Onların nəinki siyasi, heç adi iqtisadi bilgiləri də yoxdur
Müxalifət deyilən anlamın ölkəmizdə özlərini "ənənəvi müxalifət" adlandıran radikalçı topluma ümumiyyətlə aid olmaması artıq illərdir ki, öz təsdiqini, sübutunu tapıb. Bu mənada, artıq belə bir məntiqi nəticəyə verdiyimiz sualla və ona verəcəyimiz öz cavabımızla gələ bilərik. Müxalifət indiyə qədər nə edə bilib və bundan sonra nə isə edə biləcəyinə ümidi haradan qaynaqlanır? Bu sualın cavabı bəsit və çox sadədir. Müxalifət indiyə qədər yalnız boş-boş pafosları ilə ictimai rəyə sırınmağa çalışıb və "liderlərinin" nağıllarına uymaqla "gəlirik", "gəlmişik", "gələcəyik" trayektoriyasında başı fırlanana qədər dövr edir. Ümid etməsinə gəldikdə isə, biz bu zamana qədər onlara illər boyu yüz minlərlə maliyyə vəsaitləri ayıran xarici fondların, erməni dəstəklisi olan qrant təşkilatların da canfəşanlıqlarının şahidləri olmuşuq. Sadəcə, həmin fond və təşkilatlar sonradan həmin müxalifətin yararsızlığını, bacarıqsızlığını və xüsusilə yalançı olduğunu öz gözləri ilə görüb. Müxalifət "liderləri" isə hələ də utopiyaçılıq şakərləri ilə hələ də yazın gələcəyini, yoncanın isə bitəcəyini gözləməkdədirlər...
Ancaq daha bir fakt budur ki, radikalların bir-birini sözün əsl mənasında diri-diri yeməyə, məhv etməyə hazır olan "liderləri" də düşərgənin zəifləyib yox səviyyəsinə çatmasında əsas baiskarlardandırlar. Əlbəttə, onların Qərbdəki havadarları bütün bunları bilirlər və nədənsə, bilərəkdən hələ də naftalin qoxusu verən müxalifətçiləri dəstəkləməkdən vaz keçmirlər. Bəlkə də vaz keçərdilər, amma bu gün xaricdə, daxildə var-gəl edənlərin verdikləri vədləri, öhdəlikləri həmin dairələri hələ də maraqlandırmaqdadır.
"Yeni müxalifətçilik" tipajında fəaliyyət göstərdiklərini sanırlar
Bu günün radikal müxalifətinin düşüncə tərzinin 90-larda qalması kimsəyə sirr deyil, amma onların içlərində elələri də var ki, guya öz təbirlərincə "yeni müxalifətçilik" tipajında fəaliyyət göstərdiklərini sanırlar. Yəni bu gün sosial şəbəkələrdə dövlətçilik əleyhinə çıxışlarını öz dayaz düşüncələri ilə "yenilik" kimi gösrəməyə, xarici ağalarına da sırımağa çalışırlar. Buna misal olaraq, Qənimət Zahidin, Sevinc Osmanqızının ciddi-cəhdlərini, dəridən-qabıqdan çıxmalarını deyə bilərik. Halbuki, onlar elə öz cahil, avam və səriştəsiz vəziyyətlərindəcə yerlərində addımlayırlar, bəlkə də bir addım irəliyə getdiklərini sansalar da, 2 deyil, 20, 30 addım geriyə süründüklərinin fərqinə varmırlar. Bunun da səbəbi var – onlar xalq dəstəyindən məhrumdurlar!
İnanın ki, əllərində imkan olarsa...
Ancaq daha bir məsələyə toxunmaq lazımdır. Bu məsələ həmin adamların "əzabkeş" obrazına girən AXCP sədri Əli Kərimlinin, "cəfakeş" rolunda oynayan Cəmil Həsənlinin, "məzlum" tipajında siyasi rəqqasəlik edən Gültəkin Hacıbəylinin ətrafında qrantpayı ummalarıdır. Bunun üçün isə, başlarını girə bilmədikləri kollara, koslara zorla dürtməklə etməyə cəhdlər göstərirlər. Onlara imkan versən hətta Mars, Yupiter və s. planetlərin "siyasi-ictimai" kontekstlərinin "elmi-texnoloji bazasında" formalaşmış "meyarlarını" da "izah" edər, bu "izahlarını" qərbdəki əmr verən rəislərinə təqdim edib, Azərbaycan hakimiyyətinin üzərinə yıxarlar ki, bəs bu hakimiyyət Yer planeti ilə digər planetlərin bir araya gəlməsinə imkan vermir (?!). İnanın ki, əllərində imkan olarsa, bu qədər siyasi həyasızlığa qədər gedərlər!
Dünya Bankının Azərbaycanla bağlı uğurlu reytinq cədvəlini yalanlamaq istərkən, özlərini daha betər rüsvay etdilər
Bu məsələni elə-belə xatırlatmadıq. Çünki bugünlərdə Amerikada kəşfiyyatçı qucağında oturmuş Sevinc Osmanqızı "Milli Şura"nın hələ də ABŞ-dan gəlməyən sədri Cəmil Həsənli ilə Dünya Bankının Azərbaycanla bağlı verdiyi kifayət qədər müsbət rəyini müzakirə (əslində, aldıqları əmrlə tənbeh) ediblər. Onların ucuz təfəkkürlərinə görə, o boyda Dünya Bankının nüfuzlu ekspertləri, bank biliciləri qəsdən saxtakarlığa (?!) yol verərək, 4 ölkənin göstəricilərini dəyişiblər və bu addımları ilə reytinq cədvəlində həmin ölkələrin, xüsusilə Azərbaycanın mövqelərinə müsbət qiymət veriblər. Bu çox gülünc və olduqca hiddətli məsələdir. Baxın, bu gün Ermənistan Dünya Bankının reytinq cədvəlində aşağı yerlərdən birini tutur və Azərbaycanın həmin cədvəldə nüfuzunun yüksək tutulması düşmən olaraq onları qıcıqlandırır. Bu anlaşılan bir məsələdir ki, düşmən heç vaxt bizim uğurlarımıza sevinə bilməz. Bəs bunlara nə gəlib? Bunlar niyə ermənilər qədər, hətta onlardan da hiddətli olaraq Azərbaycanın iqtisadi uğurlarına bu qədər pəjmürdəilik sərgiləyirlər? Məsələ aydındır: bunu etməsələr, erməni lobbisi və lobbinin dəstəyi ilə fəaliyyət göstərən qərb təşkilatları onlardan dərhal üz döndərər, pullarını, qrantlarını kəsərlər. Bütün bunların baş verməməsi üçün isə, məhz və məhz erməni mövqeyini nümayiş etdirmək gərəkdir ki, nə Sevinc Osmanqızı, nə də Cəmil Həsənli üçün bu çətin deyil. Söz yox ki, Əli Kərimli, Qənimət Zahid, Gültəkin Hacıbəyli və onların "kruqunda" olan o biri xainlər üçün də çətin deyil.
Dünya Bankının baş ofisinin qeyd etdiyinə görə, məlumatların səhv (!) dəyişdirilməsi səbəbindən Azərbaycan reytinq cədvəlində aşağı düşüb
Bunların bəhanələri də çox gülünc və istehzadoğurucudur. Misal üçün, Cəmil Həsənli deyir ki, guya (!) Bakı Dünya Bankının rəsmilərini ələ alaraq adını reytinq cədvəlində yüksək mövqeyə yerləşdirib (???!!!). Üstəlik, onların öz "sübutlarını" etmək üçün "Wall Street Journal"da dərc olunmuş yazıya istinad edirdilər, amma...
Amma yenə də yalan, yalan və bir daha yalan! Reallıqda Dünya Bankının mütəxəssisləri Doing Business 2018 və Doing Business 2020 hesabatlarındakı məlumatlarda səhvlərə yol veriblər. Belə ki, bankın baş ofisinin qeyd etdiyinə görə, məlumatların səhv (!) dəyişdirilməsi səbəbindən Azərbaycan reytinq cədvəlində aşağı düşüb. Məlumatlardakı dəyişikliklər Doing Business metodologiyasına uyğun gəlməyib. Yoxlama və auditlər bu proseslərdə nələrin baş verdiyini təsdiqləməyiə kömək edəcək. Bununla Dünya Bankı nümayəndəsi daxili qiymətləndirmə prosesindəki səhvləri təsdiqləyib.
"Bu səhvlər Azərbaycanın göstəricilərinin aşağı göstərildiyi Doing Business hesabatında buraxılıb. Ümid edirik ki, Dünya Bankı tezliklə bu səhvləri aradan qaldıracaq və müvafiq ildə Azərbaycanın inkişafını əks etdirən daha dəqiq məlumat verəcəkdir", məlumatda bildirilir.
Xatırladaq ki, Doing Business-2018 cədvəlində 190 ölkə arasında Azərbaycan reytinqdə 57-ci yeri, Doing Business 2020-də isə 190 ölkə siyahısında 34-cü yeri tutub.
İndi də ağaları qarşısında bir daha rüsvay oldular
Daha əvvəl Dünya Bankı illik Doing Business reytinqinin hazırlanması zamanı yol verilən pozuntuların qiymətləndirilməsi müddətinə açıqlamaların dayandırılacağını elan edib. "Wall Street Journal"a görə, keçmiş hesabatlar dörd ölkə - Azərbaycan, Çin, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı üçün məlumatları səhv dəyişdirə bilərdi. Dünya Bankının Müstəqil Daxili Audit Departamenti son beş Doing Business hesabatındakı məlumatları nəzərdən keçirəcək və qiymətləndirəcəkdir, işin nəticələrinə görə pozuntulara ən çox məruz qalan ölkələr üçün məlumatları retrospektiv şəkildə düzəldiləcək. Xatırladaq ki, növbəti Doing Business reytinqi 2020-ci ilin oktyabrında dərc edilməlidir.
Ölkəmizin iqtisadiyyatındakı proqnozlar isə göstərir ki, Dünya Bankının rəyinə görə, 2021-ci ildə ölkə iqtisadiyyatı özünü bərpa edəcək, hətta 2,2 faizlik artım olacaq. Lakin bunun da azlığının səbəbi məlumdur - COVİD-19 koronavirus pandemiyası və onun dünya iqtisadiyyatına vurduğu zərbələri...
Beləliklə, ortaya nə çıxır? Çıxan budur ki, özlərini "mütərəqqi müxalifətçilər" olaraq təqdim edən Sevinc Osmanqızı və Cəmil Həsənli yenə də öz səriştəsizliklərini, nəinki iqtisadiyyatdan, eləcə də siyasətdən anlamadıqlarını sübuta yetiriblər. Ancaq onları bu maraqlandırmır, onları maraqlandıran yaymağa çalışdıqları yalan və böhtanları oldu ki, indi də ağaları qarşısında bir daha rüsvay oldular. Çünki bu dəfə də aldıqları "ev tapşırıqlarından" yağlı və yekə "2" aldılar.