"Türkiyə hər zaman Azərbaycanın yanında olub, bundan sonra da olacaq" - Egemen Bağış - MÜSAHİBƏ
İyulun 12-də erməni silahlı qüvvələrinin Azərbaycan sərhədində törətdiyi təxribata Azərbaycan ordusu layiqli cavab verdi. Sərhəddə yaşanan təxribat zamanı Silahlı Qüvvələrimizin 12 əsgəri şəhid oldu. Bütün bunlar Azərbaycan xalqını erməni təxribatına qarşı bir yumruq kimi birləşdirdi. İstər Azərbaycanda, istərsə də Azərbaycandan kənarda Avropanın bir sıra ölkələrində, ABŞ-da yaşayan həmvətənlərimiz Azərbaycan Prezidentinə, Ordusuna dəstək olmaq və erməni təxribatını lənətləmək üçün yaşadıqları ölkələrdə dinc aksiyalar keçirdilər. Çexiyanın paytaxtı Praqada da həmvətənlərmiz Azərbaycana dəstək askiyası keçirdilər və bu aksiyaya ən böyük dəstək yenə də, qardaş Türkiyədən gəldi. Belə ki, Türkiyənin Çexiyadakı diplomatik nümayəndəsi Egemen Bağış özü şəxsən keçirilən aksiyaya gələrək Azərbaycanın haqq səsinə dəstək verdi. Bununla əlaqədar DİASPOR.İNFO-ya öz fikirlərini bölüşən səfir Egemen Bağışın eksklüziv müsahibəsini təqdim edirik.
- Egemen bəy, Ermənistanın Azərbaycana qarşı təxribatları hər zaman müşahidə olunur. Lakin bu dəfə Azərbaycanın Dövlət sərhəddindəki təxribat daha aqressiv hadisələrlə müşahidə olundu və bu hadisələr bir daha Ermənistanın Azərbaycana açıq düşmənliyini göstərdi. Sizcə, Azərbaycan bu hücumlara son qoymaq üçün daha hansı addımları atmalıdır?
Sizin qeyd etdiyiniz kimi Ermənistan tərəfi açıq şəkildə düşman bir mövqe nümayiş etdirərək Azərbaycanın Dövlət sərhədində təxribatlar törətməyə başlayıb. Əslində erməni siyasətçilərin bu təxribatlardan Ermənistanın daxili siyasi problemlərindən, xüsusilə də pandemiya dövründə yaşanan iqtisadi böhrandan fikir yayındırmaq üçün istifadə etdikləri açıq şəkildə görünür. Fakt budur ki, Ermənistan yaxşı idarə olunmur. Ermənistan istər Azərbaycanla, istərsə də Türkiyə ilə normal əlaqələr sayəsində milli maraqlarını təmin edə bilər. Gözlərini örtən kin və nifrət onları məntiqli, sülh yönümlü addımlar atmaq əvəzinə, daha düşmənsayağı addımlar atmağa yönləndirir. Təəssüflə qeyd etmək istəyirəm ki, Dağlıq Qarabağ probleminin həlli üçün məsuliyyəti öz üzərinə götürmüş ATƏT-in Minsk qrupu- yəni, Rusiya, Amerika və Fransa bu məsələdə ciddi addımlar atmır. Bəlkə də, bu ölkələrdən ciddi addımlar atmasını gözləmək yerinə iki tərəfin də çıxarlarına xidmət edəcək bir proses başlatmaq daha məqsədəuyğun ola bilər. Amma Ermənistanı provokativ addımlara yönəldənlər belə bir ehtimalı önləmək, yəni, danışıqların qarşısını almaq üçün bunu edirlər. Ermənistan bilməlidir ki, Azərbaycanla problemləri həll etmədən Türkiyə ilə hər hansı bir danışıqlar apara bilməz. Bunun ən böyük təminatı da Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan ilə Azərbaycan Prezidenti cənab İlham Əliyevin arasında olan qardaşlıq bağıdır. Biz "Bir millət, iki dövlət" şüarını Ulu Öndər Heydər Əliyevdən miras almışıq və bu qardaşlığı gözümüz kimi qorumaqda qərarlıyıq.
- Türkiyə hər zaman Azərbaycanın yanında olduğunu açıq şəkildə bəyan edib. Bu dəfə də Türkiyə dövləti ən ali səviyyədə daha sərt şəkildə bəyanatlar səsləndirdi. Əgər hər hansı təhlükə olarsa, Türkiyə bu qarşıdurmada hansı addımları ata bilər?
Ulu Öndər Heydər Əliyevin Prezidentliyi dövründə Bakıda onu ziyarət edən Türkiyə Cümhuriyyətinin yeni baş naziri cənab Rəcəb Tayyib Ərdoğanın nümayəndə heyətində olan biri olaraq şəxsən özüm Heydər Əliyevin Rəcəb Tayyib Ərdoğana dediyi sözlərin şahidi oldum. Heydər Əliyev Ərdoğana Türkiyə Azərbaycanın qarantıdır, əmanətidir dedi. Tayyib bəy də bu əmanətə hər zaman sahib çıxdı və İlham Əliyevi hər zaman bir qardaş kimi gördü. Bizlərə də "Bir millət, iki dövlət" şüarının nə qədər önəmli olduğunu hər zaman xatırlatdı. Praqada mənim də böyük bir qardaş kimi gördüyüm cənab Adiş Məmmədov məni Azərbaycana dəstək aksiyasına dəvət etdiyində böyük bir məmnuniyyətlə getdim və həmin aksiyada azərbaycanlı qardaşlarımla birgə orada Azərbaycana dəstək verdim və bununla da qarşımızdakı ermənilərə çox dəqiq bir mesaj verdik. Ermənilər say etibarilə bizdən çox olacaqlarını gözləyirdilər, lakin ondabirimiz qədər idilər. Bu da bizim bir yerdə olduğumuz zaman nələri bacara biləcəyimizin göstəricisidir. Allah qorusun, əgər yenə silahlı bir qarşıdurma yaşanarsa, Türkiyənin bu qarşıdurmalarda hansı addımları atacağını onlar da yaxşı bilirlər. Ona görə, hər kəs ayağını yorğanına görə uzatmalı və hər kəs həddini bilməlidir. Bizlər savaşçı bir millətik. Ac qalarıq, lakin Vətəni satmarıq, heç bir zaman bayrağımız enməyib, azanımız susmayıb. Bu, min illərdir belə gəlib, bundan sonra da belə gedəcək. Bunu da ən yaxşı ermənilər bilir.
- Cənab səfir, Siz Çexiyada azərbaycanlıların aksiyasına qoşuldunuz və bu hər bir azərbaycanlı üçün qürurverici oldu. Türkiyənin diplomatik nümayəndəsi Azərbaycanın haqq səsinə səs verdi. Avropada təşkil ediləcək digər aksiyalarda da iştirak etmək ehtimalınız varmı?
Bayaq da qeyd etdiyim kimi, Azərbaycanın Çexiyadakı səfiri cənab Adiş Məmmədov mənim sadəcə bir həmkarım və ya bir dostum deyil. Eyni zamanda qardaşımdır. Biz burda onunla birlikdə "Bir millət, iki dövlət" şuarını şəxsən yaşadırıq. Mənim ən kiçik bir problemimdə ilk yardım edəcək insan odur, eynilə onun da ən xırda problemində ilk yardım edəcək şəxs mənəm. Bu əslində dünyanın dörd bir tərəfindəki Azərbaycan və Türkiyə səfirləri üçün də keçərlidir. Ona görə azərbaycanlı qardaşlarımın dəvətinə cavab vermək və hətta həmin aksiyanın təşkilatçılığına köməklik etmək, bu ölkədəki Türkiyə vətəndaşlarının da həmin aksiyada iştirak etməyə çağırmaq mənim vəzifəm idi. Mən vəzifəmi icra elədim. Bizi vəzifəyə təyin edən cənab Prezident Rəcəb Tayyib Ərdoğanın da tapşırıqları hər zaman bu yöndə olub. Azərbaycan bizim qardaşımızdır. Ona görə də, biz Azərbaycanın haqq səsinə dəstək veririk və verəcəyik. Avropanın digər ölkələrində də bu cür aksiyalar olarsa, oradakı səfirlərimizin həmin aksiyalara getməsi daha doğru olar. Lakin Çexiyanın hər yerində, hər bir Azərbaycan tədirlərinə dəvət edildiyim müddətcə, mənimdə gedəcəyimdən heç kimin şübhəsi olmasın.
- Egemen bəy, müsahibənizə görə təşəkkür edirik.
Biz də Azərbaycan dövlətinə və xalqına, xüsusilə Azərbaycan jurnalistlərinə, "SƏS" Media Qrupuna bu kimi məsələləri işıqlandıraraq dünya ictimaiyyətinə çatdırdıqlarına görə təşəkkürlərimizi bildiririk. Yaşasın Türkiyə-Azərbaycan sarsılmaz birliyi və qardaşlığı!