Şərqi Aralıq dənizi regionunda hərbi ritorikanın artması, xüsusilə Türkiyənin açıq və qətiyyətli mövqe ifadə etməsi bu ölkənin dünyada yeni güc faktorunu daha qabarıq fonda əks etdirməkdədir. Artıq Yunanıstanla yanaşı, Fransanın, İtaliyanın, Yunan Kiprinin, Misirin, BƏƏ-nin birgə şəkildə Türkiyəyə qarşı təhdid dili ilə danışmaq cəhdləri də fiaskoya uğramaqdadır.Lakin daha böyük güclər – ABŞ, Böyük Britaniya, eləcə də onların müttəfiqi İsrail susqunluqlarını qoruyub-saxlamaqdadırlar. Bu zaman prosesin hansı tərəfə istiqamət alması sualları da yaranır. Diaspor info xəbər verir ki, politoloq, Azad Demokratlar Partiyasının (AzDP) sədri Sülhəddin Əkbər sözügedən məsələnin bəzi təfərrüatlarına toxunub.Onun qeyd etdiyinə görə, ilk olaraq nəzərə alınmalıdır ki, hər hansı bir hadisə baş verəndə, ona yanaşma bir xətli olmur. Belə ki, bu situasiyanın yaranmasında həm ümumi, həm də xüsusi səbəblər var.“Ümumi səbəb yeni dünya düzəninin qurulması və geopolitik qarşıdurmanın həlledici mərhələyə daxil olmasıdır”, deyən S.Əkbərə görə, oyun quran və pozan dövlətlər də yeni dünya düzənində öz maraqlarını daha çox inkişaf etdirmək istəyir ki, buna da təbii yanaşmaq lazımdır: “Türkiyə orta böyüklükdə dövlət olsa da, öz maraqlarını keçmiş tarixi coğrafi sərhədləri daxilində inkişaf etdirməyə çalışır. Bu da yeni dünya düzəni qurucuları olan oyunçuların maraqları ilə toqquşmaya gətirib çıxarır. Məncə, Şərqi Aralıq dənizində baş verənlərin başlıca səbəbləri budur: yəni, həm qlobal, həm də regional miqyasda oyun quran və oyun pozan dövlətlərin yeni dünya düzəninə dair maraqlarının toqquşması”.AzDP sədri qeyd edib ki, Türkiyə hələlik oyun quran dövlət olmasa da, artıq böyük oyun pozan oyunçulardan biridir: “Bu o deməkdir ki, regionda Türkiyənin maraqları nəzərə alınmadan hər hansı bir plan qurularsa, Ankara bunu pozmaq üçün imkan və qabiliyyət əldə edib. Bunu da həm Suriyada, həm Liviyada göstərib, indi də Şərqi Aralıq dənizində nümayiş etdirir.Xüsusi səbəblərə gəldikdə, bu, birinci məsələni tamamlayan yanaşmadır. Türkiyə Şərqi Aralıq dənizində öz maraqlarını inkişaf etdirmək istəyir. Bu zaman da digər böyük və regional dövlətlərlə maraqları toqquşur. Təbii ki, Aralıq dənizində müşahidə olunan qarşıdurmaya Suriya, Liviya və bütövlükdə regionda gedən proseslərdən ayrı baxmaq lazım deyil”.S.Əkbər bildirib ki, digər səbəb Şərqi Aralıq dənizinin enerji ehtiyatları və Türkiyənin də bundan payını almaq istəyi ilə bağlıdır: “Həmçinin səbəblərdən biri də Şərqi Aralıq dənizində beynəlxalq dəniz sərhədlərinin təyin edilməməsi, yəni, dənizin hüquqi statusunun müəyyən edilməməsi ilə bağlıdır”.ABŞ və Böyük Britaniyanın bu məsələdə susmalarının da təfərrüatlarını proqnozlaşdıran siyasətçiyə görə, nəzərə almaq lazımdır ki, böyük oyunçuların özləri arasında da rəqabət var: “Məsələn, söhbət milli maraqlardan getdikdə hər bir dövlət öz maraqlarını müdafiə edir. Bu mənada yeni dünya düzəninin qurulması başa çatmadığından, dövlətlər bu düzəndə öz yerini tutmadığına görə bəzən yaxın müttəfiqlərin maraqları toqquşur və rəqabət içində olurlar. Baxın, Avropa Birliyi daxilində Şərqi Aralıq dənizinə görə Fransa ilə Almaniya arasında rəqabət gedir. Bu, özünü açıq şəkildə göstərir. İngiltərə isə Avropa Birliyindən çıxaraq ənənəvi siyasətinə qayıdıb. Yəni, kontinental Avropanı balanslaşdırmaq üçün periferiya ölkələri, eləcə də Türkiyə ilə münasibətlərini inkişaf etdirməkdə maraqlıdır. Bu yolla Avropanın güc balansını tarazlaşdırmaq istəyir. ABŞ isə Fransa və ya Avropa Birliyinin bu qədər qabarmasını, Şərqi Aralıq dənizində söz sahibi olmasını istəmir”.“Sözsüz ki, Rusiya və Çinin də maraqları var”, deyən politoloq hesab edir ki, eyni zamanda maraqları toqquşan tərəflərin bu mürəkkəb münasibətlər sistemindən, yəni, operativ-taktiki baxımdan istifadə etməsi halları da var: “Zaman-zaman şərti olaraq operativ bloklaşmalar bəzən dəyişilir. Yəni, görürsən ki, bir dövlət bir məsələdə filan dövlətlə birlikdədir, amma digər məsələdə başqa dövlətlə eyni addımı atır. Bu mənada yeni dünya düzəninin qurulması başa çatmayana, geopolitik qarşıdurma ortadan qalxmayana və yekun razılaşma əldə edilməyənə qədər operativ-taktiki səviyyədə get-gəllərin, sürətli dəyişikliklərin şahidi olacağıq”.