Xüsusi karantin rejiminin tələblərini pozanlar inzibati və cinayət məsuliyyətinə cəlb olunacaq
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah vətəndaşlara xəbərdarlıq edib.
DİASPOR.İNFO-nun məlumatına görə, Qərargahın qəbul etdiyi qərarda bildirilir ki, qərarda nəzərdə tutulmuş qaydada şəxslərin hərəkəti zamanı onların üzərlərində şəxsiyyəti təsdiq edən sənədlərin olması məcburidir. Bu qərarla müəyyən edilmiş hərəkət məhdudiyyətlərinin tətbiqi qaydalarının pozulmasına görə fiziki, hüquqi və vəzifəli şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
Bu qərarla müəyyən edilmiş hərəkət məhdudiyyətlərinin tətbiqi qaydalarına riayət olunmasına nəzarət Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilir.
Qeyd edək ki, yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejiminin sərtləşdirilməsini təmin etmək üçün Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində 2020-ci il 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək məhdudiyyətlər tətbiq edilib.