Azərbaycan Respublikaçılar Partiyasının qurultaya hazırlıq üzrə təşkilat komitəsinin növbəti, üçüncü onlayn iclası keçirilib. Partiya sədri Sübut Əsədovun iştirakı ilə keçirilən iclasda partiyanın növbəti qurultayı ilə bağlı son hazırlıq işləri müzakirə edilib. İclasda görülmüş işlərlə bağlı Azərbaycan Respublikaçılar Partiyasının qurultaya hazırlıq işləri üzrə təşkilat komitəsinin sədri, “ARP” sədrinin müavini səlahiyyətlərini icra edən Allahyar Süleymanov məlumat verərək qeyd edib ki, artıq partiyanın rayon təşkilatları tərəfindən qurultaya nümayəndələr seçilib. Bu günə qədər partiya sədrliyinə yalnız bir nəfərin, hazırkı sədr Sübut Əsədovun namizədliyi irəli sürülüb. Partiyanın qurultayının sentyabrın 5-də keçirilməsi nəzərdə tutulub. Qurultay onlayn qaydada keçiriləcək. Partiyanın rəhbər orqanlarında təmsil olunan şəxslər sentyabrın 4-də Fəxri Xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edəcəklər. Qurultayda Dövlət başçısının son zamanlar apardığı kadr islahatları, korrupsiyaya qarşı mübarizə, siyasi islahatlar, həmçinin dünyada baş verən siyasi proseslər, Qarabağ problemi geniş müzakirə olunacaq, həmçinin Azərbaycan xalqına müraciət olunacaqdır. Həmçinin qurultayda partiyaya yeni sədr seçiləcək və seçkili orqanlar yenidən formalaşdırılacaq. Qurulytayda içtirak etmək istəyən KİV nümayəndələri əvvəlcədən partiyanın qurultaya hazırlıq üzrə təşkilat komitəsinə müraciət edə bilərlər.