Konstruktivliyin destruktivlik üzərində qalibiyyəti --QARŞIDURMA
Küçə təfəkkürü və çayxana müxalifətçilyi siyasəti daha keçməyəcək
Sivil müxalifətçilik, yaxud konstruktiv baxış sisteminə və idarəçiliyinə üstünlük verən REAL partiyasına qarşı özlərini “ana müxalifət” adalandıran radikal cinahların hücumları hələ də davam edir. Ya söyüş qrupları vasitəsi ilə sosial şəbəkələrdə, ya da KİV-lərdə partiya rəhbərliyini hədəfə alan radikallar siyasi fəaliyyət məsələsində onları üstələməyi bacaran REAL rəhbərliyini hələ də satnıqlıqda, xəyanətdə ittiham etməkdədirlər. Əslində, sağlam düşüncəli insanlar AXCP, “Milli Şura”, Müsavat və s. bənzər siyasi təşkilatların ittihamlarını ciddiyə almırlar. Çünki davamlı qaragüruhçuluqları, küçə təfəkkürü, yaxud çayxana müxalifətçiliyi təsiri altında əsrin dörddə birini “biz gəlirik” şüarı ilə keçirənlərin bundan sonra hər hansı uğur əldə edə biləcəkləri də inandırıcı görünmür. Müxtəlif problemləri icazəli, yaxud icazəsiz aksiyalarla, mitinq və küçə yürüşləri ilə həll etməyə, bu vasitə ilə sosial dəstək almaqla “həll edəcəklərini” düşünənlərin son anda heç bir dəstək ala bilməmələri də illərdir ki, sübuta yetirilməkdədir. O cümlədən, müxalifətçilik deəyərkən, belə hay-harayçılıqların heç bir səmərə vermədiyi də artıq sübuta yetirilib. Məhz bu gerçəklikdən çıxış edərək, REAL partiyasının qarşı tərəfə verdikləri cavabları da maraq doğurur…
REAL partiyası: “Bu məntiqsiz və axmaq yanaşmadır”
“Biz həmişə problemlərin sistemli həllindən yana olmuşuq”. Bu fikirləri REAL partiyasının icraçı katibi Natiq Cəfərli mətbuata bu və bu kimi digər mövzulara münasibətini açıqlayarkən deyib. Onun da düşüncəsinə görə, görünür, bəzi müxalifətçiləri bu qane etmir: “Çünki onlar özlərindən başqa kim fərqli düşünürsə, fərqli təkliflərlə çıxış edirsə həmin qüvvəyə qarşı qaralama kampaniyası aparmaqdan qeyri əllərindən heç nə gəlmir. Biz bu günə qədər heç bir partiyanı satqınlıqda ittiham etməmişik. Çünki, bu məntiqsiz və axmaq yanaşmadır”.
Natiq Cəfərlidən Əli Kərimiyə xitabən: “Özlərini müxalifət naziri hesab edirlər”
N.Cəfərli bu xüsusda məhz AXCP sədri Ə.Kərimliyə xitabən bildirib ki, o və onun ətrafındakılar özlərini hər kəsdən “ağıllı” hesab edirlər, amma bu zaman onların axmaqlıqları daha çox görünməyə başlayır: “…Amma bəziləri var ki, sanki özlərini müxalifət naziri hesab edirlər. Sanki əllərində möhür var, kimə istəsələr o möhürlə müxalifət, kimə istəsələr satqın deyə bilərlər. Bu cür yanaşma ilə 25 ildir ölkədə yanlış müxalifət ab-havası yaradıblar. Bu yanaşmanı dağıtmaq, dəyişmək lazımdır. REAL bu istiqamətdə addımlar atır. Biz dəqiq bildiyimiz yolu getməkdə davam edəcəyik. Son nəticədə kimin haqlı olduğu aydın görünəcək”.
Görünən isə budur ki, radikalçılıq kimi ucuz siyasət üzərində var-gəl edənlərin son anda saman çöpündən yapışmaları təsirini bağışlyan görüntü əslində reallıqdır. Çox yəqin ki, destruktivlər qanadı hətta siyasi məzarlığa doğru sürətlə irəliləyərkən belə, səslərinin uca çıxmasını istəyirlər. Necə ki, alov sönənə yaxın son şöləsini saçır və təhlükə törətmək imkanları sıfıra bərabər olur…
Rövşən RƏSULOV