"Gündəlik 3 tibbi maska 90 qəpik, aya 27 manat..." ÖZƏL - AÇIQLAMA
"Cərimələrdən əvvəl cəmiyyətdə həm xəstəliyə, həm də qərar verən quruma olan inam bərpa edilməlidir. O zaman əmin ola bilərsiniz ki, hər kəs bir nəfər kimi tibbi maska da taxacaq, fiziki məsafə də qoruyacaq". Bu sözləri DİASPOR.İNFO-ya açıqlamasında "Gənclərin Töhfəsi" İctimai Birliyinin sədri Asim Vəliyev deyib.
Onun sözlərinə görə, ilk dəfə mart ayında elan edilən sərt karantin rejimi ilə indiki 2 həftəlik sərt karantin rejimi arasında çox fərq var: "Şəxsən müşahidələrimdən deyə bilərəm ki, ilk dəfə sərt karantin rejimində insanlar daha çox qaydalara əməl edirdi. İstər sərnişin avtobuslarında, istərsə də metroda. Həm sərnişinlər məsuliyyətli idi, həm də sürücülər. Halbuki indiki sərt karantin rejimində hər iki tərəfdən qaydalar pozulur. Sürücülər lazımından artıq tibbi maskasız sərnişin qəbul edərək fiziki məsafəni pozmaqla yanaşı, yoluxmaya da səbəb olurlar. Düşünürəm ki, cərimələrdən əvvəl cəmiyyətdə həm xəstəliyə, həm də qərar verən quruma olan inam bərpa edilməlidir. O zaman əmin ola bilərsiniz ki, hər kəs bir nəfər kimi tibbi maska da taxacaq, fiziki məsafə də qoruyacaq. Heç cərimələri də yüksəltməyə ehtiyac qalmayacaq. Düzdür, yüksək cərimə tətbiqi praktikada digər ölkələrdə mövcuddur. Bizim ölkə üçün 50, 100 manat cərimə belə kifayət qədər yüksəkdir. Nəzərə alsaq ki, pandemiya bir çox insanların büdcəsinə çox mənfi təsir etdi. Cərimədən öncə tibbi maskaların qiymətini azaltmaq daha məqsədəuyğun olar.
Təsəvvür edin, 30 qəpiklik tibbi maskanı 2 saatda artıq taxmaq olmaz və gündəlik çöldə ən az 6 saatını işlə əlaqədar keçirən biri 3 tibbi maska almalıdır. Bu da günə 90 qəpik, aya 27 manat pul edir. Hal-hazırkı vəziyyətdə bu çox ailə üçün böyük məbləğdir".
İctimai birliyin sədri Asim Vəliyev bildirib ki, çıxış yolu olaraq maarifləndirmə işinə gəldikdə isə, bizdə bu iş birtərəfli aparılır və əsas məqam diqqətdən qaçır: "Bilirsiniz ki, hər bir insanın müdafiə sistemi olan "immunitet sistemi" var. Biz bu sistemi sağlam və düzgün qidalanaraq, fiziki aktivliklə məşğul olaraq, təmiz hava qəbul edərək güclü saxlaya bilərik. Nəticədə isə yoluxmaya qarşı müqavimətli, yoluxduqda isə xəstəliyi çox yüngül keçirə bilərik. Demək istəyirəm ki, gündəlik qida rasionu fast-food qidalardan ibarət "bioloji ac" insanları nə tibbi maska ilə, nə də fiziki məsafə ilə qoruya bilərik. Maarifləndirmə işində hər iki məsələ paralel şəkildə təbliğ olunmalıdır".
Müəllif: Nigar Məmmədova