““ASAN xidmət”in saytında 1 həftə sonraya belə növbə götürmək mümkün olmur. Alternativ olaraq mobil tətbiq və ya “108” nömrəsinə zəng olunması tələb edilir”.
“Diaspor info” xəbər verir ki, bu sözləri məşhur qrafik dizayner Rəsul Həsən sosial şəbəkədə yazıb. O bildirib ki, qeyd olunmuş “108” nömrəsi isə səhər saat 9-dan işləyir və demək olar ki, ora düşmək mümkün deyil:
“Əgər bir saat sonra düşə bilsən, cavab odur ki, istədiyiniz əməliyyat üzrə növbə dolub. Operatora sual: “Nə etməli?” Operatorun cavabı: “Mobil tətbiqi yükləyib səhər saat 6-da növbə götürün”.
Növbəti suallar: Nə üçün mən səhər 6-da yuxudan durub növbə götürməliyəm? Əgər mənim telefonum smartfon deyilsə nə etməliyəm?”
“ASAN xidmət”dən R. Həsənin şikayətinə cavab olaraq bildirilib ki, Nazirlər Kabinetinin sərt karantin rejiminin tətbiqi ilə əlaqədar müvafiq Qərarının icrası ilə bağlı olaraq mərkəzlərdə vətəndaşların qəbulu istiqamətində interval müddətinə zəruri dəyişikliklər və limitlər həyata keçirilib: “Burada məqsəd karantin rejimi tələblərinə uyğun olaraq sosial məsafə gözlənilməklə izolyasiya qaydalarına əməl olunması və vətəndaşlarımızın sağlamlığını təmin etməkdir.
“ASAN xidmət” mobil tətbiqində növbəni səhər saat 06:00-da tutmaq tələbi yoxdur. Mərkəzlərdə işin saat 09:00-da ( hazırkı karantin rejimi dövründə 09:30-da) başlanması ilə əlaqədar növbə tutmaq üçün müvafiq sistem saat 06:00 da aktivləşdirilir. İlkin olaraq bu saat 08:00 idi. Sonradan vətəndaş axınının kütləviliyi nəzərə alınaraq növbə tutma zamanı uzadıldı”.
Bundan əlavə qeyd edilib ki, Asan İmza sertifikatını vətəndaş İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin müvafiq idarələrinə müraciət edərək də əldə edə bilər.