NAXÇIVANIN SÜRƏTLİ İNKİŞAFI QÜRBƏTDƏ YAŞAYAN AZƏRBAYCANLILARI DAHA ÇOX SEVİNDİRİR.
Belə başa düşürəm ki, Naxçıvanın inkişafına pandemiya da, mane ola bilmir.
YUNUS ALIYEV
Diaspor info saytının Naxçıvan bürosu xəbər verir ki, bu günlərdə, redaksiyamıza Ukraynadan tanınmış diaspor rəhbəri " Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin" Nikalayev vilayəti üzrə sədri Yunus Alıyev zəng edərək Naxçıvanda olduğu günlər haqqında danışıb. Yunus Alıyev deyib ki, mütəmadi Naxçıvan televiziyası və Nuhçıxan informasiya agentliyi vasitəsiylə Naxçıvanda baş verən bütün hadisələri izləyir.
Oxucularımızın diqqətinə xüsusi olaraq çatdırmaq istəyirik ki, Yunus Alıyev çox vətənpərvər ağsaqqaldır. Onun Azərbaycan naminə gördüyü işlər təqdirəlayiqdir. Yorulmadan millətinə, xalqına xidmət edən və bundan zövq alan Yunus Alıyev Prezident İlham Əliyevin sərəncamı ilə "Tərəqqi" medalına da, layiq görülüb.
Yunus müəllim saytımızın Naxçıvan bürosuna telefonla müsahibə verib, ümumiyyətlə müxbirimizlə öz xoş təəssüratlarını bölüşüb: Mən Naxçıvana valeh olmuşam, ürəyim o qədər sevindi ki, gördüyüm gözəlliklərin keyfini bu gün də, yaşayıram. Mən Naxçıvandan gedən kimi dünyada yaşayan soydaşlarımızın bir çoxunu ora gəlmələrini xahiş edəcəyəm.
Mənim fikrimcə Azərbaycanın qüdrətli, inkişaf etmiş dövlət olması daha çox Naxçıvanda hiss olunur. Naxçıvanda gördüyüm hər şey təbiidir.
İlk dəfə Naxçıvanda olan zaman bir daha başa düşdüm ki, yüz eşitməkdənsə bir dəfə görmək yaxşıdır, məsəli çox düzgün deyilib.
Naxçıvan mənim bundan sonrakı həyatımda, yaşamağımda böyük stimul verən bir məkan oldu. Dünyanın ən gözəl yeri Azərbaycandır, xüsusən də, Naxçıvan.
Mən 50-ildən çox xarici ölkədə yaşadığıma görə elə başa düşürdüm ki, Azərbaycanın maddi imkanları çox aşağıdır, bu da təbii haldır, axı biz müharibə şəraitində yaşayırıq. Ancaq Naxçıvanda olarkən başa düşdüm ki, rayon, şəhər rəhbərlərindən də çox şey asılıdır.
Mən Naxçıvanda çox yeri gəzmişdim, Kəngərli rayonu Qıvraq qəsəbəsində və Şahbuz rayonunun Kolannı kəndində olarkən elə təhsil müəssisələri gördüm ki, Ukraynada paytaxt kiyevdə belə, müasir tələblərə cavab verən təhsil müəssisələri yoxdur.
Diqqətimi çəkən əsas məqamlardan biri də, blokada şəraitində yaşayan Naxçıvanın istehsal etdiyi bir çox məhsullar oldu. Mən elə bilirdim ki, Azərbaycan bütün məhsulları kənardan alır, xüsusən də, blokada şəraitində yaşayan Naxçıvan üçün istehsal çətin olmalı idi. Lakin gördüklərim məni şoka saldı. Bəli, insan hər bir çətinliyə sinə gələ bilər, əgər el bir olarsa, rəhbərə məhəbbət çox olarsa onda çox şeyə nail olmaq olar.
Təməli Ümummilli liderimiz Heydər Əliyevin qoyduğu uğurlu siyasət bu gün Azərbaycanın bütün bölgələrində davam etdirilir. Lakin Naxçıvanda bu siyasət, mən deyərdim ki, daha çox sədaqətlə yerinə yetirilir. Şəxsən mən bunu belə görürəm. Əgər Naxçıvanda aparılan tikinti-quruculuq işlərini olduğu kimi bütün respublikada etsəydilər, dünyanın heç bir inkişaf etmiş dövlətini azərbaycanla müqayisə etmək olmazdı. Mən buranın rəhbərinə, Naxçıvan Ali məclisinin sədri Cənab Vasif Talıbova, Prezidentimizə daha çox sədaqətli olduğunu əməli işində göstərdiyi üçün, ayrıca təşəkkürümü bildirirəm.
Naxçıvan televiziyası və sizin saytınız vasitəsilə məlumat aldım ki, hətta Karantin dövründə belə Naxçıvanda yeni sosial obyektlər istifadəyə verilir və Ali məclisin sədri Cənab Vasif Talıbov da açılışda iştirak edir. Belə başa düşürəm ki, Naxçıvanın inkişafına pandemiya da, mane ola bilmir.
İstəyirəm mənim fikirlərimi saytınızda çap edəsiniz və dünyada yaşayan soydaşlarımız da oxuya bilsinlər.
Dünyadakı bəzi qurumlar Azərbaycanda söz azadlığı, demokratiya axtarışındadırlar. Məgər onları Naxçıvana gətirmək olmaz? Mən demirəm ki, Azərbaycanın digər yerlərində sadaladıqlarım yoxdur. Lakin Naxçıvanda bunlar daha aydın görünür və hər şey idealdır. Mən bunu tam səmimiyyətimlə deyirəm, orada olarkən hər şeyi öz gözlərimlə gördüm.
Açığını deyəcəm, ən çox xoşuma gələnlərdən biri də, taksi maşınlarının eyni rəngdə olması və sürücülərin forma geyinməsi oldu. Aeroportdan düşəndə əvvəlcə düşündüm ki, Bakıdakı kimi taksi sürücüləri qolumdan tutub zorla maşına çəkəcəklər. Lakin onların sakitcə dayanıb və bəzən də, maşından yerə düşməmələri mənim çox xoşuma gəldi. Mən üç günlük səfərimin yekununda belə qənaətə gəldim ki, Naxçıvan təkcə yüz il əsarətdə qalan və təslim olmayan Babəki ilə deyil, dağlarının hər birində ox nişanı olan ərənləri ilə deyil, həm də öz müasirliyi, milli-mədəni irsimizi olduğu kimi özündə saxlayan bir məkandır.
Sonda onu da xüsusi vurğulamaq istəyirəm ki, əgər məni həmin zaman Əlmaniz müəllim Naxçıvana dəvət etməsəydi, bu gözəl, cənnət məkanı haqqında elə də bilgim olmayacaqdı. Hesab edirəm ki, Naxçıvanın təbliğatını gücləndirmək lazımdır. Bu təkcə Naxçıvan üçün deyil, ümumiyyətlə Azərbaycan üçün çox vacibdir. Əgər xarici televiziya kanallarında Naxçıvan haqqında tez-tez məlumat gedərsə, inanın ümumilikdə Azərbaycan haqqında müsbət fikir formalaşdırmış olarıq.
Diaspor info
Naxçıvan bürosu.