İşğalçı ölkənin baş naziri “Qarabağ Ermənistandır" deyirsə, onda Ermənistan da Azərbaycandır”
Son aylarda Ermənistanın Baş naziri Nikol Paşinyanın qondarma Dağlıq Qarabağ Respublikasına səfərləri intensivləşib. Demək olar hər ay Xankəndinə səfər edən Paşinyan orada özünəməxsus açıqlamalar verməkdə davam edir. Öz hakimiyyətini əldə saxlamaq və Qarabağın erməni icmasının rəğbətini qaznmaq üçün Paşinyan Xankəndinə son səfərində ötən əsrin 80-ci illərinin sonlarında separatçılar tərəfindən irəli sürülən “miatsum” şüarını işə salıb.
O, Xankəndində meydanda çıxışı zamanı “Arsax Ermənistandır” deyərək bununla da Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğal edilməsi faktını bir daha təsdiq etmiş olub. Özünə Dağlıq Qarabağın erməni icması arasında daha çox tərəfdar toplamaq məqsədi ilə Paşinyan deyib ki, “qarabağlı”, “irəvanlı”, “icevanlı” yanaşmalarına son qoymaq lazımdır, “hamımız erməniyik”. Bu da onu göstərir ki, ermənilər arasında “irəvanlı” və “qarabağlı” çəkişməsi var. Dağlıq Qarabağdan olmayan Nikol Paşinyan isə separatçıları özünə düşmən kimi görmək istəmir. Çünki o bilir ki, hakimiyyətinə ən böyük təhlükə məhz Dağlıq Qarabağın erməni icmasından gəlir.
Paşinyanın işğal altında olan Azərbaycan ərazilərinə, o cümlədən Dağlıq Qarabağa səfərinin də arxasında Xankəndində hakimiyyətə öz adamını gətirməsi cəhdləri dayanır. Belə ki, gələn ayın əvvəllərində qondarma respublikada seçkilər keçiriləcək. Paşinyan bundan istifadə edərək seçkilərdə öz adamının qalib gələməsini təmin etmək üçün bütün cəhdlərdən istifadə edir.
Azərbaycan Xarici İşlər Nazirliyindən sərt reaksiya
Məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyindən Paşinyanın açıq şəkildə “Arsax Ermənistanındır” deməsinə Azərbaycan Xarici İşlər Nazirliyindən sərt reaksiya göstərilib. Bəyanatda deyilir ki, Ermənistan baş nazirinin 5 avqust tarixində Azərbaycanın hazırda Ermənistan silahlı qüvvələrinin işğalı altında saxlanılan Dağlıq Qarabağ bölgəsinin Xankəndi şəhərində “ümumerməni oyunları”nın açılışında çıxış edərək, reallıqdan tamamən uzaq olan populist bəyanatlar səsləndirməsi onun bölgədə və ümumiyyətlə, dünyada baş verənlərdən xəbərsiz və nə dərəcədə aciz birisi olduğunu nümayiş etdirir.
XİN-dən bildirilib ki, bəyanatının əsasən daxili auditoriyaya nəzərdə tutulmasına baxmayaraq, bu, Ermənistan baş nazirinə Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin anneksiyasına çağıran fikirlər səsləndirməsinə heç bir əsas vermir.
“Ermənistan baş nazirinin aqressiv bəyanatları Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə illərdir aparılan danışıqlar prosesinin ruhu və mahiyyəti ilə, o cümlədən Ermənistan və Azərbaycan arasında keçirilən sonuncu görüşlər zamanı aparılan müzakirələrlə açıq ziddiyyət təşkil edir. Bu, həmçinin ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesinə böyük zərbədir. Ermənistanın siyasi rəhbərinin uzun illərdir ki, aparılan danışıqların predmetinə tam zidd olan bu bəyanatı, elə Ermənistanın özünün səsləndirdiyi, “münaqişənin yalnız sülh yolu ilə həlli» çağırışına uyğun gəlmir”.
Bəyanatda, həmçinin bildirilir ki, bütün beynəlxalq ictimaiyyət işğal olunmuş Dağlıq Qarabağ və ətraf bölgələrimiz də daxil olmaqla Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünü tanıyır: "Ölkəmizin ərazi bütövlüyünə birmənalı dəstək istər, BMT TŞ-nin müvafiq qətnamələri, digər beynəlxalq təşkilatların qərar və qətnamələrində, istərsə də ikitərəfli əsasda qəbul edilmiş çoxsaylı sənədlərdə öz əksini tapıb. Azərbaycan öz ərazilərinin işğalı ilə heç zaman barışmayacaq və işğal olunmuş torpaqlarımızın azad olunması və öz evlərindən zor gücünə didərgin salınmış məcburi köçkünlərimizin bu torpaqlara geri qayıtmasını təmin etmək üçün var gücü ilə səylərini davam etdirəcək".
Göründüyü kimi, hənsı formaya düşürsə düşsün, hansı oyunu oynayırsa oynasın artıq bütün dünya dövlətləri, həmçinin erməni ictimaiyyəti Paşinyanın xislətini, niyyətini, riyakar, yalançı, oğru, savadsız olduğunu görür.
Elxan Şahinoğlu: “Ermənilər vaxtilə Levon Ter-Petrosyanı devirdilər, indi də Paşinyana qarşı blok formalaşdırırlar”
Politoloqu Elxan Şahinoğlu Nikol Paşinyanın Xankəndində səsləndirdiyi fikirlərlə bağlı deyib ki, baş nazir bu durumu dəyişmək gücündə deyil, həmin ermənilər vaxtilə Levon Ter-Petrosyanı devirdilər, indi də Paşinyana qarşı blok formalaşdırırlar. Politoloq bildirib ki, Paşinyanın Xankəndində erməni auditoriyasına hesabladığı çıxışdan asılı olmayaraq, rəsmi Bakı bu çıxışa iki şəkildə reaksiya verməlidir: "Birincisi, beynəlxalq təşkilatlardan Paşinyanın çıxışına reaksiya tələb olunmalıdır. Çünki Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi yanaşması danışıqların sona çatdırılması və müharibənin elanı anlamına gəlir. İkincisi, Azərbaycandan yüksək səviyyədə Paşinyanın “Arsax Ermənistandır” açıqlamasına ən azı bu şəkildə cavab verilməsi məqsədəuyğundur: “Dağlıq Qarabağ Ermənistandırsa, onda Ermənistan da Azərbaycandır”.
Politoloq xatırladıb ki, “miatsum” (birləşmək) şüarı Dağlıq Qarabağ separatçılarının 1980-ci illərin sonunda səsləndirdikləri ilk şüar idi. Daha sonra bu şüardan imtina etdilər. Çünki separatçılar və onların arxasında dayanan güclər də anladılar ki, “birləşməni” beynəlxalq aləm anneksiya kimi qəbul edəcək və separatçılar lazımi dəstəkdən məhrum olacaqlar: “Məhz bu səbəbdən separatçılar Ermənistanla birləşmək şüarından vaz keçdilər. Dünyanın digər ölkələrindəki separatçılar kimi “müstəqillik” uğrunda mübarizəyə başladılar, torpaqlarımızın sonrakı işğalı da “müstəqillik ideyası” adı altında həyata keçirildi. Ermənistana rəhbərlik edən nə Levon Ter-Petrosyan, nə də qatı separatçılar Robert Köçəryan və Serj Sarkisyan “Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi” ideyasını səsləndirdilər. Çünki onlar da iki mühüm amilə görə bunu etmirdilər. Birincisi, onlar anlayırdılar ki, «birləşmə» ideyası Ermənistanın “Dağlıq Qarabağın Azərbaycandan ayrılması” mübarizəsinin beynəlxalq aləmdəki mövqelərini zəiflədəcək. İkincisi, “Dağlıq Qarabağın Ermənistana birləşdirilməlidir” ideyasının səsləndirilməsi faktiki danışıqlardan imtina edilməsi, atəşkəsin intensiv pozulması, o cümlədən, Azərbaycanla müharibə ehtimalını artırırdı. Ermənistanın keçmiş rəhbərləri bunun qorxusundan hətta Ermənistan parlamentində «Dağlıq Qarabağın tanınması” səsverməsini də hər dəfə təxirə salırdılar”.
E.Şahinoğlu qeyd edib ki, Ermənistanın hazırki baş naziri Nikol Paşinyan xələflərindən fərqli yol seçdi: “O, çoxdan unudulmuş “miatsum” şüarına qayıtdı və avqustun 5-də (bu tarixi unutmamaq lazımdır) elan etdi ki, “Arsax elə Ermənistandır”. Paşinyanın Dağlıq Qarabağdakı mövqeləri zəifdir və bölgədə gələn ilki “prezident seçkisində” öz adamını kürsüdə otuzdurmaq istəyir. Paşinyan “Qarabağ elə Ermənistandır” şüarını bəlkə də bu məqsədlə söyləyib ki, onun namizədi yeni “şüarla” seçki kampaniyasına başlasın. Nikol Paşinyanın məqsədi nə olursa-olsun, Ermənistanın baş naziri səsləndirdiyi “şüarla” qırmızı cizgiləri aşdı. Artıq dünəndən başlayaraq Dağlıq Qarabağda erməni separatçılığının başında dayanan şəxslər də “miatsum” şüarına qayıdışın onlara baha başa gələcəyinə dair ehtiyatlı açıqlamalar verməyə başlayıblar. İstisna etmirəm ki, “Qarabağ klanının” lideri Robert Köçəryan da yaxınlarda həbsxanadan Paşinyana təhlükəli oyuna girişdiyinə dair açıqlama verəcək. Vəziyyət nə qədər qəribə olsa da, Köçəryanın bu mövzuda Paşinyan əleyhinə verəcəyi açıqlama bəlkə də münaqişənin başladığı uzaq 1980-ci illərdən bu tərəfə Azərbaycanın gələcək planında əlini gücləndirəcək».
Politoloq vurğulayıb ki, Azərbaycan bu durumda 3 amilə diqqət yetirməlidir: «Birincisi, dərhal beynəlxalq təşkilatlardan Paşinyanın açıqlamasına münasibət bildirilməsi tələb olunmalıdır. Paşinyandan izahat tələb olunmalıdır. Paşinyanın Xankəndindəki açıqlamasının təsdiqi də, inkarı da xeyrimizədir. Təsdiqi manevr imkanlarımızı genişləndirə bilər, inkarı Paşinyanın ermənilər arasındakı mövqelərini zəiflədəcək.
İkincisi, Azərbaycan XİN Müdafiə Nazirliyi ilə birgə sərt bəyanat yayınlamalıdır. Paşinyan Xankəndidəki çıxışı ilə buna qədər olan şifahi razılaşmaların üstündən xətt çəkir, ortada nə “Praqa porsesi”, nə də “Madrid planı” qalır.
Üçüncüsü, əslində Nikol Paşinyan bəlkə də anlamadan Azərbaycan Ordusu üçün manevr imkanlarını genişləndirir. Bu şansdan isti-isti istifadə etmək lazımdır. Dünya tarixindəki müharibələr hansısa yanlış açıqlamadan və hərəkətdən başlayıb. Ancaq bu qərarın verilməsi də asan deyil. Ordunun istədiyi kimi hərəkət etməsi üçün siyasi qərardan əlavə düşmən müttəfiqinə işləyən mexanizm tam neytrallaşdırılmalıdır. Bunu da etməliyik”.
Paşinyanın ailə mafiyasına xidmət edən səfəri…
Paşinyanın Azərbaycanın işğal olunmuş ərazilərə səfərinin ən əsas məqamı da ailə mafiyası üstündə öz şəxsi mənafelərini həyata keçirməkdir. Belə ki, Paşinyanın Qarabağa səfəri də ailə biznesini genişləndirmək, Azərbaycanın işğal olunmuş. ərazilərində qızıl və digər metalların qeyri-qanuni istismarından payını götürmək niyyəti daşıyır. Bu səbəbdən bu bölgənin müharibə zonasında olması ona sərf edir. Paşinyan sələflərinin xəttini davam etdirərək cəbhə bölgələrində azərbaycanlı mülki əhalinin, yaşayış məntəqələrinin davamlı olaraq atəşə tutulmasında xüsusi fəallıq göstərir. Ermənistan rəhbərliyi və onun ətrafı yaxşı anlayır ki, onlar bizimlə döyüşə hazır deyillər və bu səbəbdən çalışırlar ki, imkan daxilində öz şəxsi korporativ maraqlarını təmin etsinlər.
Politoloqun sözlərinə görə, bu gedişlə Ermənistan heç vaxt tənəzzüldən qurtula bilməyəcək və məhvə məhkumdur. Azərbaycan dövlətinin, Ordusunun gücünü nəzərə almayan bu ölkənin müqəddəratı sual altındadır. Paşinyan hakimiyyəti son variant olaraq 100 minlik könüllülər ordusu yaratmaq istəyir və buraya Livandan gələn erməniləri də cəlb etmək fikrindədir. Əslində, bu, terrorçu ordu olacaq. Ümumiyyətlə, Paşinyanın dünyada baş verən proseslərlə bağlı heç bir məlumatı yoxdur. Livanlılar Cənubi Qafqazda nə baş verdiyini bilirlər. Təbii ki, onlar bir münaqişə zonasından ikinci münaqişə bölgəsinə keçməyi qətiyyən istəməzlər.
Politoloq onu da bildirib ki, Azərbaycanın dövlət siyasətinin mahiyyəti ondan ibarətdir ki, Ermənistanın və onun hakimiyyətinin faşist ideologiyasını, siyasətini ifşa etsin, onların iç üzünü, Paşinyan hökumətinin destruktiv rolunu bütün dünyaya göstərsin: «Haqq-ədalət, beynəlxalq hüquq bizim tərəfimizdədir. Çünki işğalçı Ermənistan 30 ildir Azərbaycan ərazilərini işğal altında saxlayır. Ölkəmizin ərazi bütövlüyü dünya miqyasında tanınır. Azərbaycan öz ərazi bütövlüyünü nəyin bahasına olursa olsun bərpa edəcək».
Göründüyü kimi, Paşinyanın Qarabağa səfəri göstərir ki, bu işğalçı dövlət münaqişənin danışıqlar yolu ilə həllində maraqlı deyil. Paşinyan nəinki siyasi cəhətdən natamam fiqur olmaqla kifayətlənmir, eyni zamanda özünün və ailə üzvlərinin adı mafiyalar qurmaqda, dağ-mədən sənayesi məhsulları, silah satışı və siqaret alverində hallandırılır. Onun Qarabağa səfəri də məhz ailə biznesini genişləndirmək, Azərbaycanın işğal olunmuş ərazilərindən qızıl və digər metalların qeyri-qanuni istismarındakı payını götürmək niyyəti daşıyır.
Azərbaycan dövləti ərazi bütövlüyünü təmin etmək üçün hər an güc variantından istifadə etmək hüququna malikdir
Lakin N.Paşinyan anlamalıdır ki, danışıqlar masasına gəlməyən anda Azərbaycan dövləti ərazi bütövlüyünü təmin etmək üçün hər an güc variantından istifadə etmək hüququna malikdir. İşğalçı dövlət yeni hərbi təxribatlara əl atdığı təqdirdə Azərbaycan birmənalı şəkildə düşmənə layiqli cavab verəcək. Bunun üçün isə Azərbaycanın kifayət qədər iqtisadi və hərbi gücü, eyni zamanda dövlətin siyasi iradəsi və xalqın əzəli torpaqlarını geri qaytarmaq əzmi mövcuddur.
Beləliklə hadisələrin gedişi göstərir ki, küçə nümayişi ilə hakimiyyətə gələn və faktiki olaraq ölkəni idarə etmək üçün siyasi təcrübəsi olmayan Paşinyan özünü nəinki daxili auditoriya, həm də beynəlxalq aləm qarşısında pis vəziyyətdə qoyub. Bütün bunlar isə Paşinyana və onun rəhbərlik etdiyi Ermənistana yaxşı heç nə vəd etmir.
İflasa uğradıqdan sonra yeni təxribatlara əl atan, yalandan və siyasi blefdən peşəkarlıqla istifadə edən Ermənistan hakimiyyəti artıq anlamalıdır ki, Azərbaycan xalqı işğal altındakı torpaqlarını tezliklə azad edəcək. Haqq, ədalət mübarizəsində yenə də məğlub Ermənistan olacaq.