"Ordumuz hamımızın qürur, fəxr, güvən ünvanıdır" ÖZƏL-ŞƏRH
"Bu gün Azərbaycan Ordusu hamımızın qürur, fəxr, güvən ünvanıdır. Ordumuzun gücü hazırda elə bir səviyyəyə gəlib çatıb ki, onun istənilən an işğal altındakı torpaqları qısa müddətdə azad etmək imkanlarına malik olmasına heç kim şübhə etmir". Bunu DİASPOR.İNFO-ya Əməkdar jurnalist Elman Babayev deyib.
Onun sözlərinə görə, Azərbaycan Ordusu bu səviyyəyə qısa müddətdə çatıb: "Hamının xatirindədir ki, 90-cı illərin əvvəllərində hələ tam formalaşmayan, dağınıq vəziyyətdə, ayrı-ayrı silahlı dəstələrdən ibarət olan silahlı qüvvələr mövcud idi. İndi isə onun yerində regionda ən güclü, bütün dünyada isə öz imkanlarına görə 50-ci yerdə qərarlaşan Azərbaycan Ordusu dayanıb.
Ordumuzun ən güclülər sırasında yer almağa başlamasında o vaxtkı Ali Baş Komandan Heydər Əliyevin xidmətləri danılmazdır. 1993-cü ildə Heydər Əliyev AXC-Musavat hakimiyyətindən təkcə ölkəni dağılmış vəziyyətdə təhvil almamışdı, eyni acınacaqlı durum müharibə aparan ölkənin bel sütunu olan silahlı qüvvələrdə də hökm sürürdü. Məhz Onun dəmir iradəsi, seçdiyi düzgün taktika Azərbaycan Ordusunun sarsılmaz təməllər üzərində qurulmasına gətirib çıxartdı. Heydər Əliyev şəxsiyyəti, nizam-intizamı pərən-pərən olmuş ordunu yenidən qurmağa imkan verdi...
Bölgədə sabitliyin ermənilər tərəfindən pozulması, torpaqların işğalı, eyni zamanda konfliktin həlli yönündə beynəlxalq müstəvidəki ayrı-ayrı müzakirələrin xoşagəlməyən məcrada getməsi Azərbaycandan hərbi siyasətini gücləndirməyi tələb edirdi. 1994-cü ildə atəşkəs əldə edildi və həmin dövrdə büdcədən hərbi sahəyə ayrılmaların kifayət qədər az olmasına rəğmən, ordu quruculuğuna başlanıldı. O zaman ölkənin məhdud iqtisadi gəlirləri hərbi xərcləri yüksəltməyə əsas verməsə də, Heydər Əliyev faktoru nizamlı ordu qurculuğunun həyata vəsiqə qazanmasında əsas rol oynadı.
Yaradılan güclü iqtisadiyyat 2000-ci ildən etibarən, hərbi büdcədə artımların müşahidə olunmasına gətirib çıxartdı. Artıq illərdir ki, hərbi sahə dövlət siyasətində xüsusi prioritetlik qazanıb və bu sahəyə vəsaitlər dinamik olaraq artırılıb.
Sonrakı mərhələdə prezident Ali Baş Komandan İlham Əliyevin orduya diqqəti daha da artdı. Ordu quruculuğu, müasir silahlarla təchiz olunmuş qüdrətli ordu yaratmaq bir nömrəli məsələyə çevrildi, orduya ayrılan vəsaitlərlə bağlı rəqəmlər sürətlə dəyişdi. Ordumuzun silah-sursat, texnika ilə təchizatı baş verdi, bu məqsədlər üçün milyardlarla dollar vəsait xərcləndi. Nəticə isə göz önündədir:
- Bu gün çox yüksək peşəkarlığa malik Azərbaycan Ordusu dünyada 50 ən güclü ordu sırasındadır;
- Azərbaycan Ordusunun zirehli texnikası ən yüksək standartlara cavab verir;
- Silahlı Qüvvələrin hava hücumuna qarşı müdafiə sistemi müasirləşdirilib və hava hücumuna qarşı müasir qurğularımız ölkəmizi, o cümlədən strateji obyektləri qorumaq imkanındadır;
- Döyüş təyyarələri modernləşdirilib, yüzdən çox hərbi və hərbi-nəqliyyat vertolyotumuz var;
- Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin xətti ilə 1300-dən çox adda hərbi təyinatlı məhsul istehsal olunur. Azərbaycan onlarla ölkəyə hərbi məhsul ixrac edir.
Qeyd olunanlarla yanaşı, bütün hərbi hissələr, şəhərciklər, hərbi bazalar yenidən qurulub və bu iş davam etdirilir. Hərbi hissələrin 90 faizində tikinti-bərpa, yenidənqurma işləri tamamlanıb. Şəxsi heyətin xidmət şəraitinin yaxşılaşdırılması ilə bərabər, zabitlərin məişət problemləri cözülür, Vətənə sədaqətlə və qüsursuz xidmət edən hərbçilər dövlət tərəfindən yüksək təminatla əhatə olunurlar. Hərbçilərin əməkhaqları müntəzəm olaraq qaldırılır. Bütün bunlar Azərbaycan dövlətinin öz ordusuna göstərdiyi diqqət və qayğının təzahürüdür.
Ali Baş Komandan İlham Əliyev ötən gün Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin açılşında görülən işləri sadaladı, eyni zamanda, ordumuzun müasir silah-sursat, texnika ilə təchizatı bundan sonra da davam etdiriləcəyini bəyan etdi. İlham Əliyevin çıxışı ordumuzun öz hədəflərinə çatması üçün bütün addımların davam etdiriləcəyini, orduya diqqətin zərrə qədər də azalmayacağını göstərdi. “Azərbaycan müharibə şəraitində yaşayır və belə olan halda ordu ilə bağlı bütün məsələlər ən başlıca vəzifədir”- deyən Ali Baş Komandan döyüş qabiliyyətinin artırılması istiqamətində əlavə addımlar atılacağını, ordumuzun hər an ərazi bütövlüyümüzü bərpa etmək üçün hazır olduğunu vurğuladı: “Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir və ediləcək”.
Prezidentin bəyanatları mövcud şəraitə adekvatdır. O baxımdan ki, Azərbayçan bu gün ciddi şəkildə hərbi situasiyanın içərisindədir, təbii ki, belə bir vəziyyət hərbi büdcəni stabil saxlamamağı, ordunu daha da gücləndirməyi tələb edir.
Son illər ermənilərin sərhəd boyu pozduğu atəşkəsə Azərbayçan tərəfindən sarsıdıcı cavab reaksiyasları verilib. Bu reaksiyalar və əldə olunan nəticələr qələbələrə susamış, qələbə istəyi digər təminatlarla tamamlanan ordunun varlığının əyani göstəricisidir.
Xatırlatmaq yerinə düşər ki, həm 2016-cı ilin, həm 2018-ci illərin hərbi əməliyyatları nəticəsində böyük ərazi işğalçılardan azad olunub. Prezidentin bəyan etdiyi kimi, ermənilərin işğal edilmiş torpaqlarda qazdıqları səngərlərə girmişik, biz indi orada otururuq və orada möhkəmlənmişik.
2016-cı il aprel döyüşlərində Azərbaycan Ordusunun kiçik bir hissəsi tərəfindən Ermənistan silahlı qüvvələri darmadağın edildi və döyüş meydanında ölkəmizin üstünlüyü təmin olundu.
2018-ci ilin may ayında isə Naxçıvanda həyata keçirilən Günnüt əməliyyatı zamanı torpaqlarımızın bir hissəsinin və strateji əhəmiyyətli yüksəkliklərin işğaldan azad olunması bir daha ordumuzun nəyə qadir olduğunu nümayiş etdirdi.
Bu gün Azərbaycan Ermənistanla müharibənin növbəti dalğasına tam hazırdırmı? Cavab birmənaldır: bəli! Azərbaycan itirilən torpaqların geri alınmasını prinsipial şəkildə qarşıya qoyub. Burada söhbət silah-sursatın, iri hərbi texnikanın əldə olunması ilə yanaşı, peşəkar hərbi kadrların hazırlanması, ordunun beynəlxalq standartlara uyğunlaşdırılması, döyüşçülərdə maddi stimul yaratmaq, onların sosial təminatını həll etmək kimi məsələlərdən gedir. Hazırda Azərbaycan Ordusu bütün bu məsələlər üzrə ciddi irəliləyişlərə nail olub.
Ötən illərdə hərbi büdcənin artımı təkcə rəqəmlərdən ibarət fərəhləndirici iqtisadi göstərici deyil, həm də Azərbaycanın Dağlıq Qarabağla bağlı mövqeyinin, açıq desək, müharibə ilə ilgili planlarının dünyaya təbliğidir. Yəni, hərbi büdcənin durmadan irəliləməsi Azərbaycanın müharibə ilə bağlı imkanlarını əsaslı şəkildə sübuta yetirir.
Bu siyasətin qətiyyətli, prinsipial şəkildə aparılması dünya çapında güclü Azərbaycan Ordusu meydana çıxarıb. Yeni müasir silah, texnika, avadanlıqla təmin olunmuş, infrastrukturu yenilənmiş, döyüş qabiliyyətini daim artıran, peşəkarların cəmləşdiyi bir Ordu...
Prezident son çıxışında hər bir hərbi hissədə ideoloji tərbiyə işinin yüksək səviyyədə təşkil edilməsinə də toxunub və bu məqama xüsusi diqqət ayrılmasının vacibliyini önə şəkib; Gənclərimiz milli ruhda, vətənpərvərlik ruhunda böyüməli, müstəqilliyin qədrini bilməlidirlər; Ölkəmizin tarixi ilə əlaqədar hər bir əsgərdə, zabitdə dolğun təəssürat olmalıdır; Gənclərimiz bilməlidir ki, bugünkü Ermənistan Azərbaycan torpaqlarında formalaşıb; Gənclər bugünkü Ermənistan xəritəsində coğrafi toponimlərin əsl adlarını bilməlidirlər: “Ermənilər əvvəlcə indiki Ermənistan ərazisində, indi isə Dağlıq Qarabağda və ətraf bölgələrdə Azərbaycan toponimlərini dəyişdiriblər, orada yeni dırnaqarası sərhədlər çəkiblər, bizim tarixi keçmişimizi, məscidlərimizi məhv ediblər, tarixi abidələrimizi, torpaqlarımızı erməniləşdirmək istəyirlər”
İdeolji tərbiyənin Prezident tərəfindən ön çəkilməsi təsadüfi deyil. Bu iş Azərbaycan gəncinin öz tarixi haqqında tarixi həqiqətlərlə silahlanmasına, haqq işimiz uğrunda mübarizədə daha inamlı, hazırlıqlı olmasına gətirib çıxaracaq.
Ali Baş Komandanın vurğuladığı kimi, nüharibə hələ bitməyib. Müharibənin Azərbaycanın xeyrinə bitməsində isə ordumuz öz sözünü deməkdədir; istər cəbhədə, istərsə də danışıqlar masasında inamın, qətiyyətin, əzmin müəllifi Azərbaycan Ordusudur! Azərbaycandır! Bu Ordu Azərbaycan torpağında ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək, tarixi ədalət bərpa olunacaq! Azərbaycanın qürur yeri Silahlı Qüvvələrimiz -yeni yaşın mübarək!!!".
Müəllif: Ceyhun Rasimoğlu