"Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə konkret təşəbbüslərlə çıxış edir - Fransa xəbər portalı
Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə konkret təşəbbüslərlə çıxış edir. Bugünkü siyasi və iqtisadi çətinliklər Bandunq (1955) prinsiplərini yenidən aktuallaşdırıb. Bu barədə 2019-cu il oktyabr ayında Bakıda Qoşulmama Hərəkatının Zirvə görüşündə ətraflı bəhs olunub. Zirvə görüşündə Prezident İlham Əliyev beynəlxalq hüququn zəmanətinə və təşviqinə ehtiyac olduğunu vurğuladı. Sülhü və inkişafı təşviq etmək üçün ölkələrin suverenliyi və ərazi bütövlüyü, insan hüquqları və ədalət prinsipləri bir daha təsdiqlənməlidir.
DİASPOR.İNFO xəbər verir ki, bu fikirlər Fransanın "Billetdefrance.fr" portalında dərc edilmiş “Qoşulmama Hərəkatı: beynəlxalq arenada təmkinli, ancaq çox aktiv oyunçu” adlı məqalədə yer alıb.
Məqalədə bildirilir ki, COVID-19 epidemiyası səbəbindən yaranan böhran Qoşulmama Hərəkatına üzv ölkələrin mənafeyinə cavab verən əməkdaşlığı zəruri etdi. Qoşulmama Hərəkatının sədri, Prezident İlham Əliyevin təşəbbüsü ilə mayın 4-də Qoşulmama Hərəkatının Təmas Qrupunun virtual Zirvə görüşü keçirildi. Görüşdə Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru, eləcə də 40-dan çox ölkənin dövlət və hökumət başçısı iştirak etdi. Mayın 20-də isə Qoşulmama Hərəkatına üzv ölkələrdə pandemiyanın təsirlərini aradan qaldırmaq üçün lazımi tədbirlərin həyata keçirilməsinə yardım məqsədilə səhiyyə nazirlərinin iclası keçirildi.
Həmçinin məqalədə vurğulanır ki, 2020-ci il iyunun 8-də UNESCO İcraiyyə Şurasınım fövqəladə iclasında da Hərəkata sədrlik edən Azərbaycan COVID-19 epidemiyasına qarşı mübarizədə birliyə, həmrəyliyə və çoxtərəfli əməkdaşlığa çağırış edib. Azərbaycan qlobal səviyyədə həmrəyliyə töhfə verməyə hazır olduğunu göstərərək, üzv ölkələrdə koronavirusla mübarizəyə 5 milyon dollar ayırıb. Azərbaycan Prezidentinin təşəbbüsü ilə BMT-nin Baş Assambleyasının COVID-19 epidemiyası ilə mübarizəyə həsr olunan xüsusi sessiyasının keçirilməsi 130 ölkə tərəfindən dəstəklənib.
Məqalədə Qoşulmama Hərəkatının yaranma tarixindən və təşkilatın fəaliyyətindən ətraflı bəhs olunub.