"Azərbaycan tək başına çox güclüdür" ÖZƏL - AÇIQLAMA
"Bu, 2019-cu ilin hazırkı vaxtına hazırlanmış və qrafik əsasında əvvəlcədən planlaşdırılmış təlimlərdir". Bu sözləri DİASPOR.İNFO-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri, siyasi məsələlər üzrə ekspert Mübariz Əhmədoğlu Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasındakı hərbi əməkdaşlıq haqqında sazişə əsasən, illik plana uyğun olaraq birgə hərbi təlimlərin keçirilməsi məsələsinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, təlimlər əvvəlcədən hazırlanmış qrafik əsasında təşkil olunub və həmin qrafikə uyğun olaraq da Azərbaycan və Türkiyənin birgə hərbi təlimləri keçiriləcək.
Mübariz Əhmədoğlu bildirib ki, hazırda Azərbaycan Dağlıq Qarabağ məsələsində həm hərbi baxımdan, həm də diplomatik baxımdan Ermənistana qalib gələ bilər və bu, özünü 2016-cı ilin Aprel döyüşlərində də göstərdi: "Bu döyüşlərin ən vacib əhəmiyyəti ondan ibarət idi ki, qələbəni Azərbaycan tək başına qazandı. Elə məhz, Azərbaycan tək olduğuna görə də belə bir möhtəşəm qələbə çaldı. Hazırda, Tovuz təxribatları ilə bağlı məsələdə Türkiyənin adı da hallandı və sanki, bəzi qüvvələr elə etdi ki, Azərbaycanın Tovuz təxribatlarındakı qələbəsi o qədər də gözə görünmədi. Biz çox ciddi şəkildə çalışlamalıyq ki, belə əməliyyatlar aparılarkən Türkiyənin adı Azərbaycanın adı ilə az hallansın.
Azərbaycan tək başına çox güclüdür. Rusiya üçün biz çox güclü bir müttəfiqik. Dünyanın böyük bir regionunda Suriyada, Livanda, Liviyada, İraqda, Yunanıstanda, Aralıq dənizində Rusiya ilə Türkiyə biri-biri ilə intriqa aparır. Rusiya elə fikirləşir ki, Türkiyə bununla Qafqaza girir və belə halda Rusiya hər cürə addım ata bilər. Azərbaycan Rusiya və Türkiyə qarşıdurmasının meydanına çevrilə bilər. Biz bundan qaçmalıyıq".
Siyasi ekspert qeyd edib ki, ermənilər Tovuzda təxribat törətdiyi zaman, Rusiya da Şimali Qafqazdakı qoşun hissələrini yoxlama adı ilə ayağa qaldırdı, lakin, sonradan Rusiyanın Müdafiə Naziri 3 dəfə bəyan etdi ki, bizim qoşunları ayağa qaldırmağımıza səbəb əvvəlki plan üzrə həyata keçirilib və biz bunu Azərbaycanın hərbi əməliyyatlarına görə etməmişik.
O vurğulayıb ki, bu gün istənilən halda bir dövlət belə Ermənistanı müdafiə etmədi və yalnız ayrı-ayrı dövlətlərdən əbədi ermənipərəst siyasətçilər Ermənistanın müdafiəsinə qalxdı: "Hətta, Yunanıstan belə Ermənistanın tərəfindən çıxış etmədi və bütün dünya ölkələri bu məsələdə Azərbaycanı müdafiə etdilər. ATƏT-in Minsk qrupunun son bəyanatı isə Paşinyanın ağzının üstünə böyük bir yumruq idi".
Müəllif: Nigar Məmmədova