"Müharibə veteranları dövlət tərəfindən hərtərəfli qayğı ilə əhatə olunub" SPİKER
Mayın 9-da biz faşizm üzərində Qələbənin 75 illiyini qeyd edəcəyik. Qələbənin əldə edilməsinə Azərbaycan xalqı böyük töhfələr verib. Bu məqamda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin bir çıxışında söylədiyi fikri xatırlatmaq istəyirəm: “Tarix bu gün də bilməlidir ki, Azərbaycanın İkinci Dünya Müharibəsində xidmətləri, fəaliyyəti və rolu çox böyük olub”. Diaspor.info-nun xəbərinə görə, bunu Milli Məclisin Sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında çıxış edərkən deyib.
O bildirib ki, müharibə dövründə Azərbaycandan 680 mindən çox adam cəbhəyə çağırılıb, onların 40 min nəfəri cəbhəyə könüllü gedib: “320 minə qədər həmvətənimiz döyüş meydanlarından geriyə qayıtmayıb. Müharibə illərində əsgərlərimiz böyük qəhrəmanlıq göstəriblər. 400 mindən çox azərbaycanlı döyüş ordenləri və medalları ilə təltif edilib, 130 nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Azərbaycanda 5 milli diviziya təşkil edilmişdi. Bu diviziyalardan biri – məşhur 416-cı Azərbaycan Taqanroq diviziyası Berlinə ilk daxil olan hərbi birliklərin sırasında olub”.
Spiker söyləyib ki, Azərbaycanın oğul və qızları faşizmə qarşı müqavimət hərəkatında da fəal iştirak ediblər: “Onlar müxtəlif ölkələrdə partizan dəstələrində vuruşublar. Təkcə Fransanın antifaşist hərəkatında 3 mindən çox azərbaycanlı iştirak edib”.
Müharibə illərində Azərbaycanın bütün iqtisadiyyatı ordunun ehtiyaclarına uyğunlaşdırılıb. Bakıdan cəbhəyə 75 milyon ton neft və 22 milyon ton benzin göndərilib . O dövrdə döyüşlərdə iştirak edən hər 5 təyyarədən, tankdan, avtomaşından və hərbi gəmidən dördü Azərbaycanda istehsal edilmiş yanacaqla işləyirdi. Azərbaycan müəssisələrində 130 növ silah, sursat və başqa hərbi ləvazimat istehsal edilirdi”.
S. Qafarova qeyd edib ki, bu gün müharibə veteranları cəmiyyətimizin ən hörmətli üzvləri kimi dövlət tərəfindən hərtərəfli qayğı ilə əhatə olunublar: “Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə onlara, eləcə də müharibədə həlak olmuş və ya vəfat etmiş döyüşçülərin dul arvadlarına və arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilən şəxslərə mütəmadi maddi yardım verilir. Bununla yanaşı, müharibə veteranları mənzil və fərdi minik avtomobilləri ilə təmin olunur və digər güzəştlərdən istifadə edirlər. Qələbə günü münasibəti ilə mən müharibə veteranlarını, bütün xalqımızı ürəkdən təbrik edirəm, İkinci dünya müharibəsində qəhrəmanlıqla vuruşmuş, arxa cəbhədə fədakarlıq göstərən Azərbaycan xalqının oğul və qızlarına minnətdarlıq duyğularımı ifadə edirəm. Biz əminik ki, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə yaxın zamanda Azərbaycan tarixinə yeni bir qələbə günü, erməni faşizminin məğlub edilməsi, Qarabağın azad edilməsi, haqq-ədalətin bərpa olunması ilə bağlı bayram günü daxil olacaq”.
Müəllif: Nailə Məhərrəmova