Budapeştdə 60 nəfər azərbaycanlı tələbəyə yardım edilib
Macarıstanın Budapeşt şəhərində təhsil alan və yeni koronavirus pandemiyası ilə əlaqədar müvəqqəti çətinliklə qarşılaşmış 60 nəfər azərbaycanlı tələbəyə ərzaq yardımı göstərilib.
Humanitar aksiya Budapeştdə fəaliyyət göstərən Azərbaycan Evi və Macar-Türk İslam Evinin birgə təşəbbüsü ilə təşkil edilib.
Azərbaycan Evinin rəhbəri Ramiz Əmirli bildirib ki, türk diasporu tərəfdən Mühəmməd İncəoğlu ilə birlikdə öncədən soydaşlarımızla görüşərək, onların problemləri ilə maraqlanıblar. Sonra isə yardım kampaniyasına hazırlığa başlanılıb və ərzaq paketləri tələbələrimizə çatdırılıb.
Azərbaycanlı tələbələr bu diqqət və qayğıya görə dövlətimizə və diaspor təşkilatlarına minnətdarlıqlarını bildiriblər.
Tələbələrin qarşısında çıxışı zamanı Azərbaycan Evinin rəhbəri Ramiz Əmirli öz növbəsində Macar-Türk İslam Evinə və Diasporla İş üzrə Dövlət Komitəsinə göstərilən həmrəyliyə və dəstəyə görə təşəkkür edib. O, əlavə edib ki, Macarıstanda həmrəylik və birlik kampaniyaları davam etdiriləcək.
Qeyd edək ki, 2019-cu il dekabrın 27-dən Budapeştdə fəaliyyətə başlayan Azərbaycan Evi bu ölkədə yaşayan və buraya səfər edən hər bir azərbaycanlının doğma məkanına çevrilib. COVİD-19 pandemiyası ilə əlaqədar yaranmış vəziyyətdə Azərbaycan Evinin adından Macarıstandakı soydaşlarımıza müraciət edilib, qaynar xətt nömrələri elan olunub, soydaşlarımıza tibbi maska və əlcəklər paylanılıb.
Martın 15-də Budapeşt-Bakı reysi təxirə salınarkən, Azərbaycan Evi, bu ölkədəki Azərbaycan səfirliyi ilə birlikdə, hava limanında qalan soydaşlarımızı müvəqqəti olaraq hostellərə yerləşdirib, martın 18-də isə onların çarter reysi ilə Vətənə yola salınmasında iştirak edib.