"Zəifləyən Ermənistan iqtisadiyyatı işğalı davam etdirmək gücündə deyil" Daily Sabah
Nüfuzlu "Daily Sabah" nəşrində "Zəifləyən Ermənistan iqtisadiyyatı işğalı davam etdirmək gücündə deyil" mövzusunda analitik məqalə çap olunub. DİASPOR.İNFO xəbər verir ki, məqalənin müəllifi Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, iqtisad elmələri doktoru Vüsal Qasımlıdır.
Məqalədə deyilir ki, Ermənistan iqtisadiyyatı pandemiyanın təsiri altında turizm gəlirlərindən mərhum olub, aşağı qiymətlərə görə dağ-mədən sənayesi xammalı ixracının və emiqrantların pul köçürmələrinin azalmasından boğulur: "Ermənistan iqtisadi tənəzzülün qarşısını almaq, xüsusilə də büdcə kəsirini bağlamaq və xarici ödənişlərini etmək üçün Beynəlxalq Valyuta Fondundan Stand-By krediti almaq məcburiyyətində qalıb. Özü də bu kredit xətti Ermənistanın BVF-də olan 128 milyon SDR kvotasının 100 faizi həddindədir. Yəni Ermənistan ala biləcəyi ən yüksək borcu cəlb edir. Çünki COVİD-19-la yoluxma səviyyəsinə görə dünyada ən pis vəziyyətdə olan ölkələrdən sayılan Ermənistanın fiskal kəsiri bu il ÜDM-in 5 faizinə, borc yükü isə ÜDM-in 64,1 faizinə çatacaq."
Vüsal Qasımlı bildirib ki, Ermənistan borc aldığı BVF-nun və Dünya Bankının əsas səhmdarları olan Avropa ölkələri və ABŞ-ın maraqlarına qarşı çıxaraq Avropaya gedən əsas neft, qaz, nəqliyyat layihələrinin bir neçə kilometrliyində Azərbaycana qarşı hərbi təxribatlar törədir: "Axı, Azərbaycan məhz Ermənistanın təhdid etdiyi bu layihələri həyata keçirməklə Avropanın enerji, nəqliyyat və logistika təhlükəsizliyində rol oynayır. Avropa və Çindən başqa Avrasiyanı birləşdirən bu layihələrdə Mərkəzi Asiya və Yaxın Şərq ölkələri də maraqlıdır. Beləliklə, Ermənistanın təhdidi təkcə Azərbaycana deyil, böyük bir coğrafiyaya qarşıdır."
V.Qasımlının fikrincə, Ermənistanda iqtisadi artımın əsas drayveri istehlakdı: "Təsəvvür edin ki, Ermənistanda istehlakın iqtisadi artıma təsiri əsas kapitalın iqtisadi artıma təsirindən 11 dəfə və xalis ixracın iqtisadi artıma təsirindən isə 88 dəfə çoxdur. Bəs istehlak hardan formalaşır? Əlbəttə, xaricdən göndərilən pul köçürmələri və ev təsərrüfatlarına verilən kreditlər istehlakı dəstəkləyir. Məsələn, təkcə keçən il Ermənistanda ev təsərrüfatlarına verilən kreditlər 32 faiz və xaricdən pul köçürmələri isə 1,5 faiz artıb. İstehlak-əsaslı iqtisadi artım isə ölkənin milli təhlükəsizliyini və iqtisadi təhlükəsizliyini daim kənardan asılı vəziyyətə salır, iqtisadiyyatın immunitetini zəiflədir, erməni dramının volatilliyini yüksəldir və cəmiyyətdə qeyri-bərabərlik yaradır. Bu gün rəsmi göstəricilərə əsasən, Ermənistanın hər dörd vətəndaşından biri yoxsulluq həddindən aşağıda yaşayır. Ermənistanda xalis miqrasiya dərəcəsi (immiqrantlarla emiqrantlar arasındakı fərq) hər min nəfərə mənfi işarə ilə 5,6-dır. Bu da Ermənistanda emiqrantların sayının immiqrantlardan hər 1000 nəfər üçün 5,6 dəfə çox olduğunu göstərir. Ermənistanda emiqrantların yaşı isə 15-65 arası dəyişir. Bu onu göstərir ki, həm gənclər, həm də yaşlılar üçün, yəni, daha geniş yaş spektrində olan vətəndaşlar üçün Ermənistanda yaşamaq və işləmək imkanları daha aşağıdır. Ermənistandan gedənlərə - emiqrantlara həm şəhər, həm də kənd yerlərində rast gəlinir. Digər bir fakt isə erməni emiqrantların daha çox qadın olmasıdır. Asiya İnkişaf Bankının araşdırmasına əsasən MDB ölkələri arasında yalnız Ermənistan bu göstərici ilə fərqlənir. Bu da faktiki olaraq ölkənin demoqrafik artımına mənfi təsir göstərir."
"İstehlakın yüksək səviyyəsi Ermənistanda yığımın ÜDM-dəki payını 2017-ci ildəki 16,3 faizdən ötən il 11 faizə endirib" - deyə, Vüsal Qasımlı fikrini davam etdirib: "Ermənistanda strateji ehtiyatlar bu il 2,2 milyard dollardan da aşağı düşəcək və 2025-ci ilə qədər BVF-nin proqnozuna görə heç zaman 2019-cu ili səviyyəsinə çatmayacaq. Yığımla bərabər Ermənistanda sərmayə qoyuluşunun da ÜDM-də payı 2017-2020-ci illərdə 2,9 faiz azalıb, bu il daha da azalacağı proqnozlaşdırılır. Ermənistanın cari əməliyyatlar balansında ÜDM-in 8,2 faizi həddində kəsirin olması və bu kəsirin xroniki hal alması iqtisadi təhlükəsizliyi "plintusdan aşağı" həddə endirir. Cari əməliyyatlar hesabının kəsirini maliyyələşdirmək üçün dramın devalvasiyası Ermənistanda yoxsulluğu artırır. Cari kəsirin maliyyələşdirilməsi üçün xarici borc cəlbi isə bu ölkənin qəbul etdiyi fiskal qaydalara və borc strategiyasına ziddir. Xarici sərmayənin cəlbi yolu ilə isə cari əməliyyatlar hesabının kəsirini maliyyələşdirmək mümkün deyil. Çünki işğalçı siyasəti üzündən dörd sərhədindən ikisi bağlı, digər ikisi isə məhdud imkanlara malik olan Ermənistanda xarici sərmayə perspektivi zəifdir. Ermənistanın əsas strateji sahələri – dəmiryol, elektrik, qaz, dağ-mədən, telekommunikasiya və s. isə çoxdan öz inhisarçı sahiblərini tapıblar. Ermənistan iqtisadiyyatı xarici sərmayə üçün "doymuş məhlul"du. Əksinə bu il proqnozlaşdırılır ki, Ermənistanın maliyyə hesabı da qeyi-rezidentlərin depozitlərinin geri çəkməsi fonunda kəskin pisləşəcək."
O, həmçinin Ermənistanın əsas gəlir mənbələrinə də toxunub: "Ermənistanın ixrac gəlirlərinin illik 1 milyard dolları xammal şəklində dağ-mədən sənayesinin məhsullarıdır. Bu sahədə Paşinyan iqtidarının araşdırmalara başlaması sahiblərin dəyişdirilməsinə hesablanıb və investorların inamına zərbə vurur. Ölkəyə valyuta gətirən digər sahələr aqrar məhsulların ixracı və qumar oyunlarıdır. Hətta Ermənistanda qumar iqtisadiyyatının dövriyyəsi ölkənin hərbi büdcəsini üstələyir. Aqrar məhsulların isə bir bazardan – uzaq və çatılması məhdud olan Rusiya bazarından asılılığı bu sahənin davamlı inkişafına maneədir."
V.Qasımlı sonda bildirib ki, Ermənistanın iqtisadi inkişafı işğal etdiyi Azərbaycan ərazisinin girovuna çevrilib: "Ermənistan perspektivi olmayan işğal siyasətini davam etdirmək üçün siyasi, iqtisadi və hərbi müstəqilliyini böyük güclərə və diasporaya güzəştə gedib. Bu gün Azərbaycan Ermənistanı əhali sayına görə dörd dəfə, əraziyə görə üç dəfə, iqtisadiyyata görə altı dəfə və strateji valyuta ehtiyatlarına görə 25 dəfə üstələyir. Global Fire Power təşkilatının reytinqində Azərbaycan ordusu dünyada 64-cü və Ermənistan ordusu isə 111-ci yerdə qərarlaşıb. Ermənistan özündən bu qədər güclü qonşusu Azərbaycanın beynəlxalq aləmdə tanınan ərazilərini işğal altında saxlamaq və Azərbaycana qarşı provokasiyalar törətməklə daha da çıxılmaz vəziyyətə düşür."
https://www.dailysabah.com/opinion/op-ed/armenias-choked-economy-too-weak-for-prolonged-occupation
Müəllif: Nigar Məmmədova