“Ermənilər günahkar axtarmağa mənəvi imkanlarını itiriblər” ÖZƏL-MÜNASİBƏT
Nikol Paşinyanın babasının faşistlərə xidmət etdiyi barədə məlumatlar tirajlandıqdan sonra, onun öz bədnam soyadını təmizə çıxarırmışcasına Məhəmmədəmin Rəsulzadəni ittihama cəhd etməsi çox dəyərsiz, əsassız bir gedişdir. Bu sözləri DİASPOR.İNFO-ya müsahibəsində Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri, Milli QHT Forumu İdarə heyətinin üzvü Əkbər Qoşalı deyib.
Əkbər Qoşalı vurğulayıb ki, əslində, bu yerdə “gediş”dən daha çox “çöküş” sözü yerinə düşərdi.
“Bilirsiz, demokrat libası geyinib, işğalçılıq siyasətini davam və inkişaf etdirmək yolu tutan bir adam, kimisə, nəyi isə təftiş etmək haqqına sahib ola bilməz. Onun baş naziri olduğu dövlətin bütün ərazisi tarixi Azərbaycan torpağıdır. Üstəlik, Dağlıq Qarabağ və ətraf rayonların işğalı günümüzün acı, anti-bəşəri gerçəkliyidir. Xocalı soyqırımı uzaq tarix deyil. Yəni, özləri beynəlxalq hüquq normalarını, adi qonşuluq prinsiplərini başabaş pozanlar başqa yerdə, ayrı vaxtda günahkar axtarmağa mənəvi imkanlarını itirmişlər. Ona görə də, işğalçı Ermənistanın rəsmilərinin, Paşinyan və ya başqa birinin, işğala məruz qalan Azərbaycanın tarixi şəxsiyyətlərini, bugünkü rəhbərliyini ittihama cəhd etməsi tərbiyəsizlikdir.
Məhəmmədəmin Rəsulzadə Hitlerlə görüşməyib, bu barədə tarixi fakt yoxdur. Ancaq Rəsulzadənin o vaxtkı Almaniya hökuməti ilə, hansısa alman rəsmisi ilə əlaqə qurmasını nəzərdə tuturlarsa, heç kəsə sirr deyil ki, o işdə məqsəd, əsir düşmüş azərbaycanlıları əsirlikdən, ölüm təhlükəsindən qurtarmaq olub. Unutmayaq ki, faşistlər müharibənin ilk illərində min beş yüz azərbaycanlı əsiri öldürmüşdü. Azərbaycanın dövlət müstəqilliyinin Almaniya hökumətinə qəbul etdirilməsi məsələsinə gəldikdə isə, Rəsulzadə 1943-cü ilə aid edilən “Memorandum”dan imtina etmişdir. Rəhmətlik açıq şəkildə bildirmişdi ki, biz fasiştlərlə işbirliyində ola bilmərik. Tarixçi alimlərimizin də yazdığı kimi, nə Rəsulzadə, nə Xalq Cümhuriyyətinin keçmiş dövlət xadimlərindən kimsə, faşistlərlə işbirliyinə getməyib. Onlar Hitleri, ümumən faşizmi insanlıq üçün təhdid sayırdı. Alman faşistləri ilə işbirliyi içində olan erməni faşistlərindən fərqli oaraq, əsl demokrat Rəsulzadə və həmfikirləri faşistlər tərəfindən dışlanmışdı və Almaniyadan çıxarılmışdı. Əvəzində isə Qafqaz ərazisində casusluq işinin təşkili üçün məhz erməni general Dro seçilmişdi.
Fürsətdən istifadə edib, bu mövzuda az bilinən tarixi həqiqətləi gün üzünə çıxaran tarixçilərimizə təşəkkür edirəm, bunlar öz yerində. Yenə qayıdıram o ittiham məsələsinə ki, təftiş etməyə cəhd göstərənlər, qonşusunun evinə daş-kəsək atmaq istəyənlər özləri şüşə evdə oturduqlarının fərqində olmalıdırlar. Hələ-hələ o şüşə kirlisə, o daş tutan əl qanlısa, bu barədə yalnız “ittihamçı” daş atan deyil, hər kəs, fikirləşməlidir, o cümlədən o qanlı, daşlı əli sığallayanlar da…
Dünya bir baxsın artıq ki, bu gün faşizm irsini dünyada yaşadan kimdir? Nə uzaq coğrafiyaya, nə uzaq tarixə getmək lazım deyil. Ünvan, işğal olunmuş Azərbaycan torpaqlarıdır, tarix isə XX yüzilliyin 90-cı illərindən günümüzədək olan tarixdir…“, deyə Əkbər Qoşalı bildirib.
Müəllif: İnam Hacıyev