İraqın "hathalyoum.net" və "khabaar.press" saytlarında Azərbaycanın bu ölkədəki müvəqqəti işlər vəkili Nəsir Məmmədovun "COVID-19-la mübarizədə Azərbaycan təcrübəsi" sərlövhəli məqaləsi dərc olunub. Diaspor info xəbər verir ki, məqalədə Azərbaycanda koronavirus pandemiyasının yayılmasının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər barədə geniş məlumat verilib. Qeyd olunub ki, COVID-19 virusunun Azərbaycan ərazisində yayılmasının və yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Prezident İlham Əliyevin tapşırığına əsasən zəruri qabaqlayıcı tədbirlər görülüb, profilaktik və təxirəsalınmaz işlər həyata keçirilib. COVID-19-un diaqnostikası, habelə bu xəstəliyin müalicəsi üçün zəruri olan laborator testlər, tibbi avadanlıq və ləvazimatlar, qoruyucu vasitələr Azərbaycana gətirilib, ölkədəki laboratoriyanın sayı artırılıb, paytaxt və regionlarda xüsusi rejimli xəstəxanalar və karantin zonaları yaradılıb. Qısa zamanda Azərbaycanda modul tipli 10 yeni xəstəxana tikilib istifadəyə verilib. Martın sonlarında açılan "Yeni klinika" tibb müəssisəsi koronavirus xəstələrinin istifadəsinə verilib. Eyni zamanda, ölkədəki tələbatı qarşılamaq məqsədilə tibbi maska, qoruyucu kombinezon və dezinfeksiyaedici vasitələrin istehsalına başlanılıb. Bundan əlavə, koronavirusla mübarizə aparmaq üçün Rusiya, Kuba, Çin, İtaliya və Türkiyədən Azərbaycana həkim briqadaları dəvət olunub və onlar azərbaycanlı həkimlərlə birlikdə fəaliyyət göstərirlər. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli Sərəncamına əsasən, COVID-19 pandemiyasının, bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması məqsədilə sosial-iqtisadi dəstək paketi qəbul olunub. Pandemiya ilə əlaqədar xarici ölkələrdə yaşayan Azərbaycan vətəndaşlarının ölkəyə gətirilməsi prosesi davam edir. İndiyədək müxtəlif ölkələrdən 20 min vətəndaş xüsusi reyslərlə ölkəyə gətirilib. Qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının və Qoşulmama Hərəkatının Təmas Qrupunun COVID-19 pandemiyasına həsr edilmiş onlayn fövqəladə Zirvə görüşləri keçirilib. Videokonfrans vasitəsilə keçirilən bu görüşlərdə COVID-19-a qarşı mübarizə məsələləri müzakirə edilib və birgə tədbirlərin, eyni zamanda, qarşılıqlı yardımlaşmanın vacibliyi vurğulanıb. Eyni zamanda, Qoşulmama Hərəkatının sədri statusunda Prezident İlham Əliyevin BMT-nin Baş Assambleyasının koronavirusla mübarizəyə həsr olunmuş xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünün qurumun 130-a yaxın üzv dövləti tərəfindən dəstəklənməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana olan böyük etimadın və hörmətin növbəti göstəricisidir.