NAXÇIVAN MUXTAR RESPUBLİKASINDA BAĞÇILIQ ƏNƏNƏLƏRİ
“Şərqin qapısı” adlanan, Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası əlverişli təbii-coğrafi şəraitə, mülayim iqlimə, münbit torpağa, zəngin yeraltı və yerüstü sərvətə malikdir. Bu ərazi bəşər sivilizasiyasının ilkin ocaqlarından biri kimi məşhurdur. Məlum olduğu kimi, ilk çiçəkli bitkilər Təbaşir dövründə, təxminən 136-140 milyon il bundan əvvəl əmələ gəlmişdir. Qafqazda ən qədim bitki qalıqları Təbaşir dövrünün sonlarına təsadüf edir. Yuxarı Təbaşir dövrü üçün Qafqaz bitkilərinin nümunələri Dərələyəz mahalının (Naxçıvan MR Şərur rayonu) Havuş kəndində Havuşçayın sol sahilindən toplanılmışdır. Bu bitki nümunələri hal-hazırda AMEA Botanika İnstitutunun Herbari fondunda saxlanılır. Onların çinar, qovaq, sekvoya, qatırquyruğu və digər bizim dövrə qədər məhv olmuş digər bitkilər olduğu müəyyənləşdirilmişdir. Beləliklə, bu faktlar muxtar respublika florasının ilkinliyini və ən qədimliyini sübut edir. Çiçəkli bitkilərin ilk vətəni olan Naxçıvan torpağı həm də bağçılığın beşiyidir.
Naxçıvan Muxtar Respublikasında bağçılığın inkişafı üçün əlverişli torpaq-iqlim şəraiti var. Üç min beş yüz ildən artıqdır ki, Naxçıvanda meyvəçiliklə məşğul olurlar. Naxçıvanın quru meyvələri Assuriyaya, Babilə, İrana aparılırdı. Hələ XIV əsrdə tərtib edilmiş “Əcaib-əd-dünya” məcmuəsində qeyd edilir ki, Naxçıvanda olduğu qədər faydalı meyvə dünyanın heç bir yerində yoxdur. Türk səyyahı Övliya Çələbi “Səyahətnamə» əsərinin ”Qarabağlar şəhərinin təsviri” adlanan ikinci hissəsində yazmışdır: “Bura bolluq diyarıdır. Bir bağda bir elçi ilə gəzərkən bağban Yazdanqulu bizə 26 çeşid dadlı armud gətirdi. “Malacı”, “Abasbəyi”, “Ordubadi” çeşidli armudları yeyərkən ağızda nabat dadı hiss edirsən”.
Alman səyyahı Adam Oleari “Moskvaya və Moskvadan keçməklə İrana, oradan da geriyə səyahətin təsviri” əsərində Ordubadla Xudafərin körpüsü arasında yetişən üzüm və armud növləri haqqında geniş söz açmışdır. O, qeyd edir ki, burada xüsusi bir armud növü var. Bu armud Ordubadda bitir, rəngi və xarici görünüşünə görə limona oxşayır, xoşa gələn iyi və qəribə dadı var (Sarı Şəkəri sortu).
Naxçıvanda bağçılıqdan bəhs edən Yaqut Həməvi yazır: "Onun yaxınlığından Araz çayı axır. Oradakı gözəl narların bərabərini mən heç bir şəhərdə görməmişəm, burada həm də gözəl əncir bitir. Həmdullah Qəzvini isə Ordubad meyvələrinə daha çox üstünlük verir. "Ordubad bir qəsəbədir, çoxlu bağları var. Yaxşı üzümü, taxılı, pambığı var".
A.Şangirey Peterburqda nəşr etdirdiyi “Şərur-Dərələyəz mahalında bağçılıq, üzümçülük, bostançılıq və kənd təsərrüfatının digər sahələri haqqında” məqaləsində Şərurda ən çox ərik və şaftalı bağlarını inkişaf etdirmək tədbirlərindən bəhs etmişdir. Qeyd olunmuşdur ki, burada hər iki növün gözəl sortları becərilir. Belə ki, Şərurda süfrə əriyi növrəst, ağcanabat, tökmə qar qaxı olduqca zərif, şirəli və ətirlidir. Abutalibi, haqverdi sortları isə qurutmar və konserv üçün əvəzediməzdir. A.Şangirey göstərir ki, onun öz bağında əkilən şampan gilənarı, fransız gilası, sarı albuxara gözəl inkişaf edir və yaxşı məhsul verir.
Naxçıvan Muxtar Respublikasının mühüm karvan yollarının, o cümlədən “İpək yolu”nun üzərində yerləşməsi meyvəçiliyin inkişafına mühüm yol açmışdır. Naxçıvanda həm xalq seleksiyası yolu ilə alınan yerli, həm də gətirilmə meyvə sortları becərilir.
Azərbaycanın bağçılıq ənənələri ilə şohrətlənən Naxcıvan bolgəsində meyvələrdən həm təzə halda istifadə olunur, onlar uzun muddətə təzə halda saxlanır, həm də bəzilərindən üsul və vasitələrlə ehtiyat ərzaq məhsulları tədarük edilirdi. Qurudulmuş alma və armuddan qax, ərikdən qaysı, gavalıdan albuxara, üzümdən kişmiş və mövüz, alcadan turşu və lavaşana, tut və əncirdən quru (piskəndə), zoğaldan axta, şaftalıdan alana, qozdan basdıq, sucuq hazırlama sahəsində əhalinin böyük bilikləri və təcrübələri vardı. Üzüm, tut, və cır xurmanı bişirməklə doşab, alca, armud, alma və heyvanı bişirməklə rub, narı qaynatmaqla nardaşa, üzüm doşabına un, qoz ovuntusu, meyvə əlavə etməklə riçad tədaruk edilirdi. Bunların bəziləri yavanlıq kimi istifadə olunur, bəziləri xörəklərə əlavə edilir, bir qismi də çərəz kimi süfrələrə çıxarılırdı. Badam, püstə, iydə, fındıq, qovrulmuş şabalıd, innab və s. kimi quru meyvə çərəzləri ilə yanaşı, ehtiyat ucun tədarük edilən alana, sucuq (basdıq), mövüz, kişmiş, miyanpur və s. də üstün tutulurdu.
Göründüyü kimi, minilliklərin əməli vədişlərindən, təcrübələrindən bəhrələnən ehtiyat ərzaq tədarükü və saxlanması əhalinin məişət qayğıları icərisində mühüm yer tutmuşdur. İlin bütün fəsillərində ailənin birinci dərəcəli həyati tələbat olan yeməklə təmin etmək üçün bütün ailə üzvləri səylə calışırdı. “Yayın yaxantısını qışın yavanlığı hesab edən” əhali yaz, yay və payız mövsümündə tədarük etdiyi ərzaq məhsullarını qışda cöl-təsərrüfat işlərinin başa catdığı mövsümdə könül xoşluğu, can rahatlığı ilə yeyirdi.
XX əsrin əvvəllərinə qədər Naxçıvanın bağçılıq təsərrüfatında yerli meyvə növləri daha üstün yer tutmuş və xalq arasında daha yüksək qiymətləndirilmişdir. Bağbanlar hər bir zonada dadlı və keyfiyyətli meyvə növləri yetişdirməklə yanaşı, onları nəsildən-nəslə yaşatmışlar. Bu baxımdan Naxçıvanın sini armudu, şəkəri armudu, abasbəyi armudu, abutalibi əriyi, peyvəst əriyi, kəhat heyvası, Ordubadın salamı, zəfəranı, alanayı, nazlı, tərəlli, şərəlli, qışlıq şaftalı növləri xalq seleksiyasının uzun illər boyu yaratdığı meyvə növlərindən olub, hər biri özüməxsus bölgəsində şöhrət qazanmışdı. Naxçıvan torpağının bu ləziz meyvələri bir sıra sərgilərdə nümayiş etdirilmiş və yüksək qiymətləndirilmişdir. Abutalibi əriyi 1898-ci ildə Kaliforniyada təşkil edilmiş ümumdünya meyvəçilik sərgisində birinci yerə layiq görülmülşdür. Azərbaycan meyvəçiliyində Naxçıvan və Ordubadın xüsusi yeri olmuşdur. Öz dadlı meyvələri və meyvə məhsullarının hazırlanma üsullarına görə Ordubad yalnız Azərbaycanda deyil, bütün Cənubi Qafqazda birinci yeri tuturdu. Burada tumlu, cəyirdəkli, qərzəkli, xususilə qoz bitkisinin becərilməsi ilə qədim vaxtlardan məşğuldurlar. Ordubadın təbii torpaq-iqlim şəraiti yuksək bioloji və təsərrufat əhəmiyyətli yerli ərik, şaftalı, heyva, armud, qoz sortlarının əmələ gəlməsinə səbəb olmuşdur. Ordubadın nazik qabıq, kətan koynək, iri ləpəli, yağlı, dadlı, məhsuldar qoz sortları dunya şohrəti qazanmışdır. Bölgənin qurudulmuş meyvələri Tiflisə, İrəvana aparılırdı. Bağçılıq təkcə kəndlərdə deyil, şəhərdə də inkişaf etmişdir.
Naxçıvanda yaşayan əhali bağçılıq sahəsində böyük təcrübə əldə etmiş, uzin illər boyu bağların becərilməsi, xalq seleksiyası yolu ilə sortların yaradılması. meyvə-tərəvəzlərin istifadəsi, emalı, saxlanmasına dair bağçılıq ənənələri qazanmış və bu ənənələr qorunub saxlanılmışdır.
Bağçılıqda ən mühüm dövr payız fəslidir. Bu zaman (oktyabr, noyabr və dekabr aylarında) torpaq şumlanıb peyin qatılır, ağacların qol-budağı kəsilib formaya salınır, qurumuş ağaclar isə yeniləri ilə əvəz edilir. Təzə bağlar salınır və ziyanvericilərə qarşı mübarizə tədbirləri görülür. Payızda bağların məhsulu yığılandan sonra torpaq mümkün qədər tez və dərindən şumlanır. Bağbanlar müəyyən etmişlər ki, bağların torpağını şumlamaq işini uzadıb qış aylarına, xüsusilə yazın əvvəllərinə saxlamaq olmaz, payızda torpaq nə qədər tez şumlansa, bir o qədər yaxşı münbitləşir və qida ilə daha çox zənginləşir. Sahə şumlandıqdan sonra hava və su asanlıqla torpağa daxil ola bilir. Yalnız fındıq bağlarının torpağı dərindən şumlanmır. Bağbanlar hər 2-3 ildən bir payız şumu zamanı ağaclara peyin və gübrə verirdilər.
Ləziz meyvə qurusu hətta gəlin köçən qızlarımızın sandığına qoyulardı, bəy xonçalarını bəzəyərdi. Nişanlı qızlarımıza, təzə gəlinlərə çillə bayramında çillə qarpızının aparılması da tarixi ənənəmizdir. Qax, kişmiş, alana, sucuq, habelə qoz ləpəsi, fındıq, badam, iydə kimi çərəz meyvələri xalqımızın süfrəsindən əskik olmamışdır. Məhz bu səbəblərdən xalqımız novruz adət-ənənələrində bağçılıqla bağlı deyimlər öz əksini tapmışdır:
Axır çərşənbədə heyva çubuğundan gözmuncuğu düzəldərlər.
Novruza qədər ağacların dibini bellərlər. Novruza qədər bağların xəzəlini yığıb yandırırlar. Novruza qədər ağacların quru budaqlarını kəsib atarlar. Novruza qədər səməni göyərdərlər. Novruz günü təzə yarpaqlar yığarlar.
Qədim zamanlardan bağçılıq sahəsində toplanılmış tıcrübələr xalqın yaddaşına hopmuş, atalar sözlərində, xalq məsələlərində və adət-ənənələrdə əks olunmuşdur.
Bağ salmaq, gül əkmək, ümumiyyətlə yaşıllıq yaratmaq ata-babalarımızın adəti olub. Ağac əkmək, xüsusilə meyvə ağacı, tənək əkmək bolluq, şirinlik, mehribançılıq nişanəsi hesab edilib. Xalq inamına görə, həyətdə, yaşayış evinin ətrafında ağac əkilərsə, ailəyə xeyir-bərəkət, xoş güzaran qismət olar.
“Barlı ağacın başına dolanarlar” fikri ilə ömür sürən ulularımız təbiətə, yaşıllığa, ağaca həyat mənbəyi kimi baxmış, ağac əkməyi, ona qulluq etməyi insanın doğuluşu və kamilliyi qədər müqəddəs saymışlar.
Ulu babalarımız demişdir: “Əkiblər yemişik, əkək ki, yesinlər”, “Ağacı arx qırağında ək ki, yıxılanda el-obaya körpü olsun”, “Ağaclı kəndi sel basmaz”, “Ağacı çox olan elin məzarı az olar”...
Ağacların da insanlar kimi taleyində bir oxşarlıq mövcuddur. Hərəsinin öz adı, öz taleyi. Onlar da insanlar kimi "doğulur", torpağın bələyində bəslənir, boya-başa çatır, pöhrələri cavanlaşa-cavanlaşa qocalır, qocala-qocala dünyadan köçür.
Qədim çağlardan bizim elimiz - Odlar yurdumuz bağçılıq diyarı kimi tanınıb. Xalqımız yüzillik ağacın da, körpə fidanın da bir övlad kimi qoruyub qayğısına qalmış, qocaman ağacların yerini versin deyə cavan qələmlər əkmiş, onların böyüyüb ərsəyə çatmasına qayğı ilə yanaşmışdır. Axı, ağac da insan kimi qulluq istəyir.
Müdriklərimiz deyiblər: "Ağac əkmək, bağ salmaq hünər deyil, gərək onu qoruyub saxlamağı bacarasan, muğayat olasan". İllər boyu hər ağacın başına pərvanə kimi dolanmasan, səndən üz döndərər, barını görməzsən. “Bağa baxarsan bağ olar, baxmazsan dağ olar”. “Nə əkərsən, onu da biçərsən”. Babalarımız həmçinin deyiblər: “Ağaca salam ver, axı o da canlıdır, saymazsan inciyər. Ağacın, otun, çiçəyin muradı var. Onları yaşıl vaxtı qırmaq olmaz. Bu vaxt onlar murad üstündə olurlar. Qıranda muradı gözündə qalır”.
Ulu Dədə Qorqud da öz alqışlarında “Kölgəlicə qaba ağacın kəsilməsin”, - deyə öz igidini, yurddaşını alqışlamış, kölgəlicə qaba ağacın kəsilməsini ən böyük qəbahət, düşmənçilik kimi qiymətləndirmişdir.
İlaxır çərşənbənin axırında baltanın künü ilə meyvə ağaclarının kötüyünə bir-iki dəfə yüngülcə vürüb deyərlərmiş: "Nə yatmısan, oyan, bərəkət payını götür". Belə də həmin il ağacların bəhəri bol olurmuş. Daha sonra bağın bir küncündə, elə yerdə tonqal qalayırdılar ki, külək onun tüstüsünü meyvə ağaclarına tərəf aparsın. Deyərdilər ki, ağaclar tüstülənməsə meyvələri çürük və içi boş çıxar. Xalq arasında dağdağan, qarağac, zoğal, əncir, çinar, tut müqəddəs sayılır və pir-ocaq hesab edilir. Şabalıd və qoz ağacları bolluq, firavanlıq rəmzidir. Xalq etiqadına görə, onları qırmaq, kəsmək, yandırmaq günahdır, adamı qarğıyar, işi düz gətirməz. El arasında deyirlər, nar, alma, armud hər kəsin dilək ağacıdır. Onları əkib-becərən xeyir tapar.
Meyvə ağaclarını, bağ sahələrini "yaman gözdən", "bədnəzərdən" qorumaq inancı xalqımız arasında indi də yaşamaqdadır. Bunun üçün ağacın başına heyvan kəlləsi asar və güman edərlər ki, onların məhsulları bol olacaq, hər cür bəladan qorunacaqdır.
Keçmişdə hər bir ailə üzvünün, xüsusilə il ərzində doğulmuş hər körpənin adına, hər uzaq səfərin şəninə ağac əkər, ona qulluq göstərib əzizləyərdilər.
“Əkiblər yemişik, əkək ki, yesinlər” ənənəsi indi də qorunub saxlanılır. Bu gün muxtar respublikamızda yaşıllıqlar salınır, meyvə tingləri əkilir. Əkdiyimizi becəririk, becərdiyimizin də qayğısına qalırıq. Yaşıllıq sağlamlığın rəhnidir.
Gəlin, xalqımızın min illərdən bəri qoruyub saxladığı bu xeyirxah, nəcib əməlləri-milli dəyərlərimiz göz bəbəyimiz kimi qoruyub gələcək nəsillərə çatdıraq. Yaşayış məntəqələrinin, yol kənarlarının, həyətlərin yaşıllaşdırılmasında, meşə və yeni meyvə bağlarının salınmasında, ağacların calaq edilməsində fəal iştirak edək.
Bu gün müasir texnologiyaya əsaslanan yüksək məhsuldar sortlardan ibarət meyvə bağlarının salınması, unudulmuş, özgəninkiləşdirilmiş yerli sortların bərpası, yabanı meyvə-tərəvəz bitkilərindən istifadə imkanlarının artırılması, meyvə və tərəvəzçilk üzrə əkin dövriyyəsinə yeni əkin sahələrinin əlavə edilməsi, mövsümlərarası dövrlərdə əhalinin fasiləsiz giləmeyvə, meyvə və tərəvəz məhsulları ilə təmin edilməsi üçün anbar şəbəkələrin və saxlama soyuducu kameraların yaradılması kimi mühüm tədbirlərin həyata keçirilməsi Muxtar Respublika rəhbərliyinin diqqət mərkəzindədir və müvafiq sərəncamlar verilir, qərarlar və dövlət proqramları qəbul edilir.
Bu cəhətdən Naxçıvan Muxtar Respublikası Ali Məclsi Sədrinin 14 fevral 2012-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı” və 08 fevral 2016-ci il tarixli sərəncamı ilə “2016-2020-ci illərdə Naxçıvan Muxtar
Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı” əhalinin meyvə-tərəvəz məhsulları ilə etibarlı, fasiləsiz təminatında və qeyri-neft sektorunun inkişaf etdirilməsində dəyərli mənbədir. Dövlət Proqramlarından irəli gələn tədbirlərin həyata keçirilməsi sahəsində meyvə bağlarının salınması üçün sututarlara yaxın ərazilərin və çay vadilərində istifadə olunmayan torpaq sahələri əkin dövrüyyəsinə daxil edilmiş, yeni tingçilik təsərrüfatları yaradılmış, intensiv texnologiyaya əsaslanmaqla yeni meyvə bağları salınmışdır. Meyvə bağlarına yüksək aqrotexniki qulluq qaydalarına riayət olunması üçün ixtisaslı kadrların hazırlanması və ya əlavə təhsilə cəlb olunması işi davam etdirilir. Düzən, dağətəyi və dağlıq zonalar üçün meyvə sortlarının seçilməsi, xəstəlik və ziyanvericilərə qarşı effektli mübarizə aparılması üçün istifadə olunan kimyəvi preparatlara olan tələbatın ödənilməsi işində meyvəçilik və tərəvəzçiliklə məşğul olan iş adamlarına böyük kömək göstərilir.
Dövlət dəstəyi ilə həyata keçirilən bu tədbirlər kəndli-fermer və ailə təsərrüfatlarının inkişafına, tingçilik təsərrüfatının yaradılmasına, intensiv texnologiyaya əsaslanan yeni meyvə bağlarının salınmasına, meyvəçilik və tərəvəzçiliklə məşğul olan hər bir kənd adamına əlverişli şərait yaradilmasına, bağçılıq sahəsində milli dəyərlərimizin gələcək nəsillərə çatdırılmasina böyük və hərtərəfli təkan verir.
QASIMOV HİLAL ZÜLAL oğlu
Naxçıvan Dövlət Universiteti
Biologiya üzrə fəlsəfə doktoru, dosent