"Azərbaycanın yeni xarici işlər naziri Ceyhun Bayramov Rusiyaya - ATƏT-in həmsədri olan ölkəyə ilk səfərində birmənalı şəkildə bildirdi ki, ölkəmiz görüntü xatirinə deyil, real nəticələrə hədəflənən danışıqlarda maraqlıdır. Xarici siyasət idarəsinin rəhbərinin bəyanatı, fikrimcə, Qarabağ münaqişəsi ilə bağlı diplomatiyamızda yeni bir səhifənin başlanmasına işarədir. Mənasız danışıqları, həmsədrlərin regiona turist səfərlərini, boş bəyanatlarını artıq qəbul etmirik. Bütün bunlar status-kvonun süni şəkildə uzadılmasına, ermənilərin güclənməsinə, torpaqlarımızın ilhaq edilməsinə xidmət edirdi. Uzun illər ərzində Minsk qrupunun həmsədrləri problemi qaldığı ölü nöqtədən yarım addım belə irəli apara bilməmişlər. Əksinə, onların fəaliyyətsizliyi, məsuliyyətsizliyi nəticəsində danışıqlar prosesi dalana dirənmiş, hətta bir çox istiqamətlərdə geriləmələr baş vermişdir". Bunu Diaspor info-ya Yurddaş Partiyasının sədri Mayis Səfərli deyib.
Onun sözlərinə görə, ölkəmizin səbri sonsuz deyil. İşğala, qəsbkara beynəlxalq təşkilatların, Rusiya və ABŞ kimi dövlətlərin danışıqlara təkidli çağırışı, açığını desək, təzyiqlərinə görə dözmüşük: "Lakin həmin güclər müntəzəm olaraq, atəşkəsi pozan, tez-tez hərbi təxribatlara əl atan erməniləri gətirib masa arxasında oturtmur, onlardan BMT TŞ-nin, digər beynəlxalq qurumların qətnamə və qərarlarının yerinə yetirilməsini tələb etmirlər. Axı, istər ATƏT-in Minsk qrupu yaradılarkən, istərsə də atəşkəslə bağlı Bişkek protokollarını imzalayarkən Ermənistan üzərinə öhdəliklər götürüb. Lakin Ceyhun Bayramovun da Moskva səfərində vurğuladığı kimi, işğalçı dövlət bu öhdəliklərin heç birini yerinə yetirmir. Rusiyalı həmsədr Lavrov danışıqların davam etdirilməsi zərurətindən danışarkən niyə bu vacib məsələləri qulaq ardına vurur? Ermənistanın baş naziri zəbt etdikləri torpaqlarımızı qaytarmayacaqlarını dönə-dönə dilinə gətirirsə, onunla nə barədə danışmaq olar? Yurdu, yuvası düşmən taptağı altında olan hər bir azərbaycanlının, təbii ki, ağlına ilk gələn fikir onun dilini dibindən qoparmaq ola bilər.
Bax, bizi müharibədən çəkindirməyə çalışan, işğaldakı ərazilərimizi güc yolu ilə azad etmək kimi haqlı və qanuni istəyimizdən vaz keçməmiz üçün bizə hər cür təzyiq göstərməyə çalışan qüvvələr niyə işğalçıını beynəlxalq hüquqa əməl etməyə məcbur etmirlər? Azərbaycanın dözüm limiti artıq sona çatıb. İnsanlarımız erməni işgalındakı evlərinə, yurdlarına qayıtmaq istəyirlər. Torpaqlarını əkib-becərmək, qurub-yaratmaq istəyirlər. Atalarının, babalarının məzarlarını ziyarət etmək istəyirlər. Daha heç kimə qulaq asan deyilik! İnanıram ki, hücumçu diplomatiya və qüdrətli ordumuz sayəsində buna nail olacağıq".