"Azərbaycan öz güclü təbliğatını qurmalıdır" ÖZƏL - AÇIQLAMA
"Ermənistan Azərbaycan torpaqlarını işğal etdiyi halda erməni lobbisi Amerika Konqresində 907-ci düzəlişin qəbul edilməsinə nail olmuşdu. Lakin, indi həmin zaman deyil. Bu gün, Azərbaycan hücum diplomatiyası istiqamətində hər yerdə ağılla, tədbirlə və təmkinlə, hər kəs eyni mövqedən çıxış edərək milli mənafeyə xidmət edir". Bu sözləri DİASPOR.İNFO-ya açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli Ermənistan tərəfinin Azərbaycanla bağlı yaydığı dezinformasiyalardan və erməni lobbisinin təxribatlarından danışarkən deyib.
Azərbaycanın bu cür informasiyalar və anti-təbliğatlar qarşısındakı mövqeyindən danışan millət vəkili bildirib ki, bu məsələdə xalqımızın yekdilliliyi çox vacibdir: "Dövlətimizin, dövlət başçısının, Ali Baş Komandanın ətrafında birləşmək və bu istiqamətdə də təbliğatı qurmaq vacibdir. Çünki, biz bilirik ki, ermənilər artıq 150 ilə yaxındır ki, Avropada və Amerikada siyasi cəhətdən təşkilatlanıblar. Onlar özlərinin çox güclü diaspora təşkilatlarını yaradıblar. Bu şəxslərin artıq xaricidə oturuşmuş həyatları var. Belə bir gücün qarşısında ancaq Azərbaycan haqlı olduğuna görə və həqiqət tərəfindən çıxış etdiyinə görə qalib gələ bilər. Hətta bu şəxslər Azərbaycanın haqq səsini və haqlı hərəkətini belə nahaq kimi qələmə verə bilərlər. Necə ki, bu gün, guya Azərbaycanın atəşkəsi pozduğunu və bizim əhaliyə atəş açtığımızı bildirirlər. Həmçinin, Ermənistan Azərbaycan torpaqlarını işğal etdiyi halda erməni lobbisi Amerika Konqresində 907-ci düzəlişin edilməsinə nail oldu və bu düzəlişə görə, guya, Azərbaycan Ermənistanı blokadaya almışdı. Lakin, indi həmin zaman deyil".
Onun sözlərinə görə, artıq Azərbaycan hücum diplomatiyası istiqamətində hər yerdə ağılla, tədbirlə və təmkinlə, hər kəs eyni mövqedən çıxış edərək milli mənafeyə xidmət edir: "Söhbət milli mənafedən getdiyi zaman burada iqtidar və ya müxalifət fərqi yoxdur. Xalq arasında həmişə bir fikir var idi, hansı ki, Qərbdə fəaliyyət göstərən Sevinc Osmanqızı kimi şəxslər güya həqiqəti deyir. Lakin, onların fikirləri həmişə ermənilərin fikirləri ilə üst-üstə düşüb. Bu son hadisələrdə demək olar ki, hamısı ermənilərin tərəfində oldu, ermənilərlə iş birliyində oldu və onların iç üzü açıldı. Xalqımıza səslənmək istəyirəm ki, bizə güclü dövlət və güclü ordu lazımdır. Buna görə güclü təbliğatımızı qurmalıyıq. Ermənistan strukturlaşmış çox ciddi orqanlara, maliyyə imkanlarına, xaricidə geniş əhali kütləsinə malikdirlər. Onlar bununla da müəyyən nailiyyətlər əldə edə bilirlər. Biz yalnız həqiqət bazası üzərində milli birliyimizi və onun üzərindəki təbliğatımızla bunun qarşısını ala bilərik".
Müəllif: Nigar Məmmədova