Müxalifət dövlətin atdığı addımları dəstəkləyir
ADP sədri Sərdar Cəlaloğlu: “Azərbaycan müxalifəti korrupsiyaya qarşı mübarizədə İlham Əliyevi dəstəkləməlidir”
Prezident İlham Əliyev tərəfindən həyata keçirilən çoxşaxəli sosial-iqtisadi islahatlar fonunda kadr və siyasi islahatlarının da reallaşdırılması Azərbaycanda mövcud olan demokratik mühitin, sabitliyin və eyni zamanda dialoq mühitinin yüksək səviyyədə formalaşması reallığını təsdiq etməkdədir. Bu gerçəklik həm də belə qənaətə gəlməyə zəmin yaradır ki, artıq Azərbaycanda yeni siyasi sistem formalaşır. Xüsusilə, bu ərəfədə ümumxalq, ümumdövlət maraqları naminə dialoqun aparılması və vahid mövqedən çıxışların edilməsi müsbət nəticələr verir, habelə qarşılıqlı anlaşma, əməkdaşlıq, dialoq siyasi sistemin yeni konfiqurasiyasını yaradır.
Daha bir mühüm məqam ölkədə siyasi baxışında asılı olmayaraq bütün partiyaların fəaliyyətlərinə geniş imkanlar yaradılıb. Daha dəqiq desək, dövlət tərəfindən partiyaların fəaliyyətinə heç bir maneə yoxdur, demokratik prinsiplər, azad fikir, azad söz əsas götürülür.
Azərbaycanda siyasi dialoq imkanları artıb
Ən əsası isə, Prezident İlham Əliyev cənabları fəaliyyətində heç bir vətəndaşın mövqeyindən asılı olmayaraq ona Azərbaycan vətəndaşı olaraq yanaşır, hər kəsin siyasi mövqeyinə hörmətlə yanaşılır, qarşılıqlı anlaşma və həmrəylik reallığı özünü təsdiq edir.
O da əbəs deyil ki, müxalifət partiyalarının rəhbərləri də ölkə başçısının həyata keçirdiyi siyasəti dəstəkləyən fikirlərini bildirir, xüsusilə belə bir çətin məqamda həmrəylik çağırışları ilə yadda qalırlar. Misal üçün, dövlət başçısının korrupusiya və rüşvətxorluğa qarşı apardığı amansız mübarizə və s. qətiyyətli qərarlar dəstəklənir və alqışlanır.
“Azərbaycan müxalifəti korrupsiyaya qarşı mübarizədə İlham Əliyevi dəstəkləməli və bu tarixi şansın əldən çıxmasına imkan verməməlidir”. SİA xbər verir ki, bu fikirlə Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu çıxış edib və bildirib ki, bu gün korrupsiyaya qarşı mübarizə müsbət qiymətləndirilməlidir.
Bu kimi çıxışlar edən digər müxalifət partiya rəhbərləri də eyni mövqeləri bölüşür, Azərbaycanda siyasi dialoq imkanlarının artdığını bildirirlər. Bu amil isə artıq yeni dövrün və yeni çağın reallıqları kimi də dəyərləndirilə bilər. Əlbəttə ki, konstruktivlik və dövlətçilik prizmasından kənara çıxmayan istənilən müxalifətyönü siyasi təşkilatların rəhbərlikləri, partiya üzvləri də dövlət başçımızın vurğuladığı kimi Azərbaycan vətəndaşı olaraq, əldə edilən uğurlara davamlı dəstək göstərəcəklərini bəyan etməkdədirlər.
Rövşən RƏSULOV