"Azərbaycan İsrail üçün müttəfiqdən daha çox şey ifadə edir" "İsrael Hayom"
Güclü Azərbaycan İsrailin xeyrinədir. Çünki, Azərbaycan İsrail üçün müttəfiqdən daha çox şey ifadə edir. DİASPOR.İNFO xəbər verir ki, bu fikirlər "İsrael Hayom"da verilən məqalə öz əksini tapıb.
Məqalənin müəllifi, Safadi Beynəlxalq Diplomatiya Mərkəzinin siyasi eksperti, Tədqiqat və İnsan Haqları Mərkəzinin İctimaiyyətlə Əlaqələr nümayəndəsi Raçel Avraham Azərbaycan və Ermənistan arasındakı münaqişədən yazıb:
"Ermənistanla Azərbaycan arasında gərginlik bir daha artdı. İyulun 12-də Tovuz istiqamətində iki ölkə arasında münaqişə daha da alovlandı. Koronavirus pandemiyasına baxmayaraq, erməni diasporu tərəfindən Azərbaycana qarşı kütləvi etiraz aksiyaları həyata keçirildi. Ermənistan Azərbaycanı onlara qarşı hücum etməkdə günahlandırsa da, Azərbaycan hökuməti məlumatı faktlarla təkzib etdi".
Müəllif bildirib ki, bu kritik dövrdə İsrail dövlətini müsəlman dünyasında az saylı müttəfiqlərindən biri olan Azərbaycana ehtiyacı olan dəstəyi davam etdirməsinə təşviq etmək çox vacibdir:
"Bildirmək istərdik ki, beynəlxalq hüquq açıq şəkildə Azərbaycanın tərəfindədir. 1991-ci ildən bəri Ermənistan BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsini pozaraq Dağlıq Qarabağı nəzarət altında saxlayır. Ərazini ələ keçirdikdən sonra Xocalıda soyqırımı törədən Ermənistan 613 mülki Azərbaycan əhalisini də qətlə yetirib. Bu münaqişə nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın statusu alıb və Azərbaycan ərazilərinin beşdə bir hissəsi işğal altındadır".
Məqalədə, Yəhudi-Amerikan İcmasının Azərbaycandakı rəhbəri Rəbbi Zamir İsayevin də fikirlərinə yer verilib: "İyulun 12-də Ermənistan Azərbaycan sərhədi boyunca təcavüzə başladı. Onlar Azərbaycan kəndlərini bombaladılar və evləri dağıtdılar. 12 Azərbaycan əsgəri şəhid oldu, bir neçə nəfər yaralandı. Bir mülki şəxs həlak oldu. Psixoloji dağıntı çox böyükdür. Ordu, Ermənistanın bu bölgə istiqamətində təcavüzə başlayacağından şübhələnmirdi. Orada heç bir münaqişə yox idi.
Azərbaycanlılar dünyanın hər yerində yəhudi xalqına müsbət münasibət göstərirlər. Yüz illərdir ki, Azərbaycanda yəhudi xalqı yaxşı yaşayır və burada heç bir antisemitizm yoxdur. Azərbaycan İsrailin hər zaman yanında olduğunu bilir".
Bundan əlavə, Demokratiyaları Müdafiə Fondunun enerji məsələləri üzrə baş məsləhətçisi, Amerika Elmi Siyasi Assosiasiyasının Xarici Siyasət Bölməsinin keçmiş prezidenti, elmlər doktoru, professor Brenda Şafferin "Yərusəlim Post"a verdiyi açıqlamada da Ermənistanın Azərbaycana təcavüzünü təsdiqlədiyi məlumata əlavə edilib:
"Azərbaycan hökumətinin bu ərazidə hücümü başlama ehtimalı yoxdur. Çünki, bu ərazi ölkə neftinin Avropaya tədarükünü nəzərdə tutan Cənub Qaz Dəhlizinə çox yaxındır. Çətin ki, bu ərazidə Azərbaycan atışmalara başlasın, bu kiçik ehtimaldır"
Məqalənin müəllifi Raçel Avraham bildirib ki, Azərbaycan İsrail üçün təkcə ticari müttəfiq deyil, regional müttəfiqdir, özünü erməni təcavüzünə qarşı qoruya biləcək güclü bir Azərbaycan İsrailin xeyrinədir və İsrail hökuməti bu kritik anda Azərbaycana kömək etmək üçün əlindən gələni etməlidir.
Müəllif: Nigar Məmmədova