“Bu tədbirlər həyatımızın danılmaz faktına çevrilib” ÖZƏL-MÜNASİBƏT
"Ölkədə həyata keçirilən, müxtəlif istiqamətlərdə dərinləşən antikorrupsiya və yenilənmə hərəkatı, bir sözlə, geniş xalq kütlələrinin rəğbəti ilə qarşılanan qətiyyətli tədbirlər, ictimai-siyasi həyatımızın danılmaz faktına çevrilib". Bu sözləri DİASPOR.İNFO-ya müsahibəsində Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri, Milli QHT Forumu İdarə heyətinin üzvü Əkbər Qoşalı deyib.
O, qeyd edib ki, özü də elə mövzular, elə həssas məsələlər meydana çıxıb, adam doğrudan-dorğuya sarsılır, axı bizim xalq belə xalq deyil, axı bizim vicdanlı məmurlarımız olub, axı ərazisi işğal olunmuş ölkəyik, axı çevrəmizdə ehtiyaclı həmvətənlərimiz var, axı ali dövlət rəhbərliyi o məmurlara etibar etmişdi, şans vermişdi...
“Gəlin açıq danışaq, dövlət başçımızın korrupsioner mə¬murlar haqqında danışarkən, yalnız dövlət başçısı olaraq deyil, bir ziyalı, bir azərbaycanlı və bir dövlət xadimi kimi necə əziyyət çəkdiyini görməmək mümkün deyil. Bu, prezidentimizin xəlqi duyğularının, dövlət maraqlarını öz taleyi ilə birləşdirməsinin təcallasıdır.
Dəfələrlə xəbərdarlıq edildikdən sonra da öz çirkin əməllərindən (daha dorğusu, əməlsizliklərindən) əl çəkməyən məmurların hərisliyi, mənəviyyatsızlığı dəhşətlidir..! Siz təsəvvür edin, belə yaramazlar hələ ön cəbhədə məsul vəzifədə çalışsaydı nə baş verərmiş.!? Hər şeyin bir həddi, “qırmızı çizgi”si var. DTX-nın, Respublika Prokurorluğunun açıqladığı faktlar, gözü ayağının altını görməyən harın məmurların heç bir hədd, çizgi qanmadığını göstərməkdədir.
Belə məmurlara məktub yazarsan cavab verməz, versə də illa da başdansovdu, mənfi yüklü cavab verər, şəhər telefonları susqun olar, olmasa da bezgin, yorğun səs eşidərsən, telefondan məyusluq yağar. Əl telefonları da ki, bu, heç sözə, kitaba-dəftərə yatası deyil. İşdi-şayət hansısa tədbirdə təsadüfən qarşılaşmaq imkanın olsa, bahalı toqqasını, son model telefonunu, nə bilim, “jeleli saçı”nı-filanı nümayiş etdirirmişcəsinə, “bir ayrı sinif”dən olduğunu “gözə soxar”, sol əllə salam verər. Nə isə, müqəddəs ay içindəyik və orucluğun enegetikasını zədələməyək. Bax, gədələrin üzündən (üzsüzlüyündən) belə mənzərəsizlik, şəkilsizliklər düşdü müstəqil ölkəmizin məmur-vətəndaş münasibətlərinə…
Çox təəsüf, heç birimizdə əminlik yoxdur ki, vətəndaşla dövlətin arasında buz soyuqluğu yaradanlar yalnız çıxdaş olanlardan, o tutulan və işdən çıxarılanlardan ibarətdir. Ancaq ona əminik ki, dövlətin görən gözü, eşidən qulağı, vuran əli yenilənmə, təmizlənmə, şəffaflaşma siyasətini məntiqi sonluğa çatdıracaq.
Əlbəttə, məsul vəzifə daşımış nadürüstlərin hansı hoqqalardan çıxdığını sıravi insanlar, proseslərdən uzaq olanlar bilməyə bilər, lakin indi zəhmət çəksin, həmin yerli və mərkəzi icra hakimiyyəti orqanlarının məsulları, nəzarətə borclu olanlar dövlətə, dövlət başçısına, xalqa, vətəndaşa cavab versin. Hələ qapısı döyülməmişlərsə, özlərinə bir çəki-düzən versin, papaqlarını qabaqlarına qoyub düşünsünlər. Vallah da, billah da, tillah da..!
Ümummilli Lider deyirdi ki, “Dövlət iki şeydən sarsıla bilər: günahkar cəzasız qalanda və günahsıza cəza veriləndə”… Bax, indi tam da onu görürük ki, “yanlış hesab Ağ Saraydan dönür”… Heç kim və heç nə unudulmur, nə hərbi-vətənpərvərlik mənasında, nə də, xəyanət mənasında…
Dövlətimiz zaval görməsin! Bayrağımız uca, müstəqilliyimiz əbədi olsun!”, deyə Əkbər Qoşalı bildirib.
Müəllif: İnam Hacıyev