”Kasıb insanlara göndərilən yardımları mənimsəmək insanlığa sığmır” RƏY - ÖZƏL
“Azərbaycanda korrupsiyanın, rüşvətxorluğun olduğu hər kəsə bəllidir və bu da etiraf olunur. Prezident İlham Əliyev də son çıxışlarında, xüsusilə bu sahəyə çox ciddi münasibət bildirir, diqqət yetirir. Hər müşavirədə məmurlara tapşırır ki, sizin əsas borcunuz bu xalqa xidmət etməkdir, xalqı incitməyin və qanunlara riayət edin”. Bunu Diaspor.info-ya açıqlamasında Təkamül partiyasının sədri Teyyub Qənioğlu deyib.
Onun sözlərinə görə, qısa müddət ərzində 4 icra başçısının cinayət məsuliyyətinə cəlb edilməsi də digərlərinə dərs olmadı, artıq 5-ci icra başçısını da həbs etdilər: “Cənab Prezident son çıxışlarında bir daha qeyd etdi ki, heç kəsə arxayın olmayın, qanunla işləyin və qanunlara riayət edin, milləti incitmək olmaz. Son dövrlər, xüsusən koronavirus pandemiyası səbəbindən xüsusi karantin rejiminin tətbiqi ucbatından işə çıxa bilməyən, sosial vəziyyəti aşağı olan insanlara göndərilən yardımlar çox mətləbləri aşkara çıxardı. Koronavirus dövründə işsizlərə ayrılan yardımları mənimsəmək vicdansızlıqdır, insanlığın ən son həddidir, yəni bundan aşağı hədd yoxdur. İnsan gərək nə qədər sifətini itirsin ki, bir tikə çörəyə möhtac olan insanlara verilən yardımları mənimsəyəsən. Yəni, işləməyən, kasıb yaşayan insanlara göndərilən yardımları mənimsəmək insanlığa sığmır. Buradan o yanı yoxdur. Bir sözlə, bütün bu proseslərə son qoymaq lazımdır. Ümid edirik ki, Cənab Prezidentin son ciddi tapşırıqlarını nəzərə alıb özlərini yığışdırarlar. Əgər belə getsə yəqin ki, daha ciddi tədbirlər görməyə ehtiyac yaranacaq”.
Müəllif: Gülyana