AZƏRBAYCAN POLİSİ PEŞƏ BAYRAMINI QEYD EDİR.
Məlum olduğu kimi 2-iyul Azərbaycanda Polis bayramı kimi qeyd olunur, yəni Azərbaycan polisi öz peşə bayramını məhz bu gün qeyd edir.
Bu münasibətlə bu gün, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Polis sıralarında fərqlənənlərə yeni rütbə və adların verilməsiylə bağlı sərəncam imzalayıb.
Belə ki, Prezident İlham Əliyev iyulun 1-də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin bir qrup əməkdaşının təltif edilməsi haqqında Sərəncam imzalayıb, təltif olunanlar arasında Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları da var.
Prezidentin Sərəncamı ilə polis polkovnik-leytenantı Hüseynəliyev Şərif Rövşən oğlu və polis polkovniki İbrahimov Ələşrəf İbrahim oğlu “Vətən uğrunda” medalı ilə, polis baş leytenantı İsmayılov Ayaz Muxtar oğlu isə “İgidliyə görə” medalı ilə təltif ediliblər.
Qeyd edək ki, həmin şəxslər Cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin mühafizəsində, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsində, ölkədə koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunmuş xüsusi karantin rejiminə nəzarətin təmin edilməsi ilə bağlı xidməti vəzifələrini yerinə yetirməkdə fərqləndiklərinə görə təltif ediliblər.
Diaspor.info saytı olaraq biz də, başda Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Naziri, General-leytenant Fazil Ələkbərov olmaqla bütün polislərimizi ürəkdən təbrik edirik.
Bizim üçün Naxçıvan polisi öz üzərində hər gün işləyən, günü-gündən daha da, müasirləşən, dünyaya örnək ola biləcək bir polis olmaq üçün bütün gücüylə çalışır.
Təsadüfi deyil ki, Naxçıvan Muxtar Respublikası Daxili İşlər orqanlarının ixtisaslı kadrlarla komplektləşdirilməsini təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbi yaradılıb, məktəb üçün müasir kompleks istifadəyə verilib.
Əhali arasında hüquq maarifi və profilaktik tədbirlərin gücləndirilməsinin nəticəsidir ki, cinayətkarlıq üzrə göstəricilərin aşağı səviyyədə olması qorunub saxlanılıb.
Bu gün çox sevindirici haldır ki, ötən il insan alverinə qarşı mübarizə sahəsində heç bir cinayət faktı qeydə alınmayıb.
Son illər əhali arasında aparılan maarifləndirmə tədbirlərinin nəticəsidir ki, vətəndaşlar
tərəfindən 319 müxtəlif növ silah və xeyli sayda döyüş sursatı təhvil verilib.
Vətəndaş məmnunluğunun təmin edilməsi də, Naxçıvan polisinin həmişə diqqət mərkəzində dayanıb. Belə ki, muxtar respublikada insan amillinə yüksək dəyər verilir.
Səyyari xidmətin fəaliyyəti vətəndaşlar arasında böyük məmnunluq hissi yaradaraq daxili işlər orqanlarının nüfuzunu daha da möhkəmləndirib.
Bu gün hər bir Naxçıvanlı yaradılan sabitliyə, asayişin yüksək səviyyədə qorunmasına görə başda Naxçıvan MR-sı Ali məclisin sədri Vasif Talıbov cənabları olmaqla, Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Naziri, General-leytenant Fazil Ələkbərova və bütün polis heyətinə minnətdardır.
Diaspor.info