keçirilən birgə layihələri, əməkdaşlığı müasir dövlətlər görür və bir mesaj olaraq dünyaya çatdırılır: "Hər üç ölkənin hərbi qulluqçuları arasında aparılan geniş təcrübə və fikir mübadiləsi, onların peşəkar hazırlıq səviyyəsinin daha da artırılmasına böyük töhfədir. Bu təlim bütün sahələrdə olduğu kimi dövlətlərin orduları arasında mövcud olan əlaqələrin daha da gücləndirilməsində müstəsna rol oynayacaq. Təlim dost və tərəfdaş ölkələrin xüsusi təyinatlı bölmələrinin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi, sülh və müharibə dövründə əməliyyatlara hazırlanması, bilik və təcrübə mübadiləsinin aparılması məqsədi daşıyır. Bu, Azərbaycan, Pakistan və Türkiyə arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin, eləcə də qarşılıqlı faydalı əməkdaşlığın daha bir təzahürüdür".
Nəzakət ƏLƏDDİNQIZI