"Bir çox ölkələrin təcrübəsi göstərdi ki, vətəndaş və hökümət birgə həmrəylik sərgiləyərsə, o zaman bu kimi problemlərin öhdəsindən daha tez bir zamanda gələ bilərik". Bu sözləri Diaspor info-ya açıqlamasında "Gənclərin Töhfəsi" İctimai Birliyinin sədri Asim Vəliyev, Nazirlər Kabinetinin qərarına əsasən karantin rejimində yumşalmaların tətbiq edilməsi məsələsinə münasibət bildirərkən deyib.
QHT sədri bildirib ki, hər birimizə məlum olduğu kimk COVID-19 pandemiyasının yayılması dünya iqtisadiyyatına olduğu kimi milli iqtisadiyyatımıza ciddi təsir göstərdi: "Bir çox fəaliyyət sahələri qismən və ya tamamilə məhdudlaşdırıldı. Ölkəyə turist səfərləri dayandırıldı. Turizm sahəsində, otel sistemində, toy biznesində, kafe-restoranlarda günə-muzd, muzdlu çalışanların, repetitorluqla məşğul olanların, fərdi tədris mərkəzlərindən və s. sahələrdə çalışanların dolanışıq səviyyələri aşağı düşdü. Bütün bunlarla yanaşı dövlət olaraq ölkə başçısı Prezident İlham Əliyevin təşəbbüsü ilə bu kimi problemlərin aradan qaldırılması üçün bir sıra qabaqlayıcı, təxirəsalınmaz tədbirlər görüldü. Görülən tədbirlər nəticəsində mövcud problemlər qismən də olsa aradan qaldırıldı. Ciddi karantin rejimini nəticəsində sanitar-epidemioloji vəziyyətdə müşahidə olunan stabilləşməyə görə görülən təbirlərin davamı olaraq Nazirlər Kabinetinin qərarı ilə bəzi rayonlarda sərt karantin rejimi yumşaldıldı, eyni zamanda ölkə ərazisində repetitorların, fərdi tədris mərkəzlərinin və muzey, sərgilərin fəaliyyəti bərpa edildi. Təbii ki, hökumət tərəfindən atılan bu addım təqdirəlayiqdir. Beləliklə pandemiyanın vurduğu mənfi təsirlərin qismən də olsa aradan qalxacağını və iqtisadi vəziyyətimiz dirçəlməyə doğru gedəcəyini düşünürəm".
Asim Vəliyevin sözlərinə görə, bir çox ölkələrin təcrübəsi göstərdi ki, vətəndaş və hökümət birgə həmrəylik sərgiləyərsə, o zaman bu kimi problemlərin öhdəsindən daha tez bir zamanda gələ bilərik: "Müşahidələr və gedişat hələ dünya olaraq bizim bu virusla uzunmüddət yaşamalı olacağımızı göstərir. Ancaq qaydalara əməl etməklə virusun əhalinin sağlamlığına təsirini minimuma endirə və az zərərlə bu problemin öhdəsindən gələ bilərik.
Ümid edirik ki, tezliklə vətəndaşların qaydalara əksəriyyətlə əməl etməsinin nəticəsi olaraq yoluxma statistikasında yenidən azalma müşahidə olunar və fəaliyyəti məhdudlaşdırılmış digər iş sahələrinin də açılmasına icazə verilər. Cəmiyyət olaraq yenidən əvvəlki firəvan, hüzurlu həyatımıza qayıtmaq ən başlıca arzumzudur".