"Türkiyə-Azərbaycan media platformasının yaradılması kimi addımlar son illərdə çox olub. Hətta türkdilli ölkələrin media qurumlarının bir platforması da yaradılmışdı ki, ora bütün Türk Respublikaları daxil idi. Bir neçə dəfə də, bu cür cəhdlər olub, amma təəssüf ki, yarımçıq qalıb". Bunu Diaspor info-ya açıqlamasında 525 Qəzetini baş redaktoru Rəşad Məcid deyib.
Onun sözlərinə görə, əvvəllər başlanğıc üçün çox gözəl sözlər deyilsə də, bu cür platformaların fəaliyyəti daha sonra isə zəifləyir: "Yeni yaradılan media platformasına uğurlar arzu edirəm. Ümid edirəm ki, bu media platformasının da taleyi özündən əvvəlkilər kimi olmayacaq və davamlı fəaliyyət göstərəcək".
R.Məcid bildirib ki, Azərbaycan bütün sahələrdə Türkiyə ilə əməkdaşlıq edir, o cümlədən də mətbuat sahəsində: "Düşünürəm ki, iki ölkə arasında mətbuat əlaqələrini daha da genişləndirmək lazımdır və bu daimi bir prosesdir. İnformasiya texnologiyalarının indiki inkişafını nəzərə alaraq demək olar ki, bu gün əlaqələr qurmaq daha asandır. Türkiyə-Azərbaycan media platformasının aktiv işləməsi üçün hazırda geniş imkanlar var. Fikrimcə bu işin səmərəliliyini artırmaq üçün icraçı qurum olmalıdır".