Bəhruz Quliyev: “İnsanlar gördülər ki, belələrinin əxlaqı, tərbiyəsi, siyasi bilgisi sıfır həddindən də aşağıdadır”
"Milli Şura" adlı qurumun bu dərəcədə siyasi məhvə və rüsvayçı sonluğa məruz qalmasının əsas baiskarları məhz orada "liderlik" iddiasında olan şəxslərdirlər". DİASPOR.İNFO xəbər verir ki, bu fikirləri Olaylar.az-a "SƏS" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev adıçəkilən qurumun "zoom" toplantısında üzə çıxan məlum faktları şərh edərkən deyib.
Onun sözlərinə görə, bu təşkilat ayrı-ayrı xarici dairələrin sifarişi əsasında yaradılır, anti-milli maraqları icra etmək üçün "millilik" adı altında spekulyasiya edir: "Biz dəfələrlə bu kimi halların şahidləri olmuşuq. Əgər bu gün "Milli Şura" rəhbərliyi özünü küçə davranışı qismində aparırsa, onlarla olmayanları təhqirlərə məruz qoyursa, demək onların təməlləri belə qurulub. Əbəs deyil ki, bu gün orada toplaşanların əksəriyyəti "İctimai Palata"da və ondan da əvvəl yaradılmış uğursuz birliklərdə təmsil olunublar. Ancaq aqibətləri də bəlli olub. Ona görə də, əslində baş verənlərdən təəccüblənməyə də dəyməz. Bu, onların gündəlik yaşam tərzlərinin, həyata, hadisələrə qeyri-ciddi baxışlarının göstəricisidir".
"Daha bir məqam isə, onların şər-böhtan xarakterli səs-küy salmalarıdır", deyən siyasi ekspert "zoom" toplantının sosial şəbəkə vasitəsi ilə canlı yayılmasına rəğmən, qarşı tərəfin toplantının görüntülərinin guya hakimiyyət tərəfindən ictimailəşdirilməsi iddiası ilə çıxış etməsini şərbazlığın pik həddi adlandırıb: "Bu onların köhnə xislətləridir ki, son anda özlərini təmizə çıxarmaq üçün kimlərəsə, haralarasa qarayaxma kampaniyasına başlasınlar. Bir halda ki, canlı yayımın gedişində təhqirli fikirlər səsləndirilərkən, onu təşkil edən tərəf xəbərdarlıq edirsə, burada hansı kibercinayətkarlıqdan danışmaq olar? Bu, sadəcə şərbazlığın pik həddidir. Artıq normal düşüncəli insanlar, ictimaiyyətin hadisələrə dolğun, səlis şəkildə qiymət verməyi bacaran kəsimi bir daha kimin-kim olduğunu gördü. İnsanlar gördülər ki, belələrinin əxlaqları, tərbiyələri, siyasi bilgiləri sıfır həddindən də aşağıdadır və onlar ümumiyyətlə, cəmiyyət üçün, dövlətçilik maraqları üçün təhlükə mənbələridirlər. Onların xislətlərində xəyanət, satqınçılıq və ən əsası, humanizm prinsiplərindən uzaq olan bədxassəli şiş formalaşıb. Bu şişi kəsdikcə, o tibbi ifadə ilə desək, mestostaz verir, artır və şaxələnir. Belə xəstəliyin sağalması qeyri-mümkündür və qurd ağacı içindən yediyi kimi, bunlar da içəridən çürüyüb-yox olmaq üzrədirlər".
"Bu gün dövlətimizin başçısı tərəfindən ölkəmizdə uğurlu islahatlar aparılır, əsasən də, korrupsiyaya qarşı amansız mübarizə həyata keçirilir, ancaq xalqla olmayanlar, xalqı yalnız öz çirkin məqsədləri üçün istifadə edənlər bu uğurlara kölgə salmağa cəhdlər göstərirlər", deyən Bəhruz Quliyev "Milli Şura"nın sözügedən virtual toplantısı zamanı oradakıların utopik xəyallarına da münasibətini bildirib: "Uzun illərdir ki, utopiya üzərində var-gəl edən bur kəsimin "bir neçə ay sonra hakimiyyətə hazırlaşırıq" tipli çox gülünc, səviyyəsiz iddiaları artıq bütün gerçəklikləri üzə çıxarmış oldu. Baxın, hətta o qurumun yaradanlarından hesab edilən şəxslər belə, oradan istefa verdilər. Bu nə deməkdir? Bu o anlamı daşıyır ki, artıq öz içlərində belə, heç bir ortaq məxrəcə gələ bilməyən adamlar həmin vasitə ilə siyasi məhvlərini etiraf edirlər. Düşünürəm ki, bu artıq onların rüsvayçı sonlarıdır və bu sonluğun yaranmasında, baş verməsində əsas baiskarlar da özləridir. Bir halda ki, onlar adi bir serialın səsləndirdikləri boş-boş fikirlərindən daha səmərəli olduğunu etiraf edirlərsə, canlı yayımları həmin serialın vaxtı ilə üst-üstə düşməməsi üçün baş sındırırlarsa, demək ki, məğlub durumda olduqlarını dolayı yollarla etiraf edirlər. Bu baxımdan da, günahları, uğursuzluqları və siyasi məhv səbəblərini özlərində axtarsalar daha yaxşı olardı".