19 saylı Nərimanov seçki dairəsindən namizədliyini irəli sürmüş Kənan Məmmədov seçicilərlə görüşlər keçirib. "Qafqazinfo" xəbər verir ki, Nərimanov rayonunda baş tutan görüşlərdə Kənan Məmmədov platformasında gündəmə gətirdiyi məsələlər barədə yerli sakinlərə məlumat verib, onların təklif və şikayətlərini dinləyib.
Görüşlər Nəriman Nərimanov rayonunun Aşıq Qərib, Məmməd Arif, İsmayıl Hidayətzadə, Daş karxanası, Qarabağ, Tələt Şıxəliyev, Əliağa Vahid küçələrinin və Təbriz prospektinin sakinləri ilə keçirilib.
Kənan Məmmədov bildirib ki, platformasında, əsasən, sosial məsələləri gündəmə gətirib:
“Əziz dostlar, Nərimanov sakinləri, mən platformamda məhz sizin problemlərinizin həlli istiqamətində məsələlər qaldırmışam. Sizin də qeyd edəcəyiniz sahələri həm namizədliyim, həm də deputat seçiləcəyim təqdirdə millət vəkilliyim dövründə daim gündəmdə saxlayacağam.
İlk növbədə, müəllim və həkimlərin təqaüd yaşının azaldılmasını təklif edirəm. 25 ildən sonra pensiyaya çıxmaq hüququnun yaranması ilə bağlı dövlətə təkliflər vermək istəyirəm.
Digər təklifim isə uşaq pulları ilə əlaqədardır. Araşdırmalarımız göstərir ki, müəyyən mexanizmləri tətbiq etməklə uşaq pulu almalı olanların meyarlarını müəyyən etmək və bu meyarlara uyğun olaraq mərhələli formada uşaq pullarının bərpasını həyata keçirmək mümkündür.
Növbəti təklifim ali təhsil müəssisələrində illik təhsil haqqının tələbələr və ailələri üçün əlçatan olması istiqamətində mexanizmlərin hazırlanmasıdır. Təbii ki, burada müəyyən gəlirlər və kateqoriyalar nəzərə alınacaq.
Eyni zamanda əhalinin məşğulluq probleminin həlli istiqamətində də təkliflər hazırlamışıq. Sizinlə daha əvvəl də keçirdiyim görüşlər zamanı xüsusi ilə orta yaşdan yuxarı insanların işsizlikdən şikayətləndiyini gördüm. Buna görə də, həmin yaş qrupu insanlar üçün müəyyən bir proqramın, yaxud müavinətin ayrılması məsələsi ilə bağlı təklif verəcəyəm”.
Daha sonra Nərimanov rayon sakinləri öz təklifləri ilə çıxış edib, onları narahat edən məsələlər barədə danışıblar.
Kənan Məmmədov qeyd olunan məslələri mütləq nəzərə alıcağını və həlli yolları üçün parlamentdə təkliflər irəli sürəcəyini bildirib.
Kənan Məmmədov görüşə gələnlərə ölkə rəhbərliyi tərəfindən həyata keçirilən müsbət islahatlardan və belə bir dönəmdə seçkidə aktiv iştirak etməyin önəmindən danışıb, eyni zamanda, millət vəkilinin əhali üçün görməli olduğu işlər barədə də məlumat verib.
Qeyd edək ki, Kənan Məmmədov 2010-cu ildə Prezident yanında Dövlət İdarəçlik Akademiyasından məzun olub, 2012-2015-ci illərdə İqtisad Universitetin Biznesin İdarə Olunması fakültəsində magistr dərəcəsi alıb. Hazırda ölkənin qabaqcıl banklarının birində Beynəlxalq Əlaqələr şöbəsinin rəhbəridir. Analitika və İnvestisiya üzrə tanınmış CFA sertifikatının ikinci dərəcə namizədidir. Ailəlidir, iki övladı var.