“Ermənilərin Dağlıq Qarabağa qanunsuz yerləşdirilməsi, birmənalı olaraq psixoloji soyqrım kimi dəyərləndirilməlidir”. Bu sözləri Diaspor info-ya verdiyi açıqlamasında Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova deyib.
Partiya sədrinin sözlərinə görə, sadəcə, 2018-ci ildə statistik məlumatlara əsasən Suriyadan Dağlıq Qarabağ ərazisinə 76 erməni ailəsi yerləçdirilib: “Hardadır dünya birliyi? Hardadır beynəlxalq təşkilatlar? Niyə səsləri çıxmır? Axı, işğal altında olan Azərbaycan torpaqlarına ermənilərin qanunsuz yerləşdirilməsinin birmənalı olaraq hələ 90-cı illərin əvvəllərində başladılan etnik təmizlənmə layihəsinin davamı olduğunu kim bilmir? Azərbaycanın işğal olunmuş ərazilərində işğalçı Ermənistanın qeyri-qanuni fəaliyyəti, o cümlədən məskunlaşdırma siyasəti birmənalı olaraq, BMT-nin qəbul etdiyi qətnamələri ələ salmaq, BMT-nin verdiyi qərarlara qarşı meydan oxumaq deməkdir. Bəs axı, niyə beynəlxalq ictimaiyyət buna susur? Axı göz görə-görə, erməni öz məkrli siyasətini yürütməyə davam edir. Ermənilərin hərbi gücünü də gördük, nüfuzunu da görürük, 21-ci əsrin yeganə müstəmləkə dövləti olaraq tanındığının da hər kəs fərqindədir. Ona görə də, hesab edirəm, təhkimli Ermənistanla danışıqlardan imtina edib, onun sahibləri ilə danışıqları davam etdirmək daha məntiqlidir.
Digər tərəfdən Paşinyanın Azərbaycan torpaqlarına ziyarəti, Rusiyanın Livandan hərbi texnikasının Ermənistana daşıması və ya erməni ailələrinin Dağlıq Qarabağa köçürülməsi məsələsinin bu qədər nümayişkaranə şəkildə həyata keçirilməsi, əslində, təhkimli Ermənistanın sahiblərinin Türkiyə və Azərbaycan birliyinin qarşısında bir mesajı kimi də dəyərləndirilə bilər... Rusiyanın müdafiə naziri Şoyqunun Bakı səfərindən sonra Livandakı hərbi texnikanın Ermənistana daşınmasının ictimailəşdirilməsi məsələsi birmənalı olaraq bunu təsdiq edir. Hesab edirəm ki, Türkiyənin ordusu və bütün gücü ilə bərabər Azərbaycanın yanında olması səbəbiylə geopolitik məkanda hələ bir çox dəyişiklikləri görə biləcəyik...”.