"Ümumiyyətlə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqlarda tərəflər nisbəti dördün birədir. Bir Azərbaycandır, dörd işğalçı Ermənistan və üç həmsədr dövlətdir. Bu üç həmsədr dövlət uzun illər aparılan danışıqların heç bir dövründə ədalətli olmayıblar. Onlar həmişə tərəf kimi çıxış ediblər. Xüsusilə burada şimal qonşumuz olan Rusiya və digərləri hər zaman tərəfkeş (Ermənistanın tərəfindən) kimi çıxış edib. Ona görə də bu günə qədər heç bir nəticə yoxdur". Bunu Diaspor info-ya millət vəkili Elman Məmmədov deyib.
Deputatın sözlərinə görə, həmsədrlik institutu 25 ildir fəaliyyətdədir: "Lakin onlar 25 ildə 25 qəpiklik iş görməyiblər. Onlar sanki beynəlxalq turizm şirkətidir. Bunların heç nə veclərinə deyil. Onlar bahalı təyyarələrlə gəlirlər, bahalı otellərdə qalırlar, bahalı yerlərdə yeyib-içirlər və ən yüksək təminatla maaşlarını alırlar və s. bununla da işlərini bitmiş hesab edirlər. Ermənistanla birlikdə bu üç həmsədr dövlət çalışır ki, "status-kvo" qorunub saxlanılsın. Son dövrdə də şimal qonşumuzun Azərbaycan haqqında dediyi müsbət fikirlərə baxmayaraq əməldə biz başqa şeyin şahidi oluruq. Sadəcə sonra bir ayda Rusiyadan 500 tondan çox hərbi yük Ermənistana daşınıb. Yəni işğalçı dövlət onlar tərəfindən silahlandırılır. Bildiyiniz kimi Ermnistanın keçmiş prezidenti olan Serj Sakisyan uşaq qatilidir. O əli qana batmış və Xocalıda soyqırım törətmiş bir hərbi canidir. Hətta o mətbuat konfransı keçirəndə dedi ki, Rusiya bizə 50 min tondan artıq əvəzsiz silah-sursat verib. Bax, beynəlxalq təşkilatların və həmsədr dövlətlərin bu məsələnin həllində mövqeləri budur. Yəni biz onlardan bu illər ərzində ədalətli mövqe görməmişik.
Bu gün bütün beynəlxalq təşkilatların, BMT-nin, ATƏT-in gözü qarşısında uzun müddətdir Ermənistan Livandan, Suriyadan erməniləri köçürüb bizim ərazilərimizdə məskunlaşdırır. Bəyəm bunu görmürlər. Təbii ki, görürlər. Azərbaycan vaxtaşırı daimi bu barədə beynəlxalq qurumlara məlumat verir, faktları ortaya qoyur, sübut edir. Amma bu məsələlərə qarşı heç bir reaksiya yoxdu. 90-cı illərin ortalarından bu qeyri-qanuni məskunlaşma ermənilər tərəfindən başlayıb. Bəs onda biz nə etməliyik? Biz o həmsədr dövlətlərə, beynəlxalq qurumlara arxayın olmamalıyıq, etibar etməməliyik və öz işimizi görməliyik. Yəni torpaqlarımızı işğaldan azad etmək üçün tədbirlərimizi davam etdirməliyik və sürətləndirməliyik”.