"Minsk qrupunun həmsədrləri ya istefa verməli, ya da..." ÖZƏL- AÇIQLAMA
"Tovuz hadisələrindən sonra dünya azərbaycanlıları, Azərbaycana rəğbət bəsləyən bir sıra ölkələrin nümayəndələri, xüsusilə də qardaş Türkiyənin xaricidə olan diaspora nümayəndələri bu məsələyə öz etirazlarını bildirdilər. Bu, Ermənistanın Azərbaycana qarşı törətdiyi növbəti böyük təcavüzkarlıq aktlarından biri idi. Çünki, bu, Dağlıq Qarabağ məsələsi ilə əlaqəli deyildi. Biz Ermənistanın Dağlıq Qarabağ istiqamətində atəşkəsi pozmağına artıq alışmışıq. Lakin, indi onların Azərbaycanın qərb hissəsinə, Tovuz rayonu istiqamətində ağır artilleriyadan istifadə edərək hücum etməsi bir daha Ermənistanın işğalçı və təcavüzkar mahiyyətini ortaya qoydu. Bunu heç cürə cavabsız qoya bilməzdik. Azərbaycanın Milli Ordusu da qisas əməliyyatlarında onlara necə lazımdırsa cavab verdi". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini olan deputat Məlahət İbrahimqızı deyib.
O bildirib ki, Tovuz istiqamətində Ermənistanın təcavüzkar mövqeyi dünya və beynəlxalq təşkilatlar tərəfindən də neqativ qarşılandı, bu, dünyada qəbul edilməyən bir hadisə idi:
"Ermənilər Tovuz əməliyyatlarından sonra çox pis vəziyyətə düşdülər. Dünyanın ən böyük təşkilatları bununla bağlı öz münasibətini bildirdi. Hətta, Ermənistanın üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ölkələri belə Paşinyanın cəhdlərinə baxmayaraq ona münasibət bildirmədilər. Çünki, təşkilata üzv olan dövlətlərin əksəriyyəti Azərbaycanla dost əlaqələrə malikdir. Onlar da Azərbaycanın mövqeyini dəstəklədilər.
Dünyada da azərbaycanlıların buna adekvat reaksiya verməsi, etiraz aksiyaları keçirməsi erməni daşnaklarının, erməni millətçilərinin, erməni ideoloqlarının, təcavüzkar Ermənistanın, erməni lobbisinin və ermənilərə dəstək verən havadarların çox aqresiv vəziyyətə düşməsinə səbəb oldu. Onlar gözləmirdilər ki, Tovuzda baş verən hücüma beynəlxalq aləmdən və ictimaiyyətdən bu dərəcədə reaksiya gəlsin. Biz 30 ildir ki, Ermənistanın təcavüzü ilə üz-üzəyik və ilk dəfə olaraq qardaş Türkiyədən bu səviyyədə konkret olaraq reaksiya gəldi. Bütün mərhələlərdə açıq şəkildə Türkiyə siyasi rəhbərliyi tərəfindən, vətəndaşlar və ölkənin xarici nümayəndəlikləri tərəfindən ciddi reaksiya gəldi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirdi ki, 1918-ci ildə bizim babalarımız erməni daşnaklarının Azərbaycanda törətdiyi soyqırımın qarşısını necə aldısa, biz bunu yenidən təkrarlaya bilərik. Ona görə də, ermənilər hazırda şokdadır və hələ də özlərinə gələ bilməyiblər".
Millət vəkili vurğulayıb ki, bu gün Ali Baş Komandanın rəhbərliyi altında keçirilən Azərbaycanın Milli Ordusunun qisas əməliyyətları, xalqın Ali Baş Komandana, ordumuza və dövlətimizə birlik və həmrəylik mitinqi nümayiş etdirməsi erməniləri qorxuya salıb: "Bu gün ermənilərin başqa çıxış yolu qalmayıb. Onsuz da ermənilər xoşməramlı yollardan heç vaxt istifadə etməyiblər və həmişə təcavüzkar, işğalçı və terrorçu mövqe tutublar. Los Ancelesdə bizim konsulluğumuzun qarşısında mitinq edən ermənilərin geyindiyi köynəklərdə belə ASALA erməni terror təşkilatının loqosu öz əksini tapmışdı. Onlar artıq öz mahiyyətlərini bütün dünyaya göstərirlər. Beynəlxalq səviyyəli təşkilatlar azadlıq və demokratiya beşiyi hesab edilən ABŞ-da ASALA-nı təmsil edən ermənilərin azərbaycanlılara qarşı törətdikləri cinayətkarlığa münasibət bildirməlidir.
Həmçinin, Rusiyada da ermənilərin azərbaycanlılara qarşı quldurluq hərəkətlərinin şahidi olmuşuq. Eləcə də bir sıra digər xarici ölkələrdə. Bu qəbuledilməzdir. Ermənilər bu cür hərəkətələrinə davam etməklə daha da özlərini ifşa edəcəklər. Onların hərəkətlərinə göz yuman təşkilatlar da dolayısı ilə onların cinayətkarlıqlarını dəstəkləyirlər. Eləcə də Azərbaycan və Ermənistan arasında olan konfliktin tənzimlənməsində bilavasitə mandat verilən təşkilat ATƏT-in Minsk qrupunun həmsədrləri ya istefa verməlidirlər, ya da beynəlxalq hüquq və ədalət çərçivəsində bu məsələni həll etməlidirlər. Onlar ermənilərin bu hərəkətlərinə susmaqla erməni təcavüzünü dəstəkləyirlər. Artıq 30 il kifayət qədər uzun bir müddətdir, ATƏT-in Minsk qrupu bu məsələnin həll olunamasına ya töhfə verməli, ya da istefa verməlidir. Bunun başqa bir yolu yoxdur".
Məlahət İbrahimqızı qeyd edib ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinə Amerika, Fransa və Rusiya daxildir, hansı ki, bu ölkələrin hər birində erməni lobbisi və diasporasının fəaliyyəti hədsiz dərəcədə güclüdür, ona görə də ATƏT-in Minsk qrupunun həmsədrləri də erməni diasporasının və lobbisinin təsiri altındadır: "Buna görə də, Minsk qrupunun həmsədrliyinə Almaniya və Türkiyə kimi dövlətlərə də mandat verilməlidir. Əks təqdirdə bundan sonra ATƏT-in Minsk qrupunun həmsədrləri 30 il də faydasız fəaliyyətini davam etdirəcəklər. Bu son hadisələrdən sonra təcavüzkar erməni dövləti ifşa olundu, beynəlxalq təşkilatlar buna açıq münasibət bildirdi və dünya azərbaycanlıları da çox ciddi dirəniş göstərdilər. Biz bu yoldan, vətənimizin müdafiəsindən əl çəkməməliyik və təcavüzkar Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən qovmalıyıq, bununla da ərazi bütövlüyümüzü bərpa etmiş olacağıq".
Müəllif: Nigar Məmmədova