ZƏFƏR GÜNÜN MÜBARƏK—AZƏRBAYCAN!
Azərbaycan tarix boyu bir çox təcavüzlərə, alçaqcasına edilən hücumlara məruz qalan bir məmləkətdir. Mən ilk dəfə Şəhid sözünü 20 yaşımda həm eşitdim, həm də, onunla birgə o dünyaya gedib-gəldim. 1992-ci il Naxçıvan MR-sı Şərur rayonu Sədərək kəndi, xüsusən də, “Mil Təpə” adlanan yüksəklik uğrunda gedən döyüşlərdə ən yaxın dostlarım Faiq Məmmədov,
Ramazan Abbasov və Vəli Canməmmədov iştirak edirdilər. Uşaqlıq dostlarımdan Vəli Canməmmədov kəşviyyatçı idi və ilk Şəhid xəbərini də, onun qəhrəmancasına ölümü ilə daddıq. Bizim Qıvraq kəndimiz həmin vaxtı ilk şəhidini vermişdi və mən onda gördüm ki, Şəhid üçün hamı ağlayırdı. Həmin vaxtdan bu günə kimi erməni faşistləri ilə informasiya müharibəsində bir jurnalist kimi
çox fəallıq edirdim. O qədər ürəklə bu işə can yandırırdım ki, Ukraynanın Ujqorod şəhərində 85 yaşlı sovet kəşviyyatçısı olan bir ermənidən müsahibə almışdım və o, da, müsahibəsində demişdir ki, Qarabağ əvvəllər də, Azərbaycan torpağı olub və bu gün də, Azərbaycanın olmalıdır.
Bəli, artıq otuz ilə yaxın idi ki, biz Zəfər gününü xəyallarımızda yaşadırdıq. Və mən həmişə düşünürdüm ki, görəsən bu problemi də, əvvəlkilər kimi gələcək nəsillərin ümidinə buraxacağıq?! Ancaq Ali baş komandan İlham Əliyevin apardığı qətiyyətli və uğurlu siyasət nəticəsində biz qələbənin nə olduğunu ilk dəfə daddıq. Həmin ilk kənd və rayonların düşməndən geri alınması ilə bağlı Prezident İlham Əliyevin çıxışı zamanı mən maşınla yol gedirdim. Balakən rayonu beşbulaq deyilən əraziyə çatmışdım və sevincimdən maşını sürə bilmədim. Yol kənarında saxladım və sosial şəbəkə vasitəsilə canlı bağlantı edərək, danışmağa başladım:-“Cənab Prezident iki yüz ildir ki, bu xalq qələbə sevinci yaşamır, Sizin sərkərdəliyinizlə ilk dəfə biz qələbə sevinci yaşadıq, buna görə sizə təşəkkür edirəm. Allah sizi və döyüşən Azərbaycan əsgərini qorusun.”
Bəli bu gün də, məhz həmin sözləri deyirəm, bizə bu şərəfli günü yaşatdığınız üçün sizə çox sağol deyirik. Mən bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm, Qazilərimizə Allahdan şəfa diləyirəm və bütün döyüşən Azərbaycan əsgərlərinə can sağlığı arzulayır və təşəkkür edirəm. Hər bir Şəhid anasının əlindən öpür, övladlarının ruhu qarşısında bir ziyalı kimi baş əyirəm.
Bu gün Zaqatala rayonunda da, bayram əhval ruhiyyəsi var, bütün rayon ictimaiyyəti, o cümlədən Zaqatala RİH-nin başçısı Mübariz Əhmədzadə başda olmaqla, rayonun bütün hüquq-mühafizə orqanlarının rəhbərlərinin iştirakı ilə “Zəfər” günü qeyd edilir. Tədbirdə qürur və fərəhlə dayanan Şəhid ailələri, qazilərimiz və Vətən müharibəsi iştirakçıları da, iştirak edirlər.
Zaqatala ictimaiyyətinin coşqu ilə iştirak etdiyi tədbirdə çıxışları dinlədikcə sözün hər mənasında qürurlanırsan. Və fəxr edirsən ki, sən Azərbaycanlısan. Fəxr edirsən ki, sənin belə qəhrəman oğulların var. Və fəxr edirsən ki, sənin belə məğrur bir Ali baş komandanın var.
ALLAH AZƏRBAYCANIMIZI QORUSUN!
ƏLMANİZ Ələkbərli
Azərbaycan Yazıçılar və
Jurnalistlər Birliyinin Üzvü.