MÖHSÜN BƏDƏLOV VƏTƏNİNƏ TƏMƏNNASIZ XİDMƏT EDƏN SOYDAŞLARIMIZDANDIR.
Diaspor info saytının əməkdaşları dünyada yaşayan maraqlı soydaşlarımızla oxucularımızı tanış etməkdə davam edir.
Bu dəfəki müsahibimiz Ukraynanın Dnepr şəhərində yaşayan və sahibkar kimi fəaliyyət göstərən Möhsün Bədəlovdur.
Naxçıvan MR-sı, Ordubad rayonu Üstüpü kəndində dünyaya göz açan Möhsün Bədəlov 1982-ci ildən Dnepropetrovsk şəhərində yaşayır.
Hələ bu şəhərin qapalı olan dövrlərindən tələbə kimi sözügedən şəhərə gəlib. Orta məktəbi də, Ordubad rayonu Üstüpü kəndində bitirib. Daha sonra Dnepropetrovsk Dövlət universitetinin mexanika-riyaziyyat fakultəsinə daxil olub. Oranı bitirdikdən sonra, 1990-94 cü illərdə Kiyev Dövlət universitetini bitirib. Əmək fəaliyyətinə Sumqayıt şəhərində başlasa da, sonradan Dnepr şəhərinə gəlib. Burada uzun illər müxtəlif sahələrdə çalışıb. Sonda istehsalatla məşğul olmağa başlayıb. İstehsal etdikləri malları dünyanın bir çox ölkələrinə, Qazağıstan, Moldaviya, Türkiyə və Azərbaycana da, göndərirlər.
Möhsün Bədəlov vətəninə təmənnasız xidmət edənlərdəndir desək, yanılmarıq. Onu tanıdığımız gündən bu günə kimi diaspor fəaliyyətində çox aktiv olduğunun şahidiyik. Əsas odur ki, heç vaxt müsahibə vermək, vəyaxud da, hardasa maddi dəstək verdiyini bilinməsini istəməyib. Dəfələrlə onun haqqında xoş sözləri Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Dnepropetrovsk vilayəti üzrə sədri Nəcəf Əhmədovdan eşitmişik. Baxmayaraq ki, sahibkar, istehsalçı soydaşımızın rəhbərliyi altında yüzlərlə ukraynalı işləyir, lakin Möhsün müəllim təvazökarlıq edərək deyir ki, mən nə böyük iş görürəm ki, mənim haqqımda da, yazılsın.
Möhsün müəllim ümummilli problemlər zamanı, milli birliyimizin nümayişi vacib olan tədbirlərdə həmişə diaspor təşkilat üzvlərinin yanında olur və bunu təmənnasız, minnətsiz edir.
Bu dəfə də, sözügedən şəhərdə yaşayan soydaşlarımızla görüşüb, diasporamızın gördüyü işlərlə maraqlanan zaman, işgüzar səfərə gəlmiş “Diaspor Təşkilatlarının Monitorinq Mərkəzinin” sədri Əlmaniz Ələkbərli ilə də söhbətləşdik: Dnepr şəhərində fəaliyyət göstərən “ Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin “ Dnepropetrovski vilayət təşkilatı bu şəhərdə çox güclü təşkilat kimi tanınır. Bunu yerli dövlət məmurlar, dövlət qurumlarının işçiləri də, burada yaşayan soydaşlarımız da, deyirlər.
BUAK-nin Dnepropetrovski vilayəti üzrə sədri Nəcəf Əhmədov sədr seçildikdən sonra ətrafına çox güclü, siyasi savadı olan soydaşlarımızı toplamağı bacarıb. Möhsün Bədəlov da, məhz belə soydaşlarımızdandır.
Möhsün müəllim öz savad və bacarığı ilə daha çox seçilən soydaşlarımızdandır. Onunla söhbət edərkən dəqiq əmin olursan ki, özündən sonra yüzlərlə təhsilli gənclərimizin yetişməsində xidmətləri olacaq və bununla da Azərbaycandan kənarda daha çox sayda ziyalılarımız yetişəcəkdir. Möhsün müəllim vətənpərvər olduğunu heç vaxt dilinə gətirməyən, lakin əməlləri ilə bunu sübut edən soydaşlarımızdandır.
Mən hər dəfə Möhsün Bədəlov kimi ziyalılarımızla tanış olduqdan sonra, diaspor təşkilatlarımızın günü-gündən inkişaf edərək lobbiyə çevriləcəyinə inanıram.
Diaspor info
Ukrayna bürosu.