Almaniyadakı diaspor rəhbərlərinin iştirakı ilə videomüzakirə keçirilib
Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə Almaniyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının rəhbərlərinin də qatıldığı videokonfrans təşkil edilib.
Virtual konfransda Almaniya Azərbaycanlıları Alyansının (AAA) idarə heyətinin sədri Yaşar Musayev, icraçı direktor Qurban Məmmədov, Alyansa daxil olan bəzi diaspor təşkilatlarının rəhbərləri – Alman-Azərbaycan Ziyalılar Birliyinin sədri Naibə Şirinova, Münhen Azərbaycanlıları Mədəniyyət Mərkəzinin sədri Səttar Kərimov, Drezden şəhərində fəaliyyət göstərən “Alm.Az” cəmiyyətinin sədri Ağahüseyn Babayev, "Bridge of Sound" cəmiyyətinin sədri, bəstəkar Xədicə Zeynalova, Yuxarı Saksoniya Alman-Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Lalə Məmmədli, Alman-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Emil Həsənov, eləcə də Dövlət Komitəsinin rəsmiləri Səlhət Abbasova və Zaur Salmanov iştirak ediblər.
AAA-nın idarə heyətinin sədri Yaşar Musayev COVID-19 pandemiyası ilə əlaqədar həmvətənlərimizin qarşılaşdıqları problemlər və onların həlli istiqamətində görülən işlər barədə ətraflı məlumat verib. Müzakirələr zamanı tədbir iştirakçıları Azərbaycan dövlətinin və rəhbərliyinin xaricdə yaşayan və sosial təcrid şəraitində müvəqqəti olaraq çətin duruma düşmüş soydaşlarımıza göstərdiyi maddi və mənəvi dəstəyi yüksək qiymətləndirərək, təşəkkürlərini bildiriblər. Konfransda Dövlət Komitəsinin soydaşlarımızın müraciətlərinə çevik reaksiyası xüsusi qeyd edilib.
Karantin və postpandemiya dövrlərində Almaniyada fəaliyyət göstərən diaspor təşkilatlarının fəaliyyəti və nəzərdə tutulan tədbirlər haqqında geniş fikir mübadiləsi aparılıb. Diaspor rəhbərləri müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının növbəti ildönümünün qeyd olunduğu 28 may – Respublika Günü ilə bağlı təkliflərini səsləndiriblər.
Sonda videokonfranslar vasitəsilə müzakirələrin davamlı olaraq keçirilməsinin məqsədəuyğun olduğu bildirilib.