Çörəyi dizinin üstündə olanlar - MÖVQE
Hafiz Hacıyev: “Əli İnsanov çaşıb, başından yekə hərəkətlər edir”
Son zamanlar keçmiş səhiyyə naziri Əli İnsanovun səsləndirdiyi bəyanatları və özünü əsl "siyasətçi" adlandırması müxalifət düşərgəsində hiddətlə qarşılanıb. Müasir Müsavat Partiyasınnı sədri Hafiz Hacıyev Əli İnsanovun "çörəyi dizinin üstündə olan ermənipərəstlər kimi belə tərbiyəsiz danışması"na təəccüb etmədiyini bildirib: "Bu o Əli İnsanovdur ki, ölkə vətəndaşlarının yaddaşında regionçu, korrupsioner, jurnalistlərə qarşı tərbiyəsiz hərəkətlər edən və ən nəhayət, Ulu Öndər Heydər Əliyevin siyasi kursuna xəyanət edən birisi kimi qalıb və qalmaqdadır. Hətta Ulu Öndərin qurduğu dövlətə qarşı çıxmasını, ona xain mövqe tutmasını şərh edənlər Əli İnsanovu çörəyi dizinin üstündə olan adam kimi də qınayırlar".
H.Hacıyev Prezident İlham Əliyevin humanistliyindən yararlanaraq azadlığa çıxan Əli İnsanov dərhal buqələmun kimi rəngini dəyişdiyini, özünü "azadlıq aşiqi və ana müxalifət" kimi təqdim etdiyini bildirərək deyib ki, Əli İnsanov Azərbaycanda 4 müxalifət partiyasının - Müsavat, AXCP, REAL və HƏP olduğunu iddia etməsini əxlaqsızlıq adlandırıb: "Görünür, bu ermənipərəst Əli İnsanov çaşıb. İndi qocalıb, qocalan insanın ağlı gedir. Onun danışdıqları xülyadı. O, heç də narahat olmasın. Özü də bu gün ölkənin hakimiyyətdə olan prezidenti var, o, çox yüksək səviyyədə dövləti idarə edir və bu idarəçilikdə də müəyyən irəliləyişlər var. Başqa hakimiyyət haqqında danışmaq artıq mənəviyyatsızlıq və düşüncəsizlikdir. Əli İnsanov başından çox yekə hərəkətlər edir. Ona görə də dedikləri mənasız bir şeydir. Əgər lazım olarsa, Əli İnsanovu bir aya, hətta 10 günə koalisiya qurmaq istədiyi qüvvələri siyasi cəhətdən məhv edib pis günə salarıq. Sadəcə ağsaqqaldır, istəmirik ki, 3-5 illik ömrü qalıb, onu da geri salaq".
İnsanov niyə yalan danışır?
H.Hacıyev onu da bildirib ki, Əli İnsanov özü kimi düşünməyənləri adam saymayan, yaşamaq haqqı tanımayan idi: "Əli İnsanov tabeliyindəkiləri əzmək, adamlara qarşı qeyri-insani davranış, müxalif və müstəqil fikirliləri parlament tribunasından təhqir eləmək, azad media anlayışına ironiya eləməklə məşğul olub. Və demokratik Qərb də, Amerika da bu hökuməti uzun illər məhz Əli İnsanov kimilərdən xilas olmağa, korrupsiya, məmur özbaşınalığı, azad mediaya qeyri-etik münasibət göstərənlərə qarşı mübarizə aparmağa çağırıb. Əli İnsanov kimi korrupsioner, dosyesi qaranlıq birini müdafiə edən hansı Qərbdi, çox maraqlıdı? Aldığım informasiyaya görə, bu illər ərzində heç bir Qərb və Amerika institutundan Əli İnsanovun azadlığı ilə bağlı bir müraciət belə daxil olmayıb. Bu illər ərzində bir Qərb institutu belə Əli İnsanovu həbsdən azad etməyə çağırmayıb. Belə olan halda bu avantüranın altında nə dayanır? Əli İnsanovu aldadıblar, ya Əli İnsanov yalan danışır, cəmiyyəti aldadır? Əli İnsanovun minnətdar olacağı bir ünvan var, o da humanist, həm də demokrat İlham Əliyev. Əli İnsanovun azadlığına səbəb onun və onun kimilərin 2005-ci ildə indiki sürətlə davam etməsinə imkan vermədikləri islahatların indi baş tutmasıdır. O islahatlar da ona görə baş tutub ki, Prezident son 16 ildə zərrə-zərrə Əli İnsanov kimi hər şeyin cəza mexanizmi ilə, sərt üslubla həll olunacağını deyənləri təmizləyib, iradə nümayiş etdirib, Əli İnsanov kimilərdən fərqli olaraq xalqa güvənib, xalqa arxalanıb. Əli İnsanov buna görə bu gün azadlıqdadır. Hökuməti də, cəmiyyəti də insanov kimilərdən xilas edən düşüncəyə və Prezidentə minnətdar olsun!".
Bütün hallarda Əli İnsanov nə müxalifətə, nə də öz ətrafına bundan sonra da xeyri dəyməyəcək. Çünki simasızların, çörəyi dizinin üstündə olanların etibarı və ləyaqəti sıfra düşür. Sıfırların dəyəri isə elə sıfırdır...
"Necə deyərlər, Əli İnsanov xəyanətkardır, satqındır"
Bu yerdə Yeni Azərbaycan Partiyasının Sədr müavini - icra katibi, Baş nazirin müavini Əli Əhmədovun "Facebook" səhifəsində yazdığı fikirləri bir daha təqdim etmək istərdim: "Əli İnsanovun müsahibələri onun siması və insani keyfiyyətləri haqqında tam təsəvvür yaradır: yalan, riyakarlıq, xəyanət. Onun ümummilli lider Heydər Əliyev yoluna xəyanəti artıq çoxdan bəllidir. Keçmiş nazir indi separatçı erməni ideoloqu kimi özünü təqdim və təsdiq etməyə çalışır. Bu isə milli xəyanətdən başqa bir şey deyildir. Erməni separatçılarının ideoloji tezis kimi uydurduğu, guya ermənilərin Azərbaycanda mənəvi-iqtisalarının qeyri-mümkün olması haqqında əsassız şüarın Əli İnsanov tərəfindən dəstəklənməsinə ayrı cür ad vermək mümkün deyil. Görünür, Azərbaycan xalqının dəstəyini qazanmaq xülyasının boşa çıxmasından sonra o, ermənilərin, Qərbdəki erməni lobbisinin dəstəyinə arxalanmaq fikrinə düşüb. Hələ nazir olarkən İrəvana səfəri zamanı ermənilərlə qol qaldırıb oynaması haqqında vaxtilə ağızıdolusu danışması yada düşür. Deməli, heç nə təsadüfən baş vermir. Hər şeyin bir səbəbi, bir izahı var".
Beləliklə, xalqa izah etməyə ehtiyac yoxdur. Çünki bütün bunlar Azərbaycan xalqının gözü qarşısında baş verib və bizim cəmiyyətin ictimai yaddaşı əsla qısa deyil. Ona görə də adı ictimai yaddaşda korrupsiya ilə assosiasiya olunan bir şəxsin siyasətə qayıtması mümkün deyil.
Rəfiqə HÜSEYNOVA