Gürcüstan inzibati üsula əl atdı
Gürcüstanda koronavirusla əlaqədar tətbiq olunan bəzi qadağalar ləğv olunsa da bəziləri qüvvədə qalır və həmin qaydaların pozulması ciddi qanun pozuntusu hesab ediləcək. Qüvvədə olan qaydalardan biri də ictimai nəqliyyatda hərəkətin bərpasından sonra tibbi maskadan istifadənin məcburi olmasıdır.
DİASPOR.İNFO xəbər verir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbərinin müavini Paata İmnadze məlumat verib.
Onun sözlərinə görə, ictimai nəqliyyatın işinin bərpası ilə bağlı yeni qaydalar və tövsiyələr hazırlanır.
Yeni qaydalarda sərnişinlərin ictimai nəqliyyatda tibbi maskadan istifadəsi və sosial məsafə saxlaması mütləq qaydada tələb olunacaq. Qaydaları pozan şəxslər cərimə olunacaqlar. Qaydanı ikinci və üçüncü dəfə pozan şəxsləri daha ciddi cəza gözləyir.
İmnadze deyib ki, sərnişinlər arasında müəyyən məsafə saxlamaq asan olmayacaq, lakin, buna görə də bu problemin həlli üçün iş aparılır, yollar axtarılır.
Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar martın 21-dən Tbilisidə sərnişin mikroavtobuslarının, martın 31-dən isə avtobuslar və metronun hərəkəti dayandırılıb.
“İctimai nəqliyyatın hərəkətinin fövqəladə vəziyyətin başa çatacağı gündən, mayın 22-dən sonra bərpa olunacağı gözlənilir”, - deyə, İmnadze vurğulayıb.