Azərbaycan Diasporuna Dəstək Fondunun (ADDF) nümayəndə heyətinin Macarıstana səfəri çərçivəsində Budapeşt şəhərində yerləşən Azərbaycan Evində azərbaycanlı gənclərlə görüş keçirilib.
ADDF-nin təqdimatının gerçəkləşdirildiyi tədbirdə Macarıstanda təhsil alan 40-a yaxın azərbaycanlı gənc iştirak edib. Tədbir ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbiri giriş sözü ilə ADDF-nin icraçı direktorunun müavini Şahin Camalov açıb. ADDF-nin vəzifə və məqsədləri, fəaliyyət istiqamətləri, gerçəkləşdirdiyi layihələr, gələcək planları, o cümlədən ADDF-nin maliyyə dəstəyi ilə fəaliyyət göstərən Budapeştdəki Azərbaycan Evinin həyata keçirəcəyi işlər barədə geniş məlumat verilib.
Sonra tədbir iştirakçılarına Azərbaycan Evinin yeni rəhbəri İbrahim Səfərli təqdim edilib. İ.Səfərli çıxışı zamanı Azərbaycan Evinin gələcək fəaliyyət istiqamətlərinə dair planlarından danışıb.
Geniş fikir mübadiləsi ilə davam edən tədbirdə gənclər müxtəlif layihələrlə bağlı ideya və təkliflərini səsləndiriblər. Tədbir Macarıstanda təhsil alan Günel Ələkbərova (piano) və Elnur Namazovun (gitara) təqdim etdikləri konsert proqramı ilə başa çatıb.
Tədbir çərçivəsində Vətən müharibəsi şəhidlərinə ehtiram əlaməti olaraq Azərbaycan Evində yaradılmış anım güşəsinin önünə güllər düzülüb və şamlar yandırılıb.