“Bu, dövlətin vətəndaşlara göstərdiyi qayğının ən bariz nümunəsidir” ÖZƏL-MÜNASİBƏT
İndiyə qədər Modul tipli xəstəxanalar, Bakıda açılıb və sevindirici haldır ki, artıq regionlarımızda açılır. Bu sözləri DİASPOR.İNFO-ya verdiyi açıqlamasında “İnkişafa Doğru Qadın Təşəbbüsü” İctimai Birliyinin sədri Ziba Nəbiyeva deyib.
İctimai Birliyin sədrinin sözlərinə görə, ümumilikdə 10 müasir modul tipli xəstəxananın tikilib istifadəyə verilməsi nəzərdə tutulub ki, bu da çox önəmli məsələdir və bu dövlətin öz vətəndaşlarına göstərdiyi qayğının, sağlamlığının mühafizəsi istiqamətində gördüyü işlərin ən bariz nümunəsidir. Modul tipli xəstəxanaların quraşdırılması ilə ölkənin səhiyyə sisteminin əlavə 2000 çarpayılıq ehtiyatı yaranacaq.
“Məlumdur ki, bu pandemiya bütün dünyanı, bütün dünya ölkələrini, bütün xalqları bir test etdi. Yəni, ölkələr hansı şəkildə çevik reaksiya göstərmələri baxımından, əhali də, vətəndaşlar da öz sosial məsuliyyətləri baxımından test olundular. Bizim ölkəmiz çox çevik şəkildə reaksiya verdi və bütün lazımi tədbirlər görüldü və görülür də. Bu proseslər təbii ki, pandemiyaya qalib gəlinənə qədər də davam edəcək.
Mən hesab edirəm ki, bizim vətəndaşlarımız da sosial məsuliyyətlərini hiss etməlidirlər və heç bir şəkildə birtərəfli təşəbbüslə bu pandemiyaya qalib gəlmək olmaz. Necə ki, dövlət özünün çevik reaksiyasını verir, eləcə də vətəndaşlarımız da öz sosial məsuliyyətlərini hiss edərək, dövlətimizin COVİD-19 pandemiyası ilə mübarizədə həyata keçirdiyi bütün tədbirləri dəstəkləməlidirlər. Güc birlikdədir. Yalnız birgə səylər hesabına bu bəlaya qalib gəlmək olar.
Ölkə rəhbəri ictimai qınaqla bağlı məsələni önə çəkir və bu doğrudan da çox önəmlidir. Bizim vətəndaşların hər birisi üzərinə düşən məsuliyyəti hiss etməlidir, özləri özlərinə nəzarət etməlidirlər. Nümunə kimi deyə bilərəm ki, bundan əvvəl insanlarda bir inamsızlıq var idi və bu xəstəliyə inanmırdılar. Biz bir vətəndaş cəmiyyəti təşkilatı üzvü olaraq soruşurduq və insanların cavabına heyran qalırdıq. İnsanlar deyirdilər ki, yoluxma barədə statistika var, amma biz ətrafımızda, tanışda, yaxında, qohumda görməmişik. İnsanda bir təəssüf hissi yaranırdı ki, gərək kiminsə qohumunda, yaxınında yoluxma olmalıdır ki, buna inanılsın? İndi artıq insanların sosial məsuliyyəti baxımından yoluxma o vəziyyətdədir ki, insanlar yaxın ətrafında da buna rast gəlirlər və artıq inanmağa başlayırlar. Əvvəlki aylara baxanda insanların məsuliyyətinin müəyyən qədər artdığının şahidi oluruq. Ancaq bu əlbəttə ki, kifayət qədər deyil.
Məsələn, ictimai nəqliyyatdan istifadə etdiyimiz və ya digər qapalı məkanlarda olduğumuz zaman ya tibbi maskalardan istifadə etməyən insanlara, ya da həmin maskalardan yalnız çənədə saxlamaqla düzgün istifadə etməyənlərə rast gəlirik. Bu zaman hər birimiz həmin insanlara tibbi maskalardan istifadənin, yaxud düzgün istifadənin vacibliyini xatırlatmalıyıq. Təbii ki, bunu müəyyən çərçivədə, etik normalara riayət edərək, heç bir halda şəxsiyyəti təzyiq altına almadan etməliyik. İctimai nəzarət və ictimai qınaq alətlərindən effektiv şəkildə faydalanmaq zəruridir. Bu baxımdan ictimai təşkilatlar öz fəaliyyətləri ilə cəmiyyətimizə böyük töhfələr verə bilərlər”, deyə Ziba Nəbiyeva bildirib.
Müəllif: İnam Hacıyev