“Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin təşəbbüsü ilə məhz Brüsseldə Şərq Tərəfdaşlığı sammiti çərçivəsində dekabr ayının 15-də Ermənistan və Azərbaycan liderlərinin görüşü nəzərdə tutulmuşdur. Bir daha qeyd edirəm ki, bu təşəbbüs Şarl Mişel tərəfindən irəli sürülüb”. Bunu millət vəkili Cavid Osmanov “Səs” qəzetinə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Azərbaycan hər zaman olduğu kimi, bu təşəbbüsə öz müsbət mövqeyini bildirdi və dekabr ayının 15-də ikitərəfli görüşün keçirilməsini qəbul etdi: “Bu, o deməkdir ki, Azərbaycan hər zaman olduğu kimi, beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirir. Bütün təmaslara açıq olduğunu nümayiş etdirməklə bölgədə sülhün əmin-amanlığın bərqərar olunması üçün bütün təmaslarda iştirak etməsini açıq şəkildə ortalığa qoymuş oldu. Əlbəttə ki, belə bir görüşün məhz gələcəkdə iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində, yəni burada sərhədlərin delimitasiya və demarkasiyası məsələsi dayanır, ərazi bütövlüklərinin tanınması və sülh sazişinin imzalanması kimi vacib məsələlərdə atılacaq bir addım kimi qiymətləndirmək olar. Bu görüşün keçirilməsinə razılıq verməsi Azərbaycanın bir daha qeyd edirəm ki, bölgəyə sülhün əmin-amanlığın gətirilməsi üçün atdığı bir addımdır”.
Müəllif: Gülyana