“Bu gün nəzərdə tutulan üçtərəfli Soçi görüşü ötən ilin 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş nazirinin imzaladığı bəyanatdan sonrakı zaman kəsiyində həyata keçirilən tədbirlər, həmin bəyanatdan irəli gələn məsələlərin həlli istiqamətində müzakirələrə həsr olunacaq”. Bu fikirləri Diaspor info-ya açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.
Deputatın sözlərinə görə, Azərbaycan hər dəfə olduğu kimi bu dəfə də beynəlxalq hüquqa əsasən öz konstruktiv mövqeyini ortaya qoyacaq: “Bəyanatda Azərbaycanın üzərinə düşən bütün vəzifələr yerinə yetirilib ki, bu da Azərbaycanın beynəlxalq hüquqa olan sadiqliyidir. Eyni zamanda Azərbaycan bu görüşə haqlı, güclü və qüdrətli bir ölkə kimi gedir. Bu görüşdə sərhədlərin delimitasiya və demarkasiyası, qarşılıqlı ərazi bütövlüyünün tanınması kimi məsələrin müzakirəsi nəzərdə tutulur. Soçi görüşündən gözləntilərimiz daha çoxdur. Çünki Brüsseldə keçiriləcək görüş Şərq Tərəfdaşlığı sammiti çərçivəsində keçiriləcək bir görüşdür”.
C.Osmanov vurğulayıb ki, son dövrlər Ermənistan tərəfindən törədilən təxribatlar göstərir ki, elə məhz 9 noyabr görüşünü erməni tərəfi istəməyib: “Bu təxribatlar bir daha onu göstərir ki, Ermənistan üçtərəfli bəyanatın tələblərini həyata keçirmək iqtidarında olmayan bir dövlətdir. Daxildə olan ictimai-siyasi çaxnaşmalar orada vahid komandanlıq formalaşdırmağa imkam vermir. Paşinyan da öz növbəsində bu cür ölkənin rəsmisi kimi bu görüşə gələcək. Fikrimcə, Paşinyan Qərbdən aldığı təlimatlarla bu görüşə gələcək. Görüşə qədər onun verdiyi açıqlamalar göstərir ki, erməni tərəfi görüşün mahiyyətini dəyişməyə çalışır, lakin bölgədə sülhün bərqərar olması üçün güclü Azərbaycan öz mövqeyini ortaya qoyub. Eyni zamanda kommunikasiyaların açılması üçün Rusiya da bir tərəf kimi üzərinə düşən addımları atmağa çalışır”.
Müəllif: Aysel Məmmədova