Nərimanov rayonu 19 saylı birinci seçki dairəsindən namizədliyini irəli sürmüş Kənan Məmmədovun təşəbbüsü ilə seçicilərlə görüş təşkil edilib.
"Qafqazinfo" xəbər verir ki, gənc namizəd Nərimanov ərazisində yerləşən Azərinşaatlayihə İnstitutunun akt zalında seçicilərlə növbəti görüşünü keçirib. Görüşdə namizəd seçicilərə platformasını təqdim edib, millət vəkili seçiləcəyi təqdirdə görəcəyi işlərdən danışıb.
Kənan Məmmədov seçicilərinə bildirib ki, ölkədə nəzərdə tutulan islahatların uğurla və davamlı həyata keçirilməsi üçün əlindən gələni edəcək və daim əhalinin rifahı uğrunda çalışacaq.
Görüşdə iştirak edən Nərimanov rayon sakinlər namizədə dəstəyini ifadə edib, rayon ziyalıları öz xeyir-dualarını veriblər.
Namizəd bir daha seçicilərin diqqətinə çatdırıb ki, seçkilərdə iştirak hər bir vətəndaş üçün önəmlidir və bu, taleyüklü məsələdir:
“Əziz Nərimanov sakinləri, artıq parlament seçkilərinə sayılı günlər qalıb. Növbəti 5 il müddətində rayonun taleyini və məsuliyyətini daşıyacaq şəxsi, sizin adınızdan, sizin problemlərinizi yüksək instansiyalarda səsləndirəcək, parlamentdə dilə gətirəcək şəxsi seçmək vaxtıdır. İstəyirəm ki, bu məsələnin məsuliyyətini hər biriniz duyasınız, seçkidə yaxından iştirak edəsiniz. Seçki günü hər birinizin dəstəyinə güvənirəm. Birlikdə çox yaxşı işlərin öhdəsindən gələk”.
Qeyd edək ki, Kənan Məmmədov 2010-cu ildə Prezident yanında Dövlət İdarəçlik Akademiyasından məzun olub, 2012-2015-ci illərdə İqtisad Universitetin Biznesin İdarə Olunması fakültəsində magistr dərəcəsi alıb. Hazırda ölkənin qabaqcıl banklarının birində Beynəlxalq Əlaqələr şöbəsinin rəhbəridir. Analitika və İnvestisiya üzrə tanınmış CFA sertifikatının ikinci dərəcə namizədidir. Ailəlidir, iki övladı var.