Ermənistanın Azərbaycana qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan xalqı işğal altındakı torpaqların azad edilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsinə başlayıb.
Diaspor info xəbər verir ki, Azərbaycanın Ukraynadakı səfirliyində, səfirliyin təşkilatçılığı ilə 27 sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib.
Azərbaycan torpaqlarının azad edilməsi və ərazi bütövlüyünün təmin olunması uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəhidlərin xatirə lövhəsi önünə iştirakçılar tərəfindən gül dəstələri düzülüb.
Səfir Elmira Axundova bildirib ki, Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında qazandığı möhtəşəm qələbənin, ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.
Bununla da beynəlxalq təşkilatların 30 il ərzində edə bilmədiklərini Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qısa müddətdə gerçəkləşdirdi.
“Sözsüz ki, müharibə itkisiz olmur. 44 günlük müharibədə Azərbaycan Ordusunun 2907 hərbçisi şəhidlik zirvəsinə ucalıb, Gəncə, Bərdə, Tərtər və digər şəhərlərimizə raket hücumları nəticəsində 100-dən çox mülki şəxs, o cümlədən qadınlar və uşaqlar həlak olub.
Elmira Axundova işğaldan azad olunan ərazilərimizdə aparılan quruculuq işləri, Azərbaycan dövlətinin bölgədə sülhün təmin olunması istiqamətində yürütdüyü siyasət barədə də ətraflı məlumat verib.
Səfirliyin akt zalında davam edən, Türkiyənin və Özbəkistanın Ukraynadakı səfirləri Yağmur Güldərə və Alişir Kurman, Qazaxıstan və Pakistan səfirliklərinin müşavirləri, Ukrayna ali təhsil ocaqlarının, yerli ictimaiyyət nümayəndələrinin də qatıldığı toplantıda Azərbaycanın Himni səsləndirilib. E. Axundova Azərbaycan Xarici İşlər Nazirliyinin Vətən Müharibəsinin ildönümü ilə bağlı bəyanatını oxuyub. 44 günlük Vətən müharibəsi ilə bağlı qısametrajlı videomaterial izlənilib.
Tədbirdə, tarix elmləri doktoru Fərhad Turanlı, hüquq elmləri doktoru Arif Quliyev, diaspora təşkilat rəhbərlərindən, “AUBA” sədri Elmar Məmmədov, “AİP” sədri Qulu İbrahimov, “PDB” sədri Çingiz Eliyev, “UAHK” sədri İlqar Məmmədov və digər soydaşlarımız iştirak ediblər.
Çıxış edənlər, 44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərən Silahlı Qüvvələrimizlə qürur duyduqlarını, şəhidlərimizin fədakarlığının heç bir zaman unudulmayacağını bildiriblər.
Allah şəhidlərimizə rəhmət eləsin !