Ermənistanın başçısı Nikol Paşinyan millətin xilaskarı rolunu öz üzərinə götürərək gələcək minillikdə ermənilərin taleyini həll etməyi vəd etdi. Daha doğrusu, İstiqlal Bəyannaməsinin qəbul edilməsinin 30-cu ildönümü münasibətilə təbrik mesajı göndərərkən də erməni xalqını yeni vədlərlə aldatdı.
Ermənistanın müstəqillik nağılı
Erməni baş nazirin ötən iki il ərzində belə aldadıcı ifadələri, yalan vədləri, boş, mənasız, həm də əsassız ifadələri daha çox elə ermənilərin özlərinə tanışdır. Belə populist çıxışların arxasında yalançı vədlərin, boş sözlərin olduğu gün kimi aydındır və bunları saymaqla bitən deyil. Ermənistan cəmiyyətinə bəlli olan və inanmaq istəmədiyi həqiqətlər onsuz da Nikolun hər çıxışının əsassız olduğunu təsdiqləyir. Bu həqiqətlərə nəzər yetirsək görərik ki, populism pəhləvanı olan bu avantürist düz iki ildir erməni xalqını sözün əsl mənasında barmağına dolayıb. Məsələn, İstiqlal Bəyannaməsi dedikdə erməni xalqının iradəsinə əsaslanan müstəqil dövlətçilik qurma prosesi göz önünə gəlməlidir. Reallıq isə bundan ibarətdir ki, bu gün Ermənistan sakinlərinin mütləq əksəriyyəti Rusiyanın bu ölkənin mövcud olmasının əsas qarantı olduğunu öz adı kimi yaxşı bilir. Yaxşı bilir ki, Rusiyanın rolu olmasa, Ermənistan Azərbaycanın ayaqları altında toz kimi dağılar. Azərbaycanın obyektiv iqtisadi və demoqrafik göstəricilərini ermənilər bildikləri üçün anlayırlar ki, üçüncü tərəfin müdaxiləsi olmadan birbaşa toqquşma baş verərsə, Ermənistan tərəfi əhəmiyyətli itkilərlə üz-üzə qalmalı olacaq.
Ermənilər onu da yaxşı bilirlər ki, Gümrüdəki 102-ci Rusiya hərbi bazasının hesabına Ermənistan tərəfi arxayınlaşıb və Türkiyə, eləcə də İran sərhədinin 300 kilometrini öz sərhədləri kimi qoruyan erməni əsgərləri, erməni ordusu yox, Rusiyadır. Belə olan halda, ordusunun varlığından, onun gücündən, imkanlarından dəm vuran Paşinyanın sözlərinin bir heç olduğu da ən sıravi erməni üçün bəllidir. O da bəllidir ki, silahlarını belə Rusiya verir və özü də kreditlərlə verilən borca görə Ermənistan Rusiyadan günü-gündən daha asılı vəziyyətə düşür. Görəsən, Ermənistanı durmadan belə asılılığa sürükləyən Paşinyan hansı müstəqillikdən, hansı istiqlaldan danışır? Axı, belə borclanma, belə boyunduruq Ermənistan iqtisadiyyatını da Rusiyadan asılı edir. Ermənistanın asılılıq səbəbləri saydıqca bitən deyil və göründüyü kimi, hazırda hər hansı bir "müstəqil dövlətçilik"-dən söhbət belə gedə bilməz. İndi bu müstəqillik nağılını Nikol Paşinyan hər dəfə danışanda Ermənistan cəmiyyətinin özünü necə hiss etdiyini adam təsəvvür belə etmək istəmir.
Ermənistanın təhlükəsizliyini qoruyan ordu erməni əsgər anaları üçün bir kabusdur
Ermənistan ordusunun uğurlarından danışan Paşinyan, bu ölkənin ordusunda hamının yaxşı bildiyi onlarla, hətta yüzlərlə mənfi və biabırçı hadisələrdən bəhs etməyi nədənsə unudur. Müdafiə Nazirliyinin ən yüksək eşelonlarında baş verən korrupsiya qalmaqalları bəlkə Paşinyana bəlli deyil? Yoxsa, Ermənistan Silahlı Qüvvələri üçün nəzərdə tutulmuş ərzaq məhsullarının satılması faktından da xəbərsizdir Nikol? Erməni baş nazir onu da bilmirmi ki, onun ordu dediyi əsgərləri valideynlərinin hesabına hərbi geyim forması ilə təmin olunur?
Baş nazir postunu hiyləgərcəsinə ələ keçirən avantüristin bugünkü Ermənistan ordusunun erməni əsgər anaları üçün bir kabus olduğunu bilməməsi heç inandırıcı deyil. Çünki bugünkü Ermənistan ordusunda xidmət etməyin nə demək olduğunu erməni əsgər anaları bilirsə, deməli Nikol da yaxşı bilir. Yaxşı bilir ki, övladını Ermənistanın ordu sıralarına göndərən erməni əsgər anaları balalarının tabutunu qarşılayacağına da hazırlaşırlar. Elə ordudan yayınma halları da əbəs yerə, səbəbsiz deyil və səbəb məhz sadalananlardır ki, nəticədə, bu gün Ermənistan, xalq dəstələrindən istifadə etmək niyyətindədir. Əks halda, hansı təhlükəsizlikdən sözhbət gedə bilər və bu təhlükəsizliyi kim qoruya bilər axı? Göründüyü kimi, öz populist çıxışlarında ordu barədə danışarkən də Paşinyan xalqını aldadır və bu mövzuda da danışdıqları yalandır, daxili auditoriyaya, bu auditoriyanın sakitləşdirilməsinə, aldadılmasına hesablanıb.
Müstəqil məhkəmə sistemi olmayan, Konstitusiya tələbləri pozulmaqda davam edən ölkə
Paşinyan və onun kabineti yalnız etdikləri qanunsuz hərəkətləri, dedikləri yalan ifadələri, vədləri doğrulamaqla, əsasıandırmağa çalışmaqla məşğuldur. Siyasi spekulyasiya və populizm bugünkü erməni liderlərinin, Ermənistan hakimiyyətinin bir növ ən “ali” prinsipləridir.
Ekoloi problemlər bu gün Ermənistan hakimiyyətini maraqlandırmır. Tutaq ki, Sevan gölünün çirklənməsinə etinasızlıq nümayiş etdirmələrini saymazlıq kimi dəyərləndirmək oldu. Bəs, Amulsar mədəni barədə bunu demək mümkündürmü? Axı, Nikol Paşinyan küçələrdə belində çanta çığır-bağır salanda bu mədənlə bağlı tələblər irəli sürən kütləyə qoşulmuşdu və sözügedən mədənin bağlanması tələbi ilə də şəxsən özü çıxış edirdi. İndi nə dəyişdi ki, erməni baş nazir bu məsələyə nəinki məhəl qoymur, əksinə, kütlənin haqlı tələblərini vecinə də almır. Vecinə alanda da onların üstünə polis göndərir, zor tətbiq etdirir, əzir və haqlarını tapdalayır. Bir zaman küçədə, nümayişlərdə dolaşarkən, polis də bizimdir, xalqındır deyən bu manipulyator, indi polisi xalqın üzərinə göndərəndə heçmi utanmır? Polisi xalqın üzərinə göndərəndə utanmayan, heç olmasa sonra xalqın adından danışanda, demokratiyadan dəm vuranda utansın, əgər onda utanan üz qalıbsa.
Şəxsi ambisiyalar və hakimiyyət ehtirası Nikolun başını bərk dumanlandırdığı da bir həqiqətdir ki, bunu yerli əhali açıq-aşkar etiraf edir. Etiraf edir ki, erməni xalqı köhnə hakimiyyəti devirmək istəyirdi, Paşinyanı hakimiyyətə gətirmək yox. Amma indi bu toplum dərk edir ki, beli çantalı küçə nümayişçisi, avantürist hadisələrdən sui istifadə edərək hakimiyyət kürsüsünü qamarlayıb və onları bərk aldadıb. İndi də aldanıldıqlarını etiraf edənlərdən tutmuş, əvvəlki hakimiyyətə yaxın adamlara qədər hər kəs Paşinyanın repressiyalarının qurbanı olur. Bu ölkədə "Erməni" və "Qarabağ" klanları arasında nifrət və düşmənçilik də sirr deyil. Dözümsüzlük, bütövlükdə ermənilərin ağ və qaralara bölünməsi, müxaliflərin siyasi repressiyası, şantaj, ictimai rəylə manipulyasiya Paşinyanın istifadə etdiyi metodlardır ki, buna nəinki iddia etdikləri demokratik ölkə, dövlət belə demək olmaz. Bu, sadəcə bir nəfərin axmaq və qanunsuz idarəçiliyidir.
Əsas insan hüquq və azadlıqlarından dəm vuran Paşinyanın bu ikili standartlar siyasəti diqqətdən yayınan deyil və əbəs yerə deyil ki, Qərb də belə bir adamı seçdiyinə görə təəssüf hissini etiraf edir. Dünənki inqilabçının, hakimiyyəti ələ keçirərək sərbəst toplaşmaq azadlığını kəskin şəkildə məhdudlaşdırğını görən Qərb belə etirafı etməyə bilməzdi də. Çünki, əks halda ən azından demokratik dəyərləri bayraq edərək Qafqaza nəzarət üçün Qərbin bəhanəsi belə qalmaz.
İkinci Prezident Robert Köçəryanı həbsdən azad edən hakimlərə göstərilən misilsiz təzyiqlər də Paşinyan hakimiyyətinin simasını açıq şəkildə ortaya qoydu. Milli Təhlükəsizlik Xidməti və Xüsusi İstintaq Xidmətinin rəhbərləri arasındakı telefon danışıqlarının sızdırılan yazılarını, habelə Paşinyanın Robert Köçəryanı həbsdə saxlamağı xahiş etdiyini xatırlamaq belə bu küçə nümayişçisinin kimliyini, eləcə də onun hakimiyyətinin, dövlət adlandırdığının mahiyyətini anlamaq üçün yetərlidir. Tərəfdarlarına müraciət edərək məhkəmə binalarına girişin qarşısını kəsən Paşinyan bundan sonra hansı üzlə, əgər bu onda varsa, Konstitusiyadan dəm vurur? Axı o özü Konstitusiyanın tələblərini kobud şəkildə pozdu. Deməli, hüquqlardan, azadlıqlardan, qanundan, Konstitusiyadan da dəm vuranda yalan danışır bu küçə nümayişçisi. Özü də müstəqil məhkəmə sistemi olmayan, Konstitusiya tələbləri pozulmaqda davam edən ölkə barəsində ağız dolusu, populistcəsinə danışanda yalandan başqa bir şeyə təsadüf etmək mümkünsüzdür.
Ermənistanın korrupsioner hökumət imici
Paşinyan korrupsiyadan danışarkən keçmiş zamanında, “olub” felindən istifadə edir. Yəni guya indi yoxdur. Əslində isə reallıq başqa şəkildədir. Reallıq odur ki, Ermənistanda korrupsiya, Paşinyan və ailəsi, parlament üzvləri, bir də hökumət satınalmaları olmaqla üç şaxəyə bölünür.
Əvvəla, korrupsiyanı keçmiş zamana aid edən Nikol Paşinyanın həyat yoldaşı Anna Akobyanın idarə etdiyi fond, Ermənistan baş nazirinin korrupsiya sxemində xüsusi yer tutur. Çirkli pulların yuyulması və nağdlaşdırılmasının əsas metodu sonradan xeyriyyə işlərinə "xərclənən" adsız ianələr adlanır. Daha sadə dillə desək, pul Paşinyanın cibinə axır. Digər bir qazanc mənbəyi, erməni oliqarxlarından Paşinyanın hakim bloku olan “Mənim Adımım”-a köçürmələrdir ki, təmsilçiləri də Ermənistan Milli Məclisindəki ümumi yerlərin 75%-dən çoxuna sahibdirlər.
Digər tərəfdən, Paşinyanın qanunsuzluğunu görən millət vəkilləri baş nazirlə ayaqlaşmağa çalışırlar. Yüz minlərlə dollarla hesablanan və özünə, yaxınlarına yazılan milyonlarla dollar pul, mükafat, müxtəlif maşın və avadanlıqların fonunda erməni baş nazir hansı korrupsiyanın "aradan qaldırılması"ndan danışır?
Bununla yanaşı, satınalmaların da böyük bir hissəsi heç bir rəqabət olmadan həyata keçirilir. Yatağın beynəlxalq ekspertizası üçün dövlət büdcəsindən ayrılan 400.000 dollardan çox pulu “basdıran” səlahiyyətlilərə qarşı ittihamlar da elə bu günə qədər Amulsar mədənlərində basdırılıb. Ekspertizanın nəticələri qənaətbəxş hesab edilməsə də, pullar xəzinəyə qaytarılmayıbsa, yenə də Paşinyan üz tapıb korrupsiya sözünü keçmiş zamanda işlədir? Ermənistanın korrupsioner hökumət imici məhz Paşinyan hakimiyyəti zamanı daha qabarıq şəkildə ortaya çıxdı axı...
Paşinyan bir kloun olaraq baş rolda
Əminik ki, Paşinyan hakimiyyətə gəldikdən sonra şəhərlərin abadlaşdırılması və şəhər administrasiyaları tərəfindən inventar alınması üçün "artan" xərclərdən də xəbərdardır. Yeri gəlmişkən, Paşinyanın bu qədər yalandan qürur duyduğu bir çox “işlər”, ölkə əhalisinin sonda ödəyəcəyi milyonlarla kredit hesabına həyata keçirilir. Məsələnin ən gülməli tərəfi isə budur ki, bir zaman Nikol özü bu kredit müqavilələrinin əleyhinə səs verib.
Gördündüyü kimi, Paşinyan tərəfindən səsləndirilən "müstəqil" Ermənistanın heç bir uğuru praktikada real faktlarla təsdiqlənmir. Paşinyan açıq-aşkar şəkildə bir kloun olaraq baş rolda oynayır. Bu baxımdan, Paşinyanın onsuz da öz mövqelərindən narahat olan ermənilərə “qürurlu vətəndaşlar”, deyə müraciəti onlara lağ eləmək kimi səslənir.
Amma, heç şübhəsiz ki, ümidlərini inqilabçı Paşinyana bağlayan ermənilər, əslində, dövlət çevrilişi ilə hakimiyyətə gələn avantürist, fırıldaqçı, yalançı Paşinyanı xəyanətlərinə, yalanlarına görə bağışlamayacaq.